Azay Quliyev: Bu platforma bölgənin inkişafına, tərəqqisinə yardım edəcək | DEFAKTO.AZ Azay Quliyev: Bu platforma bölgənin inkişafına, tərəqqisinə yardım edəcək – DEFAKTO.AZ

Azay Quliyev: Bu platforma bölgənin inkişafına, tərəqqisinə yardım edəcək

78

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev teleqraf.com saytına müsahibə verib. Həmin müsahibəni Defakto.az saytı Sizə təqdim edir.

– Azay müəllim, Moskvada artıq “3+3” formatı çərçivəsində ilk görüş baş tutub. Bu platforma regional əməkdaşlıq, proseslərin irəliyə aparılması baxımından nə dərəcədə təsirli ola bilər?

– Bu formatın müəllifi Azərbaycan Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Belə bir platforma bölgənin inkişafına, tərəqqisinə yardım edəcək. Arzulanan o idi ki, bu format tam, yəni “3+3” olsun. Amma Gürcüstanın hazırkı rəhbərliyi hesab edir ki, Rusiya ilə münasibətlər tənzimlənməyənə və yaxud müəyyən suallara aydınlıq gətirilməyənə qədər onlar bu prosesdə iştirak etməyəcəklər. Amma bu heç də platformanın gücünü, əhəmiyyətini azaltmır. Onsuz da tətbiq edilən “3+2” formatı Azərbaycanın Zəngəzur dəhlizi üzərindən Türkiyəyə, Avropaya və əksinə Orta Asiyaya, Çinə qədər uzanan bir nəqliyyat xəttini əhatə edəcək. Bu, bütövlükdə strateji baxımdan çox mühüm bir əhəmiyyətə malikdir. Moskvada artıq xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşün baş tutması müsbət bir haldır. Artıq bu o deməkdir ki, görüşlər birbaşa xarici siyasətə məhsul olan qurumların nümayəndələrinin iştirakı ilə keçirilir. Bu da onu deməyə əsas verir ki, “3+2” formatı həmin ölkələrin xarici siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edəcək. Əlbəttə, bundan sonra proseslərin hansı sürətdə irəliləməsi tərəflərin iradəsindən asılı olacaq. Burada Ermənistanın zəif bənd olduğunu hər kəs bilir. Ancaq ümid edirik ki, Ermənistan bu formatda heç olmasa, pozuculuq mövqeyindən çıxış etməyəcək. Arzulanan odur ki, Ermənistan bu məsələdə konstruktiv mövqedən çıxış etsin. Lakin bu məsələdə Türkiyə və Rusiyanın mövqeyi Azərbaycanla üst-üstə düşdüyündən Ermənistanın başqa seçimi yoxdur. Ona görə də inanıram ki, “3+2” formatı növbəti aylarda öz müsbət dinamikasını göstərəcək. Digər bir məqam isə ondan ibarətdir ki, Moskva görüşündə çox doğru bir qərar qəbul edildi ki, 6 aydan bir rotasiya qaydasında hər ölkə bu tədbirə ev sahibliyi etsin. Bunun müsbət tərəfi odur ki, artıq konkret çərçivə müəyyənləşib. Xarici işlər nazirləri müavinlərinin görüşü haqqında, qrafik və dövrülüyü ilə bağlı konkret qərar verilib. Burada 6 ay müddəti çox yaxşıdır. Eyni zamanda rotasiya qaydasının müəyyənləşməsi daha məqsədə uyğun bir yanaşmadır. Növbə ilə platformada yer alan ölkələr bu tədbirlərə ev sahibliyi etməklə həm də məsuliyyəti üstlənmiş olacaqlar. Bu da ölkələri daha çox ciddi qərarlar qəbul etməyə sövq edəcəkdir. Məhz bu baxımdan da Moskva görüşünün əhəmiyyəti yüksək qiymətləndirilir. Bu Azərbaycanın strateji baxımdan maraqlarının təminatı istiqamətində atılmış növbəti uğurlu bir addımdır.

– Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın haqlı mövqeyi ilə bağlı vermiş olduğu qərarın bundan sonrakı siyasi, hüquqi müstəvidə əhəmiyyətini necə dəyərləndirirsiniz?

– Beynəlxalq Ədalət Məhkəməsinin qərarı həm hüququ, həm də siyasi baxımdan Azərbaycan üçün çox böyük bir uğurdur. Bu həm də ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi, ədalətin qalib gəlməsi baxımından da mühüm hadisədir. Azərbaycan Vətən müharibəsində və ondan sonrakı mərhələdə döyüş, siyasət, informasiya, diplomatiya meydanında həlledici və birmənalı olaraq qələbə qazanıb. Məhz beynəlxalq hüquq müstəvisində belə bir uğurun əldə olunması çox vacib idi. Bunun faydası bir neçə istiqamətdə özünü gösətərəcək.

Birincisi, ermənilərin artıq təbliğat müstəvisinə çıxardığı “hərbi əsirlər”in dərhal azad olunması tələbinə Beynəlxalq Ədalət Məhkəməsi səviyyəsində aydınlıq gətirildi və bu “tələb”in əsasız olması haqqında qərar verildi. Artıq ermənilərin əlindən çox ciddi bir anti-Azərbaycan “tezisi” alındı. Bu bizə imkan verəcək ki, Azərbaycana qarşı toparlanan erməni lobbisi çox böyük bir “silahdan”, “arqumentdən” məhrum olsun. Bilirsiniz ki, erməni lobbisi bir çox ölkələrdə Niderland, Fransa, ABŞ-ın ayrı-ayrı ştatlarında və başqa Avropa ölkələrinin parlamentlərində Azərbaycana qarşı məhz erməni “hərbi əsirlərin” azad olunması haqqında “qətnamələr” qəbul etməyə “nail” olmuşdu. Artıq bundan sonra ağlı başında olan istənilən siyasətçi, özünə hörmət edən istənilən parlament, millət vəkili Ermənistanın və erməni lobbisinin bu “təbliğatına” uymamışdan öncə iki dəfə fikirləşməli olacaq. Çünki Azərbaycanın əlində artıq Beynəlxalq Ədalət Məhkəməsinin qərarı var. Bu qərar Ermənistanın bu iddiasını rədd edir.

İkincisi, Ermənistan tərəfindən Azərbaycanı beynəlxalq aləmdə “insanlıq” əleyhinə fəaliyyət göstərən, guya diskriminativ və nifrət “mövqe”yi sərgiləyən ölkə kimi və Hərbi Qənimətlər Parkının bağlanması məsələsini qaldırılmışdı. Bu haqsız “tələb” də Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edildi. Çünki bu “tələb”in özü qanunsuz idi. Dünyada belə təcrübələr az deyil. Azərbaycan da bu təcrübədən faydalanıb. Ermənilər hər dəfə bu Parka baxdıqca özlərinin məğlub simalarını, obrazlarını görürlər, mənəvi baxımdan özlərini alçalmış hesab edirlər. Bu isə onların problemləridir. Çünki, Ermənistan bunu ərazilərimizi işğal etməmişdən qabaq fikirləşməliydi ki, Azərbayan gec-tez öz torpaqlarını azad edəcək və onu kapitulyasiya aktına imza atmağa vadar edəcək. Ona görə də, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanla bağlı bu məsələdə vermiş olduğu qərar yeni perspektivlər açır. Bununla da ölkəmizin əleyhinə çevrilən bu iki “arqument” sıradan çıxarılır.

– Bu qərarın gələcək perspektiv baxımından president olacağı ilə bağlı nə demək olar?

– Məhkəmənin vermiş olduğu bu qərar sözsüz ki, gələcək üçün yeni perspektivlər açır. Azərbaycan öz haqlı mövqeyini digər beynəlxalq məhkəmə müstəvilərində müdafiə etməkdə davam edəcək. Avropa İnsan Haqları Məhkəməsinin bu ilin iyun ayında verdiyi qətnamələr və qərarlar var. Burada da ermənilərin “hərbi əsir”lərin buraxılması ilə bağlı vermiş olduğu vəsatət rədd edilmişdi. İndi isə bu müstəvini biz genişləndirməliyik. İlk növbədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ölkəmizə dəymiş iqtisadi zərərin ödənilməsi ilə bağlı məsələni uğurla başa çatdırmalıyıq. Cənab Prezidentin bununla bağlı xüsusi tapşırığı var. İşğal vaxtı Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərən şirkətlərlə bağlı sənədlər hazırlanıb. Artıq bu istiqamətdə işlər yekunlaşır. Növbəti məhkəmələrdə qazanacağımız uğur o olacaq ki, həmin şirkətlərin məsuliyyətə cəlb edilməsinə nail olunacaq və onların Azərbaycana ağır təzminat ödəməsi təmin ediləcək. Bundan sonrakı addım Azərbaycanın işğal dövründə ekologiyasına, maddi-mənəvi dəyərlərinə, dağıdılmış şəhər və kəndlərinə görə, Ermənistan hüquq qarşısında cavab verməsidir. Burada üçüncü bir amil Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlıdır. I Qarabağ müharibəsi, Xocalı Soyqırımı və digər qanlı cinayətlərə görə, eyni zamanda II Qarabağ müharibəsində konkret olaraq Azərbaycanın mülki əhalisinə, Gəncəyə, Bərdəyə, Tərtərə və digər yaşayış məntəqələrinə Ermənistan tərəfindən qəsdən edilmiş hücumlara, ballistik raketlərlə gecə vaxtı yatan bir şəhərin bombalanmasına görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin hüquq qarşısında cavab verməsi məsələləri qaldırılacaq. Qarşıda duran əsas vəzifə bu olmalıdır ki, törədilən beynəlxalq hərbi cinayətlərə görə, Ermənistan cavab versin, haq-ədalət bərqərar olsun. Dördüncü məsələ isə I Qarabağ müharibəsində itgin düşmüş, əsir və girov götürülmüş 4 minə yaxın vətəndaşlarımızın taleyinin qeyri-müəyyən olmasıdır. Ermənistan hər vəchlə bu haqda məlumatları gizləyir. Bununla bağlı da Azərbaycanın tutarlı arqumentləri mövcuddur. Bunun əsasında da müəyyən məhkəmə prosedurlarını işə salmaqla Ermənistan məcbur edilə bilər ki, bu məlumatları təqdim etsin.

Nəhayət, 5-ci istiqamət mina xəritələri ilə bağlı ola bilər. Çünki indiyə kimi erməni tərəfinin təqdim etdiyi mina xəritələrinin çoxu saxtadır. Sonuncu təqdim edilən mina xəritələrinin ekspertizası davam edir. Amma istənilən halda Azərbaycanın beynəlxalq müstəvidə qaldıracağı ittiham aktlarının birində Ermənistanın bilərəkdən bizə yalan məlumat verməsinə və işğal dövründə azərbaycanlıları öldürmək üçün qəsdən basdırdığı minaların partlaması nətiəcində həlak olan və yaralanan yüzlərlə soydaşımızın həyatına görə məsuliyyət daşıması məsələsi qoyulmalıdır.

Ermənistanın məhz buna görə cəzalandırılması tələb ediləcəyi qaçılmazdır. Əminəm ki, bütün bu istiqamətlər üzrə müvafiq qurumlar lazımı tədbirləri həyata keçirirlər. İnanıram ki, gələcəkdə bu beş əsas istiqamət üzrə biz beynəlxalq məhkəmələrdə öz hüquqlarımızın bərpa olunması, Ermənistanın törətdiyi cinayətlərə görə cəzalandırılması məsələsinə də nail olacagıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir