Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın iddialarının əsassız sayılması hüquqi baxımdan Azərbaycanın mövqeyini daha da gücləndirib | DEFAKTO.AZ Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın iddialarının əsassız sayılması hüquqi baxımdan Azərbaycanın mövqeyini daha da gücləndirib – DEFAKTO.AZ

Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın iddialarının əsassız sayılması hüquqi baxımdan Azərbaycanın mövqeyini daha da gücləndirib

73

Bu ilin sentyabr ayında Ermənistan Azərbaycana qarşı Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsinə “İrqi ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” konvensiyanın pozulması ilə bağlı iddia vermişdi. Daha sonra Azərbaycan tərəfi də bu ittihamlara qarşılıq olaraq iddia qaldırdı. Buna görə dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən hər iki ölkənin qaldırdığı iddialar əsasında məhkəmə baxışından sonra Ermənistanın iddiaları təmin edilmədi. Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın iddialarının əsassız sayılması hüquqi baxımdan Azərbaycanın mövqeyini daha da gücləndirdi.

Defakto.az azertag.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Yalçın Hacızadə deyib.

O bildirib ki, Ermənistan müharibədən sonra dövlətimiz tərəfindən saxlanılmış, daha sonra cinayət məsuliyyətinə cəlb edilmiş hərbi qulluqçularının “müharibə əsiri” kimi qiymətləndirilməsini və geri qaytarılmasını iddia etsə də, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın təqdim etdiyi sübutlara əsasən işğalçı dövlətin iddiasını qəbul etməyib. Məhkəmə bu qərarı ilə Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədlərini tanıdığını, həmçinin onun ərazisində digər ölkənin hərbi qulluqçularının təxribat törədən zaman saxlanılmasını bu qərarında sübuta yetirib. Bundan əlavə saxlanılan erməni hərbçilərinin “müharibə əsiri” kimi deyil, terrorçu kimi qiymətləndirilməsi və bütün bunların Azərbaycanın suveren hüququ olması Beynəlxalq Ədalət Məhkəməsinin qərarında göstərilib.

Ermənistanın rədd olunan digər iddiası isə Bakıda Hərbi Qənimətlər Parkının bağlanmasına dair tələbi idi. Bu iddianın da heç bir hüquqi-siyasi əsası olmadığı üçün Azərbaycanın xeyrinə yekunlaşdı. Ona görə ki, bu parkda irqi ayrı-seçkiliyi təbliğ edəcək və ya hansısa milləti təhqir edəcək hal yoxdur. Həmçinin dünyanın bir çox ölkələrində, mədəniyyət və turizm şəhərlərində müharibəni, qələbəni simvolizə edən parklar vardır. Həm də ermənilərin iddiasının tam əksinə demək olar ki, Qənimətlər Parkı müharibənin, işğalın, terror siyasətinin nə qədər ağır nəticələrə səbəb olduğunu, kimlərinsə faşist maraqlarına görə insanların qətl edildiyini göstərmək üçündür bir vasitədir.

“Ermənistanın guya Azərbaycan tərəfindən ermənilərə qarşı törətdiyi “müharibə cinayətlərinin” lazımınca araşdırılmamasına dair iddiası da Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilib. Ermənistanın belə bir iddia irəli sürməsi, əslində, çox gülüncdür. Birinci Qarabağ müharibəsində Xocalı soyqırımını törədən, minlərlə dinc vətəndaşımızı ən ağır formada, zülm edərək qətl edən, İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgəsindən uzaq, mülki əhali yaşayan şəhərləri qadağan olunmuş raketlərlə atəşə tutan ölkə Azərbaycanı müharibə cinayətlərini lazımınca araşdırmamaqda ittiham edir. Bütün bunlar terror dövləti olan, təqsirkar Ermənistanın öz əməlini ört-basdır etməyə çalışmasıdır.

Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddialarını əsassız sayması onu göstərir ki, Beynəlxalq təşkilatlar artıq Ermənistanın vandal hərəkətlərinin, işğalçı, həmçinin cinayətkar siyasətinin nədən ibarət olduğunu görür, bilir və dərk edirlər”, – deyə Yalçın Hacızadə vurğulayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir