Fəzail Ağamalı: “Dünyada çətin çalxalanmaların hökm sürdüyü təhlükəli durumda Azərbaycan və Türkiyə olduqca doğru, gələcəyə hədəflənən yolu seçə bildilər” | DEFAKTO.AZ Fəzail Ağamalı: “Dünyada çətin çalxalanmaların hökm sürdüyü təhlükəli durumda Azərbaycan və Türkiyə olduqca doğru, gələcəyə hədəflənən yolu seçə bildilər” – DEFAKTO.AZ

Fəzail Ağamalı: “Dünyada çətin çalxalanmaların hökm sürdüyü təhlükəli durumda Azərbaycan və Türkiyə olduqca doğru, gələcəyə hədəflənən yolu seçə bildilər”

86

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ötən həftə Türk Dövlətləri Təşkilatına çevrildi. Türkiyədə təşkilatın sammitinin keçirilməsi ötən həftəyə və tarixə möhür vurdu.

İlk iclası 2009-cu ilin 3 oktyabrında keçirilən təşkilat türk dünyasının əsas birlik modeli kimi dünya siyasətində boy göstərir.

Dünyadakı əksər böyük birliklərdə – istət milli, istər siyasi, istər hərbi birliklərdə çatlar yarandığı, fikir ayrılıqlarının çoxaldığı bir vaxtda Ərdoğanla İlham Əliyev Türk dünyasını vahid təşkilat ətrafında birləşdirir və bu proses uğurla davam edir.

Ərəb dövlətləri, slavyanlar, Avropanın qohum xalq və dövlətləri bu gün öz aralarında səmimi və içdən gələn birlik halında deyillər. Ərəblərlə slavyanlarda vəziyyət ümumiyyətlə faciəvidir. Bir-birilərini qırırlar. ABŞ-ın özündə son 2-3 ildir hansı proseslər gedir, görürük. Amerikanın qurucu babalarının heykəllərini orada yıxırlar. Ştatlar ayrılıb müstəqil dövlət qurmaq istədiklərini elan edirlər. Tramp “Amerika o qədər uzaq olmayan gələcəkdə parçalanacaq” deyəndə ona çoxları gülürdü. Amma proseslər zatən ona doğru gedir.

“21 əsr türk əsri olacaq” deyiminə də ironiya ilə yanaşanlar tapılırdı. Türklərin birliyi, ittifaqı dünyaya sülh və əmin-amanlıq vəd edir. Ərdoğanın və İlham Əliyevin də hədəfi bölgədə sülh yaratmaqdır. Həm də imperiya ehtirasları ilə bölgəni, həmçinin türk dövlətlərinin bulunduğu coğrafiyaları bu və ya başqa formada işğal etmək istəyən supergüclər qarşısında təşkilatlanaraq sədd çəkməkdir.

Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilib - FOTOLAR (YENİLƏNİB)

İ.Əliyevlə Ərdoğan Güney Qafqazda sülhün olmasına çalışırlar. Çünki hədəfləri böyükdür. Nəhəng iqtisadi-siyasi, geopolitik projelər icra etmək ərəfəsindədirlər. O projelərin həyata keçməsi ağırlığı isə Türkiyə İlə Azərbaycanın, məsuliyyəti Ərdoğanla Əliyevin üzərindədir. Hər iki prezident  dəfələrlə ölkələrində ərazi iddiasında olan Ermənistana yapdığı bütün pisliklərə rəğmən sülh təklif edirlər. Həmçinin İranın Azərbaycana etdiyi və etməkdə olduğu pisliklərə rəğmən Tehranı da sülh prosesində görməkdə maraqlıdırlar. Savaş qədər sülh də türk xalqının qanında doğuşdan var. Yeganə millətdir ki, savaşmağı və barışmağa eyni anda onaylaya bilir, ona uzanan barış əlini geri çevirmir.

Türk Dövlətləri Təşkilatı hansı missiyaların öhdəsindən gələ biləcək? Türk cümhuriyyətlərinin çevrəsi savaş və qan-qada ilə dolub-daşarkən, həm öz mövcudluqlarını, həm çevrədəki ölkələrdə əmin-amanlığı necə təmin edəcəklər?

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı suallara cavabında dedi ki, hazırkı zaman kəsiyində dünyada ciddi proseslər gedir: “Təəssüflər olsun ki, bu proseslər kataklizmlərlə, ciddi qarşıdurmalarla, müharibələrlə müşahidə olunur. Həm də qəribədir ki, bu qarşıdurmaların, kəsişmələrin içərisində eyni soydan, kökdən olan xalqlar da bir-birinə qarşı düşmənçilik addımlarını ortaya qoymaqda və bunu ardıcıl olaraq davam etməkdədirlər. Dünya həqiqətən fərqli bir durum içərisindədir. XXI əsr başlayandan bu günə qədər dünyada baş verən çalxalanmalar hələ də sona çatmayıb. Belə bir çətin çalxalanmaların hökm sürdüyü bir təhlükəli durumda Azərbaycan və Türkiyə olduqca doğru, düzgün, gələcəyə hədəflənən yolu seçə bildilər. Əlbəttə, bir millət, iki dövlət olan Azərbaycan bütün tarixi məqamlarda cəmiyyət olaraq, biri digərinin yanında oldu. Lakin son vaxtlar, xüsusi olaraq İlham Əliyevin 2003-cü ildə prezident seçildikdən sonra Azərbaycanın inkişafına hədəflənən ”Yol xəritəsi”ndə Türkiyə ilə münasibətlərin yüksək səviyyədə qurulması xüsusi bir yer aldı. Doğru olaraq cənab Prezident qətiləşdirdi ki, Türkiyə ilə ittifaqa girmədən, onunla münasibətləri ən yüksək səviyyəyə qaldırmadan Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək imkanlarında kifayət qədər çətinliklərlə üz-üzədir. İşğala son qoymaq Azərbaycanın potensialı daxilində olsa da, dünya güclərinin ermənilərin yanında yer alması xeyli dərəcədə bunu problemə çevirməkdədir. Bu baxımdan Ərdoğan amilini heç bir halda nəzərdən qaçırmaq olmaz. Xüsusi olaraq, onun son 7-8 ildə türk dünyasına yönəlmiş olan ciddi fikirləri və atmış olduğu addımlar ölkə prezidenti İlham Əliyevin Türkiyə-Azərbaycan ittifaqına yönəlmiş olan istəklərinin reallaşmasına əlverişli zəmin yaratmaqda idi. Etiraf edək ki, türk dünyasının bu iki nəhəng lideri regionda yeni reallıqlar yaratmaqdadırlar. Bu, ilk növbədə, 44 günlük savaşda zəfərin qazanılması ilə qidalanır. Bu ittifaqın güclənməsi və digər türk dövlətlərinin də bu ittifaqda yer alması artıq tarixin reallığına çevrilib. Əlbəttə, türk dövlətlərinin əməkdaşlığının yaranmasında və inkişafında 2009-cu ildən başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının önəmli rolu oldu. Bir növ bu ilk təməl daşı oldu. Əməkdaşlıq Şurasının Azərbaycanda formalaşması, ilk sammitin burada keçirilməsi son dərəcə əlamətdar idi. Azərbaycan təşkilatçı və bu əməkdaşlıqda maraqlı olan bir dövlət kimi özünü ifadə etməkdə idi. İlham Əliyevin atmış olduğu bu addım şübhəsiz ki, Azərbaycan türklərinin oturuşmuş olduğu baxışlar sisteminə, türk toplumuna olan sədaqətindən, sadiqliyindən qaynaqlanırdı. O zaman belə bir şura yarananda ümidlər gələcəyə doğru hədəflənmişdi. Türk dövlətlərinin bir təşkilata çevrilməsi qətiyyən şübhə etmirəm ki, İlham Əliyev və Ərdoğan tərəfindən birmənalı aydın bir perspektiv idi”.

Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşü keçirilib - FOTO -  YENİLƏNİB - 1 - VİDEO

Deputat türk dövlətlərinin birliyini istəməyən güclərə də səsləndi: “Keçən 12 illik zaman kəsiyində dünyanın bu təşkilata qarşı heç də olmayan birmənalı mövqeyi müşahidə olunurdu. Beynəlxalq güclər bu təşkilata ciddi qısqanclıqla yanaşırdılar. Bu yol addım-addım gəlinərək nəhayət nəticə kimi bugünlərdə Türkiyədə şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsi baş verdi. Bu, olduqca çox böyük tarixi bir hadisədir. Bunun başlanğıcı heç şübhəsiz ki, azad edilmiş torpaqlardan start götürdü. Bu gün bunun tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmasına doğru yönəlmiş olan iki dövlətin ciddi iradəsi son dərəcə önəmli rol oynamaqdadır. Dəfələrlə demişik və bir daha təkrar etmək istərdim ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanla, onun tərkib hissəsi olan Naxçıvanla Türkiyəni deyil, eyni zamanda türk dövləti ilə Azərbaycanı, bütün Qafqazda yaşayan türk xalqlarının və Orta Asiyadakı türk dövlətlərinin birliyinin yaranmasının başlıca amilidir. Kim nə dərəcədə müqavimət göstərsə də, Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir. Burada hansısa dövlətin müqaviməti ola bilər. Necə ki, bu özünü bu və ya digər formada göstərməkdədir. Lakin tarix göstərib ki, tarixin zərurəti olan hadisə məhz tarixin diktəsi ilə hökmən baş verir. Dəfələrlə həm Ərdoğan, həm də İlham Əliyev tərəfindən söylənilmiş olan bu fikirlər olduqca önəmlidir. Türkiyə-Azərbaycan ittifaqı, türk dövlətlərinin bir yerdə olması bu və ya digər ittifaqa qarşı deyil. Bu ilk növbədə bölgəyə sülhün, əmin-amanlığın, əməkdaşlığın gətirilməsi deməkdir. Həmçinin bəşəriyyətə ən yüksək səviyyədə xidmətin ifadəsi kimi qiymətləndirilməlidir. Həm də unutmaq olmaz ki, türk soyu bir əlində qılınc, digər əlində Quranı tutan yeganə soydur. Yəni döyüşdə döyüşür, barışda sözünün sahibidir. Bu baxımdan düşünürəm ki, dünya bunu dərk etməli və türk birliyinin formalaşmasının qarşını almağa cəhd göstərməməlidir. Hətta Azərbaycana mənfi münasibət bəsləyən, türk dövlətlərinin birliyinə qısqanclıqla yanaşan region dövlətləri olan İrana və Ermənistana da sülh, əməkdaşlıq təklifləri edilir. Bunun özü yüksək dəyərlərin ifadəsidir”.

Prezident İlham Əliyev: Çox ümidliyəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq  Şurası qarşıda duran bütün vəzifələri icra edəcəkdir - Turkic World

Müsahibimiz qarşıya qoyulan hədəflərə çatılacağına şübhə etmir: “Mənə elə gəlir ki, Türk Dövlətləri Təşkilatı olduqca böyük bir missiyanı qarşısına qoyub. O missiya uğurla yerinə yetiriləcək. Bu missiyalar bu gün toplumun içərisindən bir sosial sifariş kimi önə çıxır və onu reallaşdıran liderlər olur.  Əgər liderlər cəmiyyətin sosial sifarişlərini reallaşdıra bilirsə, o, həqiqətən lider, böyük dövlət xadimi və qurucu bir şəxsiyyət kimi tarixə düşür. Bu baxımdan şükürlər olsun ki, Türk Dövlətləri Təşkilatının yaradıcısı olan Ərdoğan və bu təşkilatın yaradılması yolunda həlledici rol oynayan İlham Əliyev məhz bu keyfiyyətləri özündə ehtiva edən tarixi şəxsiyyətlərdir, dünya çapında böyük dövlət xadimləridir. Onların hər ikisi dünyaya sübut ediblər ki, onlar qarşılarına qoyduqları vəzifələrin öhdəsindən uğurla gələ bilirlər. Müqavimətləri ortadan qaldırıb, istəklərinə nail ola bilirlər. Bu baxımdan tam əminliklə demək olar ki, Türk Dövlətləri Təşkilatı gələcəkdə türk dövlətlərinin siyasi, iqtisadi, geopolitik, hərbi məsələləri özündə birləşdirən güclü bir ittifaqa çevriləcək. Türk cümhuriyyətlərinin bu ittifaqı dünyaya ancaq əmin-amanlıq, sülh və əməkdaşlıq vəd edir. Bununla bərabər, hər hansı bir qüvvə bu dövlətlərə qarşı zorakılıq və ya başqa bir formada təpki göstərmək arzusunda olarsa, dərhal onun qarşısı türk soyu, 300 milyondan çox türkü birləşdirən ittifaq tərəfindən çox asanlıqla alınacaq. Bütövlükdə vaxtilə deyilirdi ki, XXI əsr türk əsridir. Doğrudan da bu deyilənlər gerçəkləşməkdədir. Həm də nəzərə alaq ki, bu gün dünyanın güc mərkəzlərinin içərisində çox ciddi qarşıdurmalar, parçalanmalar baş verməkdədir. Bir tərəfdə çox ciddi kataklizmlər, başqa bir tərəfdə isə dünyaya, regiona əmin-amanlıq, yüksək əməkdaşlıq vəd edən Türk Dövlətlərinin İttifaqının formalaşması prosesi gedir. Ulu Tanrı soyumuza, bu niyyətə uğur versin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir