Hörmətli xanım Sədr!
Hörmətli millət vəkilləri və hökumət üzvləri!
Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi cənab prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir.
Müzakirənizə təqdim olunan 2022-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında Qanun layihəsi də bu ali niyyəti rəhbər tutaraq tərtib edilmişdir.
Qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
Fondun 2022-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin Fondun büdcə göstəricisindən 429 milyon manat və ya 8,8% çoxdur.
Fondun gəlirlərinin strukturuna nəzər salarkən qeyd etməliyik ki, gəlirlərin 78,2%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6%-i isə dövlət büdcəsindən balanslaşdırmaq məqsədi ilə ayrılan vəsait hesabına təmin ediləcəkdir.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmaların 59,5%-i qeyri-büdcə sektorunun, 40,5%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcəkdir. Növbəti ildə büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 25%, qeyri-büdcə sektorunda isə 14,5% təşkil edəcəkdir.
Gəlirlərin artımı orta aylıq əmək haqqının artımı ilə şərtləndirilir. Orta aylıq əmək haqqının cari ilin sonuna 742 manat təşkil edəcəyi, növbəti ildə isə 65 manat və ya 8,7% artaraq 807 manat olacağı proqnozlaşdırılır.
2022-ci ildə Fondun büdcəsinin balanslaşdırma məqsədi ilə dövlət büdcəsinin öhtəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 146 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci il üzrə dürüstləşmiş transfert məbləğindən 217,3 milyon manat və ya 16% azdır.
Hörmətli həmkarlar!
Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışarkən qeyd etmək lazımdır ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,7%-i və ya 5 milyard 133 milyon manatını əhaliyə ödənişlər təşkil edəcəkdir. Bu isə 2021-ci ilin Fondun büdcəsindən 255,2 milyon manat və ya 5,2% çoxdur. Əhaliyə ödənişlər üzrə xərclərin 4 milyard 951 milyon manatı əmək pensiyalarının və 182 milyon manat isə Məcburi Dövlət Sosial Sığorta haqları hesabına verilən müavinətlərin hesabına təmin ediləcəkdir.
Qeyd etmək lazımdır ki, büdcə layihəsində əmək pensiyalarının sığorta hissəsinin artırılması üçün təxminən 210 milyon manat vəsait nəzərdə tutulur.
Əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ilin 10 ayında 331 manat təşkil etmiş, 2022-ci ildə isə 345 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Əmək pensiyasının minimum məbləği anlayışı pensiya təminatı sisteminə 2017-ci ildə daxil edilmişdir. 2017-ci ildə əmək pensiyasının minimum məbləği 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilmiş, 2022-ci ildə isə bu məbləği 240 manata qaldırılması nəzərdə tutulur.
Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 41 manat artaraq 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 38 manat artaraq 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 matdan 35 manat artaraq 298 manata çatdırılması nəzərdə tutulur.
Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalının, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti Avropa sosial xartiyasının tələblərinə cavab verəcəkdir. Belə ki, qeyd edilən əmsal 2018-ci ildə 40,8%, 2019-cu ildə 41,5% olmuş, cari ildə həmin əmsalın 44,5% olması gözlənilir, gələn il isə 43% olacağı proqnozlaşdırılır.
Cari və növbəti illər üzrə pensiyaların orta aylıq məbləğlərinin artım dinamikası müvafiq olaraq, 9,4% və 4,4% səviyyəsində qiymətləndirilir.
Əlilliyə görə pensiyaçıların sayının dinamikasındakı azalma son illərdə bu sahədə aparılan islahatlar, şəffaflığın və nəzarət tədbirlərinin güclənməsi ilə əlaqədardır.
Əlilliyə görə pensiyaların orta aylıq məbləği 2021-ci ilin 10 ayı üçün 292,7 manat təşkil etmişdir ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 12% artım deməkdir.
2022-ci ildə Məcburi dövlət sosial Sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsi üçün 182 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Bu müavinətlərin ödənilməsi xərclərinin 2021-ci ilin Fondun müvafiq xərclərinə nisbətdə 45,9%-lik artım tempi müşahidə olunur, xüsusən qeyd etmək lazımdır ki, artımlar bütün növ müavinətlər üzrə proqnozlaşdırılır. Daha yüksək səviyyəli artım, 66,7%, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinət növü üzrə müşahidə edilir. Uşağın anadan olmasına görə müavinətdə 53,8%, dəfn üçün müvainətdə 46,7%, hamiləliyə və doğuma görə müavinətdə 40,8%, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət də isə 31,9% artım səviyyəsi proqnozlaşdırılır.
DSMF-nun fəaliyyətinin hesabatlılığının daha yüksək səviyyədə təmin olunması, səmərəliliyinin və iqtisadi fəallığının artırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza göstərilən xidmətin dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə komitənin təkliflərini hörmətli millət vəkillərinin və hökumət nümayəndələrinin diqqətinə çatdırmaq istərdim:
1. DSMF və digər büdcədən kənar büdcə fondlarının büdcəsinin icrası vəziyyəti barədə dövlət büdcəsində olduğu kimi Milli Məclisə məlumat verilməsi və qanunla təsdiq edilməsi,
2. DSMF-nun sərbəst vəsaitlərini, xüsusilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün hesablanmış lakin dövlət büdcəsindən alınmamış vəsaitlərin idarə olunan kapitala çevrilməsi, fondun maliyyə imkanlarının genişləndirilməsi məqsədilə mövcud beynəlxalq təcrübənin öyrənilməsi və fondun müxtəlif investisiya layihələrində iştirakının təmin edilməsi üçün müvafiq addımlar atılsın,
3. Şəhid ailəsi üzvlərinin və qazilərin ölkə daxilindəki bütün sanator-kurort müəssisələrində bərpa-müalicə keçməsinin təmin edilməsi məqsədilə AHİK ilə işgüzar əlaqələr daha da genişləndirilsin,
4. Yaşa görə müavinətin məbləği yaşayış minimumunun pensiyaçılar üçün nəzərdə tutulan həddi ilə uyğunlaşdırılsın,
5. Yaşa görə sosial müavinət alan şəxslər üçün nəzərdə tutulan dəfn üçün müavinətin məbləği pensiyaçılarla bərabərləşdirilsin və eyni qaydada müəyyən edilsin.
Hörmətli millət vəkilləri!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim edilmiş Qanun layihəsi ölkə qanunvericiliyinin tələblərinə uyğun hazırlanmaqla sosial və büdcə siyasətinin ümumi məqsədlərinə, Azərbaycan Respublikasının büdcə sistemi prinsiplərinə (vahidlik və müstəqillik) müvafiqdir və gələn il pensiya və müavinət alan vətəndaşlarımızın sosial rifahının yaxşılaşması üçün etibarlı təminat yaradacaqdır.
Təqdim edilən layihəni dəstəkləməyinizi xahiş edirəm!
Sağ olun!