Ötən gün Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüş keçirib və nəticələrə dair bəyanat yayıb.
Bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sabitliyin bərqərar olunması üçün hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib.
Maraqlıdır, Avropa İttifaqı Soçi görüşündən sonra Cənubi Qafqazdakı məsələlərə müdaxilə edə biləcəkmi?
Defakto.az modern.az-a istinadən xəbər verir ki, deputat Sabir Rüstəmxanlı hesab edir ki, Azərbaycan və Ermənistan münasibətləri həmişə beynəlxalq təşkilatların diqqət mərkəzində olub:
“Azərbaycanın xeyrinə olmasa da, hər halda bölgədə güclənmək istəyən qüvvələr həmişə qarmaq atmaq istəyib. Hamısı bu bölgədə öz maraqlarını qorumaq niyyətindədir. Bir hissəsi sırf xristian marağı ilə Ermənistanı hər zaman dəstəkləyib. Amma bütün münaqişələrin cavabını hər zaman Azərbaycan Ordusu verib.
Əslində bir il əvvəl münaqişəyə Azərbaycan tərəfindən son qoyulub, Ordumuz torpaqları işğaldan azad edib. Bir sülhməramlılar qalıb ki, onlar da burada əbədi deyil. Soçi və Brüssel danışıqları Azərbaycan tərəfinin haqlı olduğunu bildirən danışıqlardır. İndi Azərbaycan Prezidenti ölkəmizin mövqeyini hər görüşdə aydın şəkildə bildirir və mənə elə gəlir ki, ictimaiyyət də bunu artıq dərk edir. Azərbayan bu dəfə də öz mövqeyini aydın şəkildə sərgilədi.
İlham Əliyevin çox açıq verdiyi mesajlardan biri də Laçın dəhlizi ilə bağlı idi. Bu məsələnin qoyuluşu son dərəcə mühümdir və Azərbaycan Prezidentinin diplomatik cəhətdən nə qədər ağıllı olduğunu bir daha göstərir. Hamı gözləyirdi ki, Azərbaycan Prezidenti sıxışdırılacaq, ancaq o bu görüşdən daha güclü çıxdı”.
Deputat Sevil Mikayılova bildirib ki, Avropanın Azərbaycan və Ermənistan arasında görüş təşkil etmək cəhdi çox müsbət haldır:
“Sonda səsləndirilən bəyanatda Azərbaycanın istəklərinin qəbul olunması, münaqişənin bitməsinə dair mesajların səsləndirilməsi və müharibənin nəticələrin aradan qaldırılması ilə bağlı fikirlər ümumilikdə regionun gələcəyinin təminatı üçün çox mühim addımlardı.
Xüsusilə bu görüşdə dəmir yolu və avtomobil yolunun açılması ilə bağlı fikirlərin səsləndirlməsi çox vacib idi. Orada Prezidentimizin səsləndirdiyi fikirlər Azərbaycan xalqının irədəsinin təcəssümü idi. Bu da əlbəttə ki, çox qürurvericidir. Prezidentin Laçın dəhlizinin Zəngəzur dəhlizi ilə eyni rejimdə fəaliyyət göstərə biləcəyini bəyan etməsi ermənilərə çox aydın bir mesaj oldu. Düşünürəm ki, beynəlxalq təşkilatlarda da yaranmış qətiyyət xalqların gələcək müqəddəratını təyin etməkdə yardımçı olacaq”.
Deputatı Sahib Alıyev qeyd edib ki, məsələ bitib, Ermənistan baş naziri Nikol Paşinyanın ötən il noyabrın 10-da imzaladığı təslimçilik aktında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdən başqa ayrı yolu yoxdur:
“Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistanın dövlət başçıları arasında keçirilən görüşün nəticəsi haqda rəsmi bəyanatı məhz bundan xəbər verir.
Sənəddə açıq şəkildə vurğulanır ki, Avropa Birliyi üçtrəfli Bəyanatda nəzərdə tutulan öhdəlikərin yerinə yetirilməsini, Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasını, bununla bağlı birbaşa danışıqlara başlanmasını, minalanmış ərazilərinin xəritələrinin tam təqdim edilməsini, itkin düşmüşlərlə(birinci Qarabağ savaşı zamanı bizim 4 minə yaxın belə soydaşımız olub) bağlı dəqiq bilgilər verilməsini istəyir. Brüssel səhrədlərin dəqiqləşdirilməsinin də tezləşdirlməsinin tərəfdarıdır və bu yöndə kömək edə biləcəyini də diqqətə çatdırır.
Ermənistanın baş naziri Nikol Paşinyan özünə xas populistliklə bunu qələbəsi kimi təqdim etməyə çalışsa da, dəhliz məsələsində də Avropa Birliyinin sərgilədiyi mövqe bununla bağlı indiyə kimi stol üzərində olan digər təklifdən açıq deməliyik ki, Azərbaycanın maraqları baxımından daha əlverişlidir.
Paşinyan dəhlizdən danışarkən burada gömrük və sərhəd qaydalarına əməl olunacağını vurğualıyır. Amma onun açıqlamasında həmən qaydaların tərəflərin suverenliyinin qarşılıqlı gözlənilməsi şərtiylə tətbiq ediləcəyi də öz əksini tapıb ki, bu da Prezident İlham Əliyevin Zəngəzur dəhlizində Ermənistan gömrük postu və sərhəd məntəqəsi qurduğu halda Azərbaycanın da Laçın yolunda da oxşar addım atmaq haqqının olduğu haqda tələbinin yerinə yetirilməsi deməkdir. Və bu, o deməkdir ki, Ermənistandan Qarabağa gələnlərlə gətirilənlər artıq Rusiyanın oradakı hərbi kontingentinin deyil, Azərbaycan sərhədçi və gömrükçülərinin kontrolundan keçəcək.
Beləliklə, Brüssel danışıqlarından və danışıqların sonunda Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin rəsmi açıqlamasından gəldiyim nəticə bundan ibarətdir ki, rəsmi Bakının xarici siyastətdəki balanslı davranışı postkonflikt dönəmində də davam edəcək. Azərbaycanla Ermənistan arasında vasitəçilikdə inhisarçılıq yoxdur və olmayacaq. Və əgər Ermənistan rəhbərliyi milli maraqlardan çıxış etmək istəsə, ümumiyyətlə vasitəçiyə ehtiyac qalmayacaq. Amma bütün hallarda cəbhədə olduğu kimi danışıqlarda da dominant və diqtə edən tərəf rolunda Azərbaycan çıxış edir, edəcək.
Sonda onu da qeyd edim ki, bəziləri Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsini gözdən salmaq üçün Zəngəzur dəhliziylə Laçın yolunun eyni status daşımasının guya Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsinin gələcəkdə Ermənistanın bir hissəsi sayılması təhlükəsini yaratdığını bildirirlər. Sərsəmləmədir. Bütün dünya, Rusiya özü də Prezidenti səviyyəsində Qarabağın da Naxçıvan kimi Azərbaycan torpağı olduğunu deyir. Hətta Paşinyan belə arada buna eyham vurur. Və bir də heç kəs yaddan çıxarmasın ki, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsi dedikdə söhbət ətrafında Azərbaycan ordusunun iyrimiyə yaxın hərbi hissəsinin, yüzdən artıq döyüş-xidmət postunun və yaxın gələcəkdə yüz minlərlə soydaşımızın yerləşəcəyi torpağımızdan gedir”.