“Millət vəkillərinə izahat verilməldir ki, niyə şəffaflıq lazımınca təmin olunmayıb?” | DEFAKTO.AZ “Millət vəkillərinə izahat verilməldir ki, niyə şəffaflıq lazımınca təmin olunmayıb?” – DEFAKTO.AZ

“Millət vəkillərinə izahat verilməldir ki, niyə şəffaflıq lazımınca təmin olunmayıb?”

66

Qüdrət Həsənquliyev: “Hökumət bu barədə ciddi düşünməlidir” 

“Dünən növbəti erməni təxribatının qarşısının alınması zamanı şəhidlər vermişik, yaralılarımız var. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara Allahdan şəfa diləyirəm. Ermənistan əmin olmalıdır ki, bizi danışıqlar yolu ilə növbəti 30 il aldada bilməz.  Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Bundan sonra regiona sülh, inkişaf və rifah gələcək”. Bu fikirləri Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2022-ci illə bağlı büdcəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib.  

Millət vəkili – “mən komitə iclasında da söylədim. Biz danışırıq ki, kəndlər boşalır, kənd yolları pis vəziyyətdədir, yolara asfalt vurulmalıdır, su, qaz yoxdur və s. Amma çox təəssüf ki, büdcə müzakirələrində bir çox lazımi məsələlərə diqqət yetirmirik”, – deyə əlavə edib: “Bunlardan biri odur ki, Hesablama Palatasının rəyində qeyd olunan risklərdən necə xilas ola biləırik, necə edək, hansı islahatları aparaq ki, büdcə gəlirləri artsın, ixracda qeyri-neft məhsullarının payı yüksəlsin, yeni iş yerləri açılsın, gənclər iş üçün ölkəni tərk etməsinlər. Büdcə vəsaitlərindən necə səmərəli istifadə edək, səmərəliliyi təmin etmək üçün hansı addımları ataq və s.

Müzakirə olunan məsələ ilə bağlı demək istəyirəm ki, Hesablama Palatasının rəyində də qeyd olunur, “verilən izahatda məlumatlılıq səviyyəsi çox aşağıdır. O cümlədən izahatda qanun layihəsində debitor borclar üzrə gəlir potensialının nəzərə alınması vəziyyəti ilə bağlı məlumatlar əks olunmayıb. Bu həmin mənbə üzrə imkanlardan istifadə potensialını qiymtələndirmək imkanını məhdudlaşdırıb. Fondun real gəlirlərinin müəyyənləşdirilməsi və bu istiqamətdə görülmüş tədbirlərin nəticəliliyini qiymətləndirməyə şərait yaratmayıb”. Qeyd etdiyim sitat Hesablama Palatasının rəyində yer alıb. Ona görə də millət vəkillərinə bununla bağlı cavab verilməli və izahat verilməldir ki, bu niyə belədir? Niyə şəffaflıq lazımınca təmin olunmayıb?  

BAXCP sədri bir neçə vacib məsələyə də toxunub: “Bir dəfə bizi Ceyhun Bayramov təhsil naziri kimi Olimpiada iştirakçılarının mükafatlandırılması mərasiminə dəvət etmişdi. Biz həmin tədbirdə iştirak etdik. Orada deputatların diqqətini cəlb etdi ki, bizim uşaqlar nə qədər arıqdır. Adamda belə təəssürat yaranırdı ki, onlar sanki distrofiyaya uğrayıblar. Bəzilərinin belləri bükülüb, boyları isə çox balaca. Məsələn SSRİ dağılandan sonra həm Avropada, həm də Rusiyada insanların boyu artıb. Bizdə isə SSRİ dövrü ilə müqayisədə orta boy 5 santimetr aşağı düşüb. Sözsüz ki, bu, qidalanma ilə bağlıdır. Uşaqlar normal qidalanmalıdır. Ət, toyuq əti, balıq verilməlidir. Balıq istehlakı Azərbaycanda normadan 3 dəfə aşağıdır. Bunun üçün ən azı 10 yaşına qədər olan uşaqlarımıza müavinət verilməlidir. Əmək və əhalinin sosial müdafiəsi naziri deyir ki, 211 min pensiyanı ləğv edib, 500 milyon manata qənaət olunub. Əgər bunu siz istənilən psixoloqa təqdim eləsəniz, deyəcək ki, burada məqsəd vəsaitə qənaət etməkdən ibarət olub. Ona görə də mən, təklif edirəm ki, ünvanlı sosial yardımlarının verilməsi məsələsi bələdiyyələrə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın. Nazirliyin tərkibində olan müvafiq komissiya ləğv edilməlidir. Səhiyyə Nazirliyinin verdiyi arayış əsasında insanlara əlillik təyin edilməlidir”. 

Millət vəkili həmçinin Azərbaycanda boşanmaların sayının artması ilə bağlı problemləri diqqətə çatdırıb: “Təxmini hesablamalara görə, ilin I yarısında 23 min nigaha girilib, 8 min boşanma qeydə alınıb. Tək uşaq böyüdən analara xüsusi diqqət göstərilməlidir, onlara məvacib verilməlidir. Məsələn, Azərbaycanda 5 uşaqlı anaya cəmi 55 manat müavinət verilir. Rusiyada 3 və daha artıq uşağı olan anaya, əgər ailə mənzil növbəsinə dayanıbsa, onlara növbədənkənar, birbaşa dövlət tərəfindən mənzil verilir. Mən bunu müqayisə üçün qeyd edirəm. Ona görə də müavinətlərin artırılmasını faizlə deyil, rəqəmlə göstərmək lazımdır. Rəqəmlərlə demək lazımdır ki, xalqımız bilsin, neçə manat müavinət alırdı və artım nəticəsində nə qədər alacaq? Rəqəmlərlə göstərildikdə biz görəcəyik ki, bu rəqəmlər çox cüzidir. Ona görə də mən, hesab edirəm ki, ciddi islahatlar aparılmasının zamanı gəlib çatıb.

Hökumət bu barədə ciddi düşünməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir