Politoloq Yalçın Hacızadə: Kəlbəcərin qaytarılması Ermənistan məğlubiyyətinin və işğalçı dövlət kimi tanınmasının təsdiqi idi | DEFAKTO.AZ Politoloq Yalçın Hacızadə: Kəlbəcərin qaytarılması Ermənistan məğlubiyyətinin və işğalçı dövlət kimi tanınmasının təsdiqi idi – DEFAKTO.AZ

Politoloq Yalçın Hacızadə: Kəlbəcərin qaytarılması Ermənistan məğlubiyyətinin və işğalçı dövlət kimi tanınmasının təsdiqi idi

82

Kəlbəcər İkinci Qarabağ müharibəsində qazanılmış Qələbənin hüquqi və siyasi nəticəsi olaraq Ermənistanın kapitulyasiyasından sonra Azərbaycana qaytarıldı. Kəlbəcərdən erməni silahlı birləşmələrinin çıxarılmasının digər önəmli tərəfi isə rayonun silah və güc tətbiq edilmədən azad edilməsi oldu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri ötən il noyabrın 10-da üçtərəfli Bəyanat imzaladılar. Bəyanata əsasən, işğalçı Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxmaq məcburiyyətində qaldı. Müharibənin gedişi zamanı Azərbaycan Prezidenti İlham Əliyev müsahibə və çıxışlarında bildirirdi ki, düşmən torpaqlarımızdan çıxmağının qrafikini rəsmi şəkildə verdikdə döyüş əməliyyatlarını dayandıra bilərik. Üçtərəfli Bəyanatda erməni silahlı birləşmələrinin torpaqlarımızdan çıxması şərtlərinin göstərilməsi Prezident, Ali Baş komandan İlham Əliyevin siyasi iradəsinin, Azərbaycanın Müzəffər Ordusunun gücünün təzahürü idi.

Defakto.a azertag.az saytına istinadən xəbər verir ki, açıqlamasında politoloq Yalçın Hacızadə deyib.

Politoloq bildirib: “Azərbaycan xalqı 27 il idi Kəlbəcərin azad olunmasını səbirsizliklə gözləyirdi. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin sübutu, Ermənistan məğlubiyyətinin və işğalçı dövlət kimi tanınmasının təsdiqi idi. Kəlbəcərin azad olunması, eyni zamanda, dünyanın ən böyük və nüfuzlu təşkilatı hesab edilən BMT-nin illərdir icra olunmayan 822 saylı qətnaməsinin Azərbaycanın özü tərəfindən hərbi-siyasi yolla yerinə yetirilməsi idi.

Kəlbəcərin işğalı nəticəsində minlərlə vətəndaşımız məcburi köçkünə çevrildi. Rayon ərazisində yerləşən şəxsi və dövlət obyektləri, infrastruktur, tarixi-mədəni abidələr dağıdılıb. Həmçinin kəndlərin, obyektlərin tarixi adı dəyişdirilib. İşğalçı Ermənistan bununla kifayətlənməyərək Kəlbəcərin təbiətinə də böyük ziyan vurub.

Qələbəmizdən sonra işğaldan azad edilmiş bütün rayonlarımızda olduğu kimi, Kəlbəcərdə də böyük quruculuq işləri sürətlə həyata keçirilir. Yollar, tunellər, elektrik stansiyaları tikilir və müxtəlif layihələr icra edilir.

Y.Hacızadə vurğulayıb ki, Kəlbəcərin təbiəti, orada yerləşən qədim tarixi abidələr ərazinin turizm potensialını artırır. Yenidən qurulan yollar, tikilən müasir tunellər, ətraf rayonlarda inşa edilən hava limanları Kəlbəcərə insanların gəlişini rahatlaşdırır. Həmçinin təbii mineral suları və filiz yataqları ilə zəngin olan Kəlbəcərin gələcəkdə ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcəyini göstərir.

Tarixi Zəfərimiz nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması təmin olunacaq. Eləcə də iqtisadi və ticari əlaqələrin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun iqtisadiyyatının ümumi arxitekturasının müəyyənləşdirilməsində rolunu daha da möhkəmləndirəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir