Politoloq Yalçın Hacızadə: Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irəli sürülən humanist layihələr ölkəmizin qlobal əhəmiyyətinin göstəricisidir | DEFAKTO.AZ Politoloq Yalçın Hacızadə: Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irəli sürülən humanist layihələr ölkəmizin qlobal əhəmiyyətinin göstəricisidir – DEFAKTO.AZ

Politoloq Yalçın Hacızadə: Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irəli sürülən humanist layihələr ölkəmizin qlobal əhəmiyyətinin göstəricisidir

16

COVID-19 pandemiyasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan ən uğurlu fəaliyyət göstərmiş dünya ölkələrindən biridir. Amma təəssüflər olsun ki, dünyada olan mövcud reallıqlara görə pandemiya bəzi ölkələr üçün ağır fəsadlar yarada bildi. Beynəlxalq münasibətlərində və fəaliyyətində insan hüquqlarını başlıca amil hesab edən Azərbaycan dövləti mövcud reallıqlara çevik, adekvat reaksiya verib. Həmçinin regional, qlobal miqyasda koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi üçün tədbirlər gördü. Bundan əlavə digər ölkələrin də böhrandan az itki ilə çıxması üçün humanitar yardımlar göstərdi və müsbət təcrübəsini müxtəlif platformalarda başqa ölkələrlə bölüşdü.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə deyib.

O bildirib ki, Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə üçün beynəlxalq əməkdaşlığı təbliğ edən, bunun vacibliyini çatdıran ilk ölkələrdən oldu. Dünya ölkələrinin əksəriyyəti öz təhlükəsizliyini qorumaq məqsədilə qapandığı, resursları əldə etmək üçün mübarizə apardığı vaxt Prezident İlham Əliyev bunu bölüşməyi, əməkdaşlığı təklif edirdi. Bütün bu humanitar məqsədlər üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə Görüşü təşkil edilib, həmin ilin dekabr ayında isə 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə yekdilliklə qəbul edilib.

COVID-19 pandemiyası ilə mübarizədə resurslara əlçatanlıqla bağlı qeyri-bərabərliyin aradan qaldırılması Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətindədir.

Azərbaycan bu sahədə olan qeyri-bərabərliyin aradan qaldırılması üçün təkcə təşkilati qaydada deyil, konkret əməldə də humanistliyini göstərən çox az ölkələrdəndir. Bu zamana kimi koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edilib, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı ayrılıb. Bu yaxınlarda isə dörd ölkəyə 150 min doza vaksin göndərilib.

Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq imkanların səfərbər edilməsində qlobal liderliyini uğurla davam etdirir.

“Bu ilin sentyabr ayının 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasında dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən illik ümumi müzakirələr zamanı Prezident İlham Əliyev çıxışında bildirib ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Həmin çıxışında da dövlətimizin başçısı bir daha dünyada mövcud olan ayrı-seçkiliyi, “peyvənd millətçiliyini” tənqid edib.

Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş və noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə layihəsi müzakirə olunub və səsvermə ilə qəbul edilib. Bu qətnamənin lehinə BMT-yə üzv 171 dövlət səs verib. Hətta qətnamənin əleyhinə çıxan ölkə olmayıb. Qətnaməyə bitərəf münasibət bildirmiş 7 ölkədən biri də mahiyyəti işğalçılıq, terror, insan hüquqlarından uzaq olan, faşist ideologiyası ilə yaşayan Ermənistan olub. Halbuki, dünyada pandemiya ilə mübarizədə ən ağır təsirlərə məruz qalan və zəif iştirak edən ölkə Ermənistan olub. Qeyd edim ki, qətnamə dekabr ayında BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq.

Qəbul edilmiş qətnamə məzmun və mahiyyət etibarilə müfəssəldir. COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində müsbət təcrübə, humanist addımlar, o cümlədən Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında keçirilmiş BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizəyə həsr olunmuş “xüsusi sessiyası” alqışlanır. Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca amillərdən olduğu vurğulanır. Həmçinin pandemiyaya qarşı mübarizədə çoxtərəfliliyin, beynəlxalq həmrəyliyin və əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanır.

Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irəli sürülən humanist layihələr ölkəmizin qlobal əhəmiyyətinin göstəricisidir. Azərbaycan bununla yanaşı, insan hüquqlarına dair məsələləri sözdə təsir vasitəsi kimi deyil, ən ümdə amil kimi, prinsip olaraq qəbul etdiyini göstərir”, – deyə Yalçın Hacızadə vurğulayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir