Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəsinin Ermənistanla əlaqələri barədə verdiyi son açıqlamalarından sonra yaşanan proseslər Azərbaycan ictimaiyyəti tərəfindən ciddi izlənilir. O, Türkiyə ilə Ermənistan arasında ikitərəfli əlaqələrin normallaşması istiqamətindəki addımları müzakirə etmək üçün xüsusi nümayəndə təyin ediləcəyini söyləyib. Bundan başqa, İstanbulla İrəvan arasında çarter reysləri də bərpa olunacaq.
Qeyd edək ki, Ankara Ermənistanın müstəqilliyini tanısa da, eyni addımı rəsmi İrəvan atmayıb və 1993-cü ildən keçmiş Dağlıq Qarabağ konfliktinə görə Türkiyə işğalçı ölkə ilə sərhədləri bağlayıb.
Buna dair bir sıra suallar səslənməkdədir.
Bu, 2008-2009-cü illərdəki Sürix prosesindən nə ilə fərqlənir? Azərbaycan durumdan narazı deyil ki? Bu, ölkəmizə lazımdırmı? Ermənistanla Türkiyənin yaxınlaşması, sərhədin açılması, təyyarə reyslərinin açılması, diplomatik münasibətlərin bərpası Azərbaycana, Qarabağ məsələsinə, bundan sonrakı proseslərə nə vəd edir? Ermənistanın Türkiyə üçün önəmi nədir? Bəs Türkiyə sərhədləri açsa, bu, Ermənistan üçün nəfəslik olmayacaqmı?
Onu da qeyd etməyi vacib bilirik ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son aylar Ermənistana bir neçədə dəfə çağırış etdi, onu sülhə, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırdı. Bildirdi ki, bunun qarşılığında Türkiyə Ermənistana barış əlini uzadar, sərhədləri açar, siyasi-diplomatik münasibətləri bərpa edər. Hətta Gürcüstan bu prosesdə öz vasitəçilik missiyasını təklif etdi. Görünür, artıq Ermənistan Türkiyənin bu şərtlərini qəbul edib və hələlik ictimaiyyətə açıqlanmayan razılaşmalar əldə olunub. Prosesin Azərbaycanın xeyrinə getdiyi şübhəsizdir.
Ana Vətən Partiyanın sədri, deputat Fəzail Ağamalı deyir ki, narahatlığa heç əsas yoxdur: “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və bunun Ermənistan tərəfindən tanınması prosesi uğurla gedir. Əlbəttə, bunun ilk təməlini 44 günlük Vətən müharibəsində qəhrəman ordumuz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında təmin etdi. Yəni məsələnin fundamenti o zaman qoyulub. Sonrakı keçən zaman kəsiyində həm də diplomatiyada Ali Baş Komandan statusunu daşıyan çox mahir bir diplomat kimi fəaliyyətini quran cənab Prezident bütün istiqamətlərdə əldə olunan qələbəni möhkəmləndirmək və bunu hüquqi müstəviyə keçirib təsbit etmək, bütün imkanlardan yararlanmaq üçün çox ciddi addımlar atır. Təkrar etməyə ehtiyac yoxdur ki, Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin imzalamış olduğu 3 sənədin hər biri heç şübhəsiz ki, ölkəmizin milli maraqlarına tamamilə uyğundur. Ərazi bütövlüyümüzün təmin edilməsi üçün ilkin hüquqi bazadır. Son olaraq, Brüsseldə Avropa İttifaqı Şurasının sədri Mişellə keçirilən görüşlər və Avropa İttifaqının rəhbəri olan bir nüfuzlu şəxsin açıqlamış olduğu bəyanat Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətində apardığı mübarizəyə daha ciddi bir möhürünü vurdu.
Fəzail Ağamalı: “Rəsmi Bakının razılığı olmadan heç bir addım atılmır”
Diqqət etsəniz, orada Qarabağın statusu məsələsindən söhbət getmədiyini görərsiniz. Qarabağda yaşayan ermənilərin öz müqəddəratlarını təyin etməkdən də söz getmir. Ancaq ərazi bütövlüyümüzü təmin edən amillər nəzərə alınmaqla kommunikasiyaların açılması, sərhədlərin müəyyən edilməsi, Azərbaycanla Ermənistan arasında sülhə, əməkdaşlığa əsaslanan münasibətlərin qurulması istiqamətində müsbət addımlar atılmaqdadır. Bütün bunlar ölkə prezidentinin siyasətinin və qarşıya qoyduğu vəzifələrin tam tərkib hissəsidir. Bütün bunların müqabilində, əlbəttə, sammitdən bir gün öncə, yəni cənab Prezidentin Brüsseldə olduğu vaxt Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamaları tamamilə yerinə düşürdü. Burada narahatedici məqamlar demək olar ki, yoxdur. Qardaş ölkənin mövqeyi bir daha ortalığa qoyuldu ki, Ermənistanla olan bütün məsələlər Azərbaycanla məsləhətləşdirilir. Bu o deməkdir ki, rəsmi Bakının razılığı olmadan heç bir addım atılmır. Açıq tekstlə bu, dəfələrlə ifadə olunub. Brüssel görüşü ərəfəsində Avropa İttifaqı, Ermənistan da Türkiyədən müəyyən təminat almaq arzusunda olublar. Bunu da artıq Türkiyə verdi. Yəni təminat verildi ki, biz Ermənistanla münasibətlərin qurulması, sərhədlərin açılması üçün müəyyən addımlar atmağa hazırıq”.
Deputat fikirlərinə bu cür davam etdi: “Yenə deyirəm ki, bütün məsələlərin Azərbaycanla razılaşdırılacağı qeyd olunub. Türkiyə və Ermənistan tərəfindən sərhədlərin açılması ilə bağlı səlahiyyətli şəxslərin müəyyən edilməsi də qardaş ölkənin Avropa İttifaqına, Ermənistana vermiş olduğu təminat kimi qəbul edilməlidir. Bu mövqe 2008-2009-cu illərdəki sülh prosesindən tamamilə fərqlənir. O zaman Azərbaycanla hər hansı bir razılaşma yox idi, məsləhətləşmələr aparılmırdı. Sadəcə olaraq, dünyanın güc mərkəzləri Türkiyəyə təhdid və təzyiq edirdi ki, Ermənistanla sərhədlərini açsın. Bunun üçün Sürix protokolu da hazırlandı və imzalandı. O zaman Türkiyə tərəfindən qəbul edilən sənədi ölkə parlamenti ratifikasiya etmədi. Onu da etiraf etmək lazımdır ki, həmin proseslərin əsas iştirakçılarından biri kimi etiraf edim ki, ilk növbədə ölkə Prezidentinin qətiyyətli davranışı, addımları, qəti mövqeyi rəsmi Ankaraya bu addımları sona qədər atmağa imkan vermədi, bir növ çəkindirdi. Digər tərəfdən, 2009-cu ildə təşəbbüsümüzlə qardaş ölkənin Milliyyətçi Hərəkat Partiyasından, eləcə də həmin vaxt Dəniz Baykalın sədr olduğu Cümhuriyyət Xalq Partiyasının 7 millət vəkilinin Azərbaycana dəvət olunması, Milli Məclisdə təmsil olunan partiyalarla müzakirələr aparılması, sonda çox əhəmiyyətli bir qərarın qəbul edilməsi, sərhədlər açılarsa, bunun Türkiyə-Azərbaycan əlaqələrinə, bütövlükdə türk dünyasına olan bir xəyanət kimi qiymətləndirilməsi, türk xalqının birmənalı şəkildə yanımızda olması Sürix protokolunun Türkiyə Böyük Millət Məclisində ratifikasiya edilməsinə mane olan amillərdən biri sayılmalıdır. Səhv etmirəmsə, 2009-cu ilin may ayında çox hörmətli Rəcəb Tayyib Ərdoğan böyük bir komandası ilə ölkəmizə səfər etdi. Milli Məclisin qarşısında etmiş olduğu çıxışda deməsi ki, nə qədər Azərbaycan torpaqları işğal altındadır, Türkiyə-Ermənistan arasında əməkdaşlıq qurulmayacaq, sərhədlər açılmayacaq kimi birmənalı şəkildə söyləmiş olduğu bəyanat Sürix protokolunu tarixin arxivinə göndərdi. O proseslə indikini müqayisə etmək çox qüsurludur. Tamamilə bir-birindən fərqlənirlər. Vətən müharibəsində qardaş Türkiyə bizimlə oldu. Müharibədən keçən zaman kəsiyində yenə də bizimlədir. Atmış olduqları bütün addımları Azərbaycanda məsləhətləşirlər. Azərbaycanın razılığı olmadan, onun dövlət maraqlarına zidd olan heç bir addım atılmır. Əslində qardaş ölkə Rusiya və Avropa İttifaqı ilə bərabər Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində həlledici rolunu oynamaqdadır. Bütövlükdə qardaş dövlətin hazırkı mövqeyi milli maraqlarımızla tam şəkildə üst-üstə düşür”.