Sosial şəbəkədə Bakının Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevaya aid olduğu iddia olunan səs yazısı yayılıb.
Defakto.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sinif rəhbərlərinə ünvanan səs yazısında valideyn-müəllim assosiasiyası (VMA) tərəfindən yığılan üzvlük haqqını ödəməyən valideynlərdən bu haqqı toplamaq tələb edilir. Qeyd edilir ki, hansı müəllimin sinfində pulu gətirməyən varsa, onu sinif rəhbərləri özləri ciblərindən düzəldib versinlər.
Yayılmış səs yazısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əslində təhsil müəssisəsində toplanan üzvlük haqlarının könüllü olduğu, bununla bağlı hər hansı məcburiyyətin olmamadığı bildirilir.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, yayılmış səs yazısı araşdırılır: “Paytaxtdakı 189-190 nömrəli tam orta məktəbin direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.