“Yazdığım statusları müzakirəyə çıxaran insanların məqsədi mənə sataşmaq niyyəti daşıyır. Onlar bizi susdurmaq istəyirlər”.
Defakto.az azpolitika.az saytına istinadən xəbər verir ki, bunu deputat Cavanşir Paşazadə “Facebook” səhifəsindəki qeydlərin yenidən müzakirə mövzusuna çevrilməsinə münasibət bildirərkən deyib. Qeyd edək ki, deputat növbəti dəfə orfoqrafik və üslub səhvləri ilə dolu statusuna görə tənqid hədəfinə tuş gəlib.
Xatırladaq ki, deputat ötən həftə sosial şəbəkədə yazdığı statusda buraxdığı çoxsaylı və biabırçı orfoqrafik səhvlərlə gündəm olmuşdu. O, sözügedən statusu özünün yazmadığını, sürücüsü tərəfindən yazıldığı barədə açıqlama verib, habelə bu səbəbdən onu işdən çıxardığını bəyan etmişdi. Amma jurnalistlərin apardıqları araşdırmadan sonra məlum olmuşdu ki, deputatın dedikləri doğru deyil, onun sürücüsünü işdən çıxardığı da yalandır. Çünki bu, Milli Məclis Aparatının səlahiyyətində olan məsələdir. Cavanşir Paşazadə yeni səhvlərini şərh edərkən bu dəfə bəhanələr axtarmayıb. Əksinə, ritorikasını tamamilə dəyişib və özünə haqq qazandırıb: “Mən, ədəbiyyat fənni üzrə müəllim deyiləm və imtahan vermirəm. Bir yazı yazıram, buna da şükür. Biz bu statusu müzakirəyə çıxaranların da yazılarını görmüşük. Onlar sataşmaq üçün bəhanə axtarırlar. Qoy, onlar mənim yazılarımı hərf-hərf oxumaqdan çərləsin, mən də yazmağımda olum. Mən davam edəcəyəm. Qoy, onlar oturub hesab-hüsab aparsınlar ki, bir vergül səhvdi və s. Onlar hesablamalarında olsunlar, biz də dövlətçiliyimizi qurmağa baxaq”.
Millət vəkilinin bu açıqlamasını da “üzrü günahından betər” sırasına yazmaq olar. Belə çıxır, o ilk qalmaqalda ictimaiyyətə yalan məlumat verib. Bir deputatın özünü təmizə çıxarmaq üçün yalan danışması ayıb sayılır. Başqa ölkələrdə bu addımı atanlar deputat mandatı ilə vidalaşmalı olurlar.
İllərdir parlament kürsüsündə əyləşmiş şəxsin səhvsiz bir cümlə yaza bilməməsinin isə şərhə ehtiyacı yoxdur…