Lirəni nə gözləyir? | DEFAKTO.AZ Lirəni nə gözləyir? – DEFAKTO.AZ

Lirəni nə gözləyir?

11

Türk lirəsinin ABŞ dollarına qarşı dəyəri ucuzlaşmaqda davam edir.

Defakto.az “Cumhuriyyet”ə istinadən xəbər verir ki, lirə bu il ABŞ dolları qarşısında 30%-dən çox dəyər itirib.

Məlumata əsasən, Türkiyənin Mərkəzi Bankının uçot dərəcəsini 16%-dən 15%-ə endirməsi lirənin ucuzlaşmasını sürətləndirib. İnflyasiyanın 20 faizə yaxın olmasına baxmayaraq, Mərkəzi Bankın bu qərarı verməsi lirəyə təzyiqi artırır.

Dollar/lirə məzənnəsi ilk dəfə noyabrın 12-si psixoloji hədd olan 10-u ötüb. 

“Bloomberg”in məlumatına görə, türk lirəsi noyabr ayında dollar qarşısında 11 faiz dəyər itirərək inkişaf etməkdə olan ölkələr sırasında ən pis göstərici nümayiş etdirən valyuta olub.

Bəzi analitiklərin fikrincə, türk lirəsinin yeddi həftədir sürətlə ucuzlaşması Türkiyənin valyuta böhranı içərisində olduğunu deməyə əsas verir.

Belə ki, Kanadada yerləşən “TD Securities” investisiya bankının inkişaf etməkdə olan bazarlar üzrə baş strateqi Kristian Maqqio da hazırda Türkiyədə belə bir böhranın olduğunu vurğulayıb. O bildirib ki, türk lirəsinin ucuzlaşmasını dayandırmaq üçün faizləri artırmaq lazımdır və istər-istəməz Türkiyənin Mərkəzi Bankı faizləri yüksəltmək məcburiyyətində qalacaq.

İsveçrədə yerləşən “Swissquote” bankının eksperti İpek Özkardeşkaya isə hesab edir ki, Türkiyədə valyuta böhranı yox, Mərkəzi Bankın müstəqillik böhranı yaşanır: “Pul siyasəti ilə bağlı qərarlar siyasi qüvvələr tərəfindən kölgədə qalır və bu, dəhşətli vəziyyətdir”.

İpek Özkardeşkaya türk lirəsinin sürətlə ucuzlaşmasının iqtisadiyyata olan təsirinə də münasibət bildirib: “Türk lirəsinin ucuzlaşması ölkənin yoxsullaşmasına, iqtisadiyyatın yavaşlamasına və korporativ borc böhranına təkan verəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir