Türkiyədə yaşayan aktrisa Cəmilə Tağıyeva həmkarı aktyor Cövdət Şükürovu ittiham edib.
Cəmilə Tağıyeva Teleqraf.com-a açıqlamasında Xəzər televiziyasında yayımlanan “Bir gün sizdə, bir gün bizdə” verilişinin layihə rəhbəri Cövdət Şükürovu saxtakarlıqda günahlandırıb: “Verilişdə çəkildim, çəkilişdə hər şey saxtadır. Veriliş prodakşn məhsuludur, orada mənə qarşı fırıldaqçılıq, saxtakarlıq etdilər.
Aktrisa kimi beş gün verilişdə çəkildim, 500 manatımı versinlər. Mənə 200 manat söz vermişdilər, amma 500 manatımı istəyirəm. Verilişdəki yarışda özləri kimi istəyir birinci, kimi istəyir axırıncı edirlər. Hər şey yalandan qururlar. İştirakçıları dəvət edib, pullarını vermirlər.
Verilişin prodüseri bacarıqsızın biridir. İştirakçı tapa bilmədi və mən söz verdim ki, dörd günlük iştirakçı tapacam. İştirakçıları təşkil etdim. Verilişdə belə bir qayda var, 50 manatlıq bazarlıq etməlisən, qalan bazarlığı isə özün etməlisən ki, stol dolu olsun. Çünki 50 manata heç nə düşmür.
Verilişin layihə rəhbəri Cövdət Şükürov və prodüseri pulu cibinə qoyur, iştirakçıların yarışı lazımi qaydada təşkil olunmur. Hamısı saxta və yalandır.
Həftəiçi beş gün çəkilişdir, bizim ev balaca idi, rəfiqəmin evinə getdik. O, olmasaydı anam saat 5-dək balaca uşağımla çöldə qalacaqdı. Sonra öyrənmişəm ki, iştirakçılara gündəlik 30 manat verilir. Mən isə gündəlik 100 manatdan 500 manatımı istəyirəm.
Mənə söz vermişdilər ki, iştirak elə, səni birinci edəcəyik, pulunu götürəcəksən. Mərdan adlı iştirakçı qalib oldu, o, doğrudan da yaxşı iştirakçıdır. Verilişə reytinq verdim, indi mənə ödəniş etsinlər”.