Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən toplantının sonunda Avropa İttifaqı ölkələri və Şərq Tərəfdaşlığı Proqramı dövlətlərinin liderləri birgə sənəd imzalayıblar.
Sənəddə Belarusla bağlı ayrıca bənd olub. Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində qəbul olunan bəyannamənin Belarusla bağlı bəndinə qoşulmayıb.
Maraqlıdır, həmin bəndə nə qeyd olub və Azərbaycanın belə mövqe sərgiləməsi Avropaya mesajdırmı?
Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib ki, bəyannamədə Belarusla bağlı sənəd Azərbaycanın xarici siyasətinə əks olduğundan rəsmi Bakı tərəfdaşlıq mövqeyini bölüşmədi:
“Bu bəyannamədə Azərbaycan üçün çox mühim məsələlər əks olunmuşdu. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəklədiyini bəyan etmiş oldu. Belarusla bağlı sənəd isə Azərbaycanın mövqeyinə uyğun deyildi. Buna görə də bəyannaməni qeyd-şərtlə qəbul etdi. Həmçinin, Azərbaycanın digər qeyd-şərti birgə bəyannamənin texniki bəndi ilə bağlı idi ki, bu da münaqişənin təsirinə məruz qalan ərazilərlə bağlı olan hissədir. Belə ki, sənəddə bildirilir ki, Avropa İttifaqı paytaxtlardan kənarda münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verəcəkdi. Azərbaycan məhz bu məsələni də qəbul etmədi.
Azərbaycan və Belarus arasındakı əlaqələr əsas dostluq münasibətləridir. Öz xarici siyasətinə uyğun olaraq dəfələrlə bir çox məsələlərdə birgə bəyannamələrə qoşulmayıb və ya onu dəstəkləməyib. Bura həmçinin Ukraynanın Krım, Gürcüstanın Rusiya ilə çətin vəziyyətdə olanda enerji məsələsini aid edə bilərik. Digər məsələlərdə də Azərbaycan öz siyasi xəttinə sadiq qalır və dostlarına sədaqət nümayiş etdirir. Bu baxımdan da bəyannamənin Azərbayan tərəfindən dəstəklənməməsi normal qarşılanmalıdır və bu, Azərbaycanın öz seçimidir”.