Mövlam Şıxəliyev əlini Qurana basdı, and içdi ki… – Məhkəmədə qalmaqal | DEFAKTO.AZ Mövlam Şıxəliyev əlini Qurana basdı, and içdi ki… – Məhkəmədə qalmaqal – DEFAKTO.AZ

Mövlam Şıxəliyev əlini Qurana basdı, and içdi ki… – Məhkəmədə qalmaqal

85

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Defakto.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün baş tutan açıq məhkəmə iclasına jurnalistlər buraxılmayıb. 

Jurnalistlərin məhkəmə iclasına buraxılmaması ilə bağlı heç bir əsaslı səbəb göstərilməyib. Məhkəmədən jurnalistlərə bildirilib ki, hakim Elbəy Allahverdiyev jurnalistlərin prosesdə işturak etməsinə icazə vermir. 

Ötən prosesdə zərərçəkənlərdən Hüseyn Səfərov vəsatətlə çıxış edərək təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərovun həbs edilməsini istəmişdi.

Hüseyn Səfərov vəsatətini belə əsaslndırmışdı ki, məhkəmə binası önündə Vüsal Ələkbərov ona təzyiq göstərir, hədə-qorxu gəlir. Ondan ifadələrindən imtina etməyi və ərizəsini geri götürməyi tələb edir. 

İclasda əvvəlki proseslərdən təqsirləndirilən şəxslər – Vüsal Ələkbərov, Sahib Ələkbərov və YasinMəmmədovun əhvallarının yüksək səviyyədə olmaları ilə fərqlənib. 

Zərərçəkənlər məhkəmə zalında təqsirləndirilən şəxslərin aralarında danışıb-gülmələrinin səbəbini anlamayıblar. 

Hətta hakim Elbəy Allahverdiyev zala daxil olarkən belə hər 3 şəxs gülərək ona əhəmiyyət belə verməyiblər. 

Hakimin “özünüzü yığışdırın” iradından sonra gülüb-danışan Vüsal Ələkbərovun həbsi ilə bağlı vəsatət müzakirəyə çıxırılıb. 

Hakim vəsatətə münasibət bildirmək üçün sözü prokurora verib. 

Prokuror isə vəsatətin qiymətləndirilməsinini məhkəmənin mülahizəsinə buraxıb. 

Bundan sonra hakimlər müşavirəyə yollanıb. 

Müşavirədən qayıtdıqdan sonra vəsatət heç bir səbəb göstərilmədən rədd edilib. 

Bundan sonra zərərçəkən Hüseyn Səfərov sərbəst ifadəsini davam etdirib: “Ötən prosesdə də demişdim, bu quldurlar məni girov götürəndə “KapitalBank”ASC-nin “Tərəqqi” filialının müdiri vəzifəsində işləyirdim. 2008-ci ilin oktyabrın əvvəlində məni tutdular. 67 gün məni MTN  saxladılar. Ailəmdən 3 milyon dollar tələb edirdilər.  Mənə cinayətimin nə olduğunu da demirdilər. Deyirdilər ki, 3 milyon dolları ver, buradan çıx. Verməsən, burada qalacaqsan. Məni “Meşə qardaşları” adlanan qrupun üzvləri ilə bir kameraya salmışdılar. Hədələyirdilər ki, həmin adamları ömürlük cəzaya məhkum edəcəklər. Onlardan ötrü səni öldürmək də heç nədir. Yəni səni öldürsələr belə cəzaları dəyişməyəcək, onsuz da ömürlük alacaqlar. Məni 67 gün ərzində dəfələrlə Mövlam Şıxəliyevin xidməti otağına aparıb mənəvi təzyiq göstərirdilər. Mövlam Şıxəliyev deyirdi ki, pulu verməsən, ömürlük olaraq həbsdə qalacasan, səninlə yanaşı oğlunu da həbs edəcəyik. Ailəm bunların tələb etdikləri pulu toplaya bilmirdi. 60 günə 1 milyon 650 min dollar yığıb bu quldurlara verdilər. Həmin gün mən Vüsal Ələkbərovun kabinetində idim. Oğlum pulu gətirib MTN-in arxa qapısında Vüsala vermişdi”. 

Hüseyn Səfərov daha sonra ifadəsində bildirib ki, hazırda mühakimə olunan şəxslər açıq-aşkar onun ailə üzvlərindən pul verməyi tələb ediblər: “Möhtərəm hakim, bunlar o dərəcədə harınlamışdılar ki, Vüsal Ələkbərov oğluma zəng edərək açıq şəkildə “pulu gətirmisən” deməkdən belə çəkinmirdi. Pulu MTN-in binası yanında oğlumdan alaraq kabinetinə gətirdi. Qara “Nike” markalı çanta idi. Ondan xahiş etdim ki, aç, pula baxım. Açdı, əlimi pula vurdum, Vüsalın üzünə baxdım. Gözləri parıldayırdı. İmkanı olsaydı, sevincindən çırtma çalıb oynayardı. Telefonu götürərək Mövlam Şıxəliyevə zəng elədi. Sevincək şəkildə “Mövlam müəllim, pul gəldi” dedi. O da dedi ki, pulu kabinetimə gətir. Vüsal çantanı götürərək sevinə-sevinə getdi. Az sonra qayıdaraq dedi ki, səni bir neçə günə buraxacağıq. Belə də oldu. Dekabrın 19-da Mövlam Şıxəliyev məni kabinetinə çağırdı. Dedi ki, səni bu gün buraxırıq, amma yerdə qalan 350 min dolları da qısa zamanda verməlisən. Verməsən, səni də, oğlunu da həbs edəcəyik”. 

Hüseyn Səfərov bildirib ki, azadlığa çıxandan sonra yerdə qalan pulu toplaya bilməyib: “2009-cu ilin əvvəlində Vüsal Ələkbərovun yanına getdim. Ona dedim ki, 350 mini düzəldə bilmirəm. Dedi ki, get, evini sat, pulu gətir. Ona dedim ki, mənim bircə evim var, həmin evin də üzərinə həbs qoymusuz. Məktub verdi, evi həbsdən çıxardım və satdım. Qaldırın, işin içində bunun məktubu da, evi həmin məktubdan sonra satdım. Buna dair arayış da işdə var. 350 min dolları da MTN-in binasının arxa tərəfində oğlumun iştirakı ilə şəxsən Vüsal Ələkbərova verdim.  Bu adamların gözləri doymurdu”. 

Sərbəst ifadəsini bitirəndən sonra hakim proses iştirakçılarına müraciət edib, Hüseyn Səfərova suallarının olub-olmaması ilə maraqlanıb. 
Prokuror zərərçəkənə Mövlam Şıxəliyevi nə vaxtdan tanıması, xidməti kabinetində neçə dəfə olması ilə bağlı suallar verib. 
Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyevi həbsindən 1 gün sonra görüb və tanıyıb. Bundan sonra Vüsal Ələkbərovun müşayəti ilə dəfələrlə Mövlam Şıxəliyevin xidməti kabinetində olub: “Hər görüşümüzdə Mövlam Şıxəliyev “pulu nə vaxt çatdırırsız” “pulu nə vaxt verirsiz” suallarını verirdi. Mən də deyirdim ki, uşaqlarım pulu toplaya bilmirlər, nə vaxt düzəltsələr, gətirəcəklər”.

Bundan sonra zərərçəkənlərdən Zaur Əliyev Hüseyn Səfərova bir neçə sual verib. 

Məlum olub ki, Hüseyn Səfərov həbsdə olduğu günlər ərzində barəsində cinayət işi, cinayət təqibi, istintaq hərəkəti olmadan 67 gün qanunsuz və əsassız olaraq MTN-də saxlanılıb: “Məni orada girov saxlayırdılar. Bilirdilər ki, məni azad etsəydilər, tələb etdikləri 3 milyon dolları ala bilməyəcəklər”.

Bundan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov da Hüseyn Səfərova bir neçə sual verib. 

Əvvəllər Vüsal Ələkbərovdan şikayətçi olduğu halda Mövlam Şıxəliyevdən şikayət etməməsinin səbəbi ilə maraqlanıb. Hüseyn Səfərovun cavabı belə olub: “Eldar Mahmudov vəzifədən çıxarılandan sonra Vüsal Ələkbərov həbs olundu. Mən o zaman ondan rəsmi olaraq şikayət etmişdim. O zaman mən Mövlam Şıxəliyevə zəng vurdum, ondan məndən aldıqları 2 milyon dolları geri tələb etdim. O da dedi ki, məsləhət edəcək, mənimlə əlaqə saxlayacaq. Kiminlə məsləhət edəcəyini demədi. Bu gün Mövlam Şıxəliyev buradadır, məsləhət verəninin kimliyini özündən soruşun. Bir neçə gündən sonra onunla bir də əlaqə saxladım. Lakin telefon zənglərimə cavab vermədi”. 

Mövlam Şıxəliyev isə zərərçəkənin yalan danışdığını deyib. Hüseyn Səfərov isə cibindəki Quran kitabını çıxararaq Mövlam Şıxəliyevə uzadıb. O da əlini müqəddəs kitaba uzadaraq baş verənlərdən xəbərsiz olduğunu deyib. 

Növbəti proses noyabrın 30-da davam edəcək. 

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir