Xəzər rayonu Qala qəsəbəsi sakini olan bir nəfər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat verərək ona məxsus avtomobilin akkumulyatorunun naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən Defakto.az-a verilən məlumata görə, həmin ərazidə yaşayan daha 9 sakindən Polis Bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da avtomobillərindən müxtəlif vaxtlarda akkumulyatorların oğurlandığı qeyd edilib. Hadisələrin bir-birinə yaxın yaşayış mərkəzlərində və oxşar üsullarla baş verməsi polis əməkdaşlarında oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.
Məlumatlar daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər dəfələrlə məhkum olunmuş Arzu Əliyev, Şahlar Ağayev, Azad İbrahimov və Yasər Məmmədov saxlanılıblar. Onlar ifadələrində Qala, Binə və ətraf qəsəbələrdə qeyd edilən oğurluqları törətdiklərini etiraf ediblər və akkumulyatorları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.
Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.