Razı Nurullayev: İş adamlarına vergi güzəştləri tətbiq edilsin | DEFAKTO.AZ Razı Nurullayev: İş adamlarına vergi güzəştləri tətbiq edilsin – DEFAKTO.AZ

Razı Nurullayev: İş adamlarına vergi güzəştləri tətbiq edilsin

228

Deputat Razı Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında iş adamları ilə bağlı məsələlərdən danışıb.

Defakto.az modern.az-a istinadən xəbər verir ki, bu sözləri deputat iki gün oncə Azərbaycanda 600-dən çox Türk iş adamının olduğunu bildirib:

“İndi məni maraqlandıran məsələ budur ki, bu 600 nəfər iş adamının neçəsi Azərbaycanda işləmək istəyəcək. Mənim iş adamları ilə olan söhbətim və aldığım informasiyalar əsas verir deyim ki, az hissəsi. Bilirsiniz niyə? Dünən dediyim məsələ. İş adamı pul qazanmaq istəyir, o potensialı görsə, yatırım edəcək, görməsə yox”.

Razı Nurullayev qeyd edib ki, bizim bazarımız o qədər də böyük deyil:

“Onun üçün də iş adamlarına böyük bazarlara çıxışı olan iş adamlarına tətbiq edilən qaydaları tətbiq etmək yanlışdır. Rayonlarda, kəndlərdə fəaliyyət göstərən iş adamlarına bir sıra vergilərin minimuma endirilməsi vacibdir. Xüsusən, turizm obyektləri vergi siyasətinin qurbanına çevrilməsin. Bakıda fəaliyyət göstərən turizm obyektinin qazancı, müştəriləri ilə rayon və kəndlərdə işləyən iş adamlarının qazancı eyni deyil. Rayon və kəndlərdə, onlar əsasən üç ay yay dövründə işləyir, qalan zaman isə qazandığını da vergilər şəklində geri ödəyir. İşləməyə, biznesi böyütməyə, obyekti genişləndirməyə stimulu qalmır. Əksinə, ərazisini, objektinin həcmini kiçiltmək istəyir ki, əmlak vergisini az versin.
 

Təklif edirəm ki, xüsusən rayon, əyalət şəhər və kənd yerlərində iş adamlarına stimul vermək üçün onların vergi yükü daha da azaldılsın, biznesi böyüdükcə, işə götürdüyü adamların sayı artdıqca daha böyük güzəştlər əldə etsin, biznesin ərazisini və həcmini böyütdükcə, əmlak vergisi aşağı salınsın və ya tutulmasın. İş adamı daha çox iş yeri yaratdıqca dövlətin yükünü azaldır. Ona görə də onlara pul kisəsi kimi baxmaq yox, dünyanı çiyinlərində saxlayan titanlar kimi yanaşmaq lazımdır. Əslində, arzum və istəyim budur ki, iş adamı daha çox qazandıqca, daha çox iş yeri yaratdıqca, milyonlarının sayını artırdıqca, onun vergi yükü və ödənişləri azaldılsın. Belə devizimiz olsun. Daha çox iş yeri yarat, daha az vergi ödə. Stimul, motivasiya, həvəs yaratmaq lazımdır, əziz hökumət nümayəndələri. Yoxsa, əlimizdə olan bacarıqlı iş adamlarına pul kisəsi kimi yanaşıb elə onları məcazi mənada soyub-talamaq doğru deyil.

Mən təklif edirəm ki, bütün bacarıqlı iş adamları ilə toplam və fərdi iş aparılsın, onların adları cəmiyyətə açıqlansın və dövlət özü onlara çox güzəştli şərtlərlə, illik 1-2 faizlə və ilk beş ilini ödənişdən azad etməklə istədikləri qədər kredit ayırsın. Mən sizi əmin edirəm ki, beş il ərzində bu ölkədə bir dənə olsun belə işsiz qalmayacaq, büdcə isə dolub daşacaq. 5-6 ildən sonra Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olacaq”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir