Məktəblərdə şiddətə məruz qalan gənclərimiz – Deputatlar da işə qarışdı | DEFAKTO.AZ Məktəblərdə şiddətə məruz qalan gənclərimiz – Deputatlar da işə qarışdı – DEFAKTO.AZ

Məktəblərdə şiddətə məruz qalan gənclərimiz – Deputatlar da işə qarışdı

100

Müəllimin şagirdə əl qaldırması hər zaman cəmiyyət tərəfindən qınaqla qarşılanıb. Şagirdə fiziki güc tətbiq edilməsi nə qədər qınanılsa da, müəllim şagirdə əl qaldırmaz deyilsə də demək olar ki, hər il bu hal təkrarlanır.

Bir müddət əvvəl isə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva şagirdi döyərək, ona xəsarət yetirib. O, məktəbin 7 “D” sinif şagirdi Anar Mirzəağayevə fiziki təzyiq göstərib. Nəticədə şagirdin qulağı əzilib və boynunda iz qalıb.


Şagirdə qarşı fiziki güc tətbiq edilməsi, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verilməsi qanunla qadağandır. “Təhsil haqqında” qanuna görə təhsil alanların şərəf və ləyaqətinə hörmətlə yanaşılmalıdır.


“Belə insanları məktəbdən uzaqlaşdırmaq lazımdır”


Defakto.az saytı bakuposta istinadən xəbər verir ki, bu barədə millət vəkili Fəzail Ağamalı bildirib ki, o, şagirdə əl qaldıran, onu vuran, xəsarət yetirən müəllimləri şiddətlə qınayır:

“Müəllim heç bir halda şagirdə əl qaldırmalı, təzyiq göstərməli deyil. Gələcəyimiz olan gəncləri döyərək tərbiyələndirmək olmaz. Əgər şagird müəllimin sözünə baxmırsa, davranışları qəbul edilən deyilsə, dərslərə hazırlıqlı gəlmirsə, bunun zorakılıqla, təzyiqlə qarşısını almaq olmaz. Müəllim ilk öncə bütün bunların səbəbini öyrənib araşdırmalıdır. Öyrənmək lazımdır ki, şagird nəyə görə özünü bu cür aparır. Bununla bağlı məktəbin psixoloqu ilə məsləhətlər aparmalıdır. Valideyni məktəbə çağrılmalıdır. Müəllim, psixoloq və valideyn birləşib üçü birgə vəziyyətdən çıxış yolu tapmalıdırlar”.

F.Ağamalının dediyinə görə, şagirdə təzyiq, şiddət göstərənlərə müəllimlik yaraşmır. Belə insanları məktəbdən uzaqlaşdırmaq lazımdır.


“Müəllimə heç kim haqq vermir ki, şagirdə əl qaldırsın”


Millət vəkili Musa Quliyev hesab edir ki, kimliyindən aslı olmayaraq, müəllimin şagirdi döyməsi, zor tətbiq etməsi yolverilməzdir:

“Hazırda dünyanın heç bir yerində şagirdi döymək praktikası mövcüd deyil. Müəllimə heç kim haqq vermir ki, şagirdə əl qaldırsın. Onu döysün, vursun. Müəllimin şagirdi döyməsi cinayət əməlidir. Bəziləri hesab edir ki, müəllim şagirdi döyməklə ona yaxşı tərbiyyə verir. Bu yalnış düşüncə, səf fikirdir. İnsanı döyməklə tərbiyələndirmək olmaz”.
M. Quliyevin sözlərinə görə, şagirdi döyən hər bir müəllimlər qanun qarşısında cavab verməlidirlər: “Şiddət görən uşaq yaxşı vətəndaş kimi yetişə bilməz. Şiddət, təzyiq altında uşaqlar vətəndaş yox, qul kimi böyüyürlər. Ümid edirəm ki, zaman keçdikcə, yeni dövrün müəllimləri bu metodikanı unudacaqlar”.
“Hansı prizmadan baxsan, buna bəraət qazandırmaq olmur”
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, şiddət və zorakılığın qurbanı olan uşaqlarda hər məsələnin güc yolu ilə həll edilə biləcəyi kimi yanlış bir vərdiş, xarakter formalaşır:

“Elm, təhsil ocağında şagirdə şiddət tətbiq etmək, əl qaldırmaq çox yalnış bir davranışdır. Müəllim şagird üçün bir örnəkdir. Müəllimlər də bunu nəzərə örnək davranış nümayiş etdirməlidirlər. Bizim ölkənin gələcək taleyi gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Göründüyü kimi, təhsil üçün zəruri məsələ gənclərə dövrün tələbinə uyğun nələrisə öyrətmək, kafi məsələ kimi isə necə öyrətməkdir. Çünki biz savadlı olsaq, hər şeyimiz olacaq, savadsız olsaq hər şeyi əlimizdən alacaqlar. Demək, bizim üçün əsas şərt savadlı olmaqdır. Bu məqsədə çatmaq üçün elmi-pedaqoji metodlardan istifadə edilir. Qulaqburmaq, döymək pedaqoji metod deyil. Hansı prizmadan baxsan müəllimin şagirə fiziki güc tətbiq etməsinə, əl qaldırmasına bəraət qazandırmaq olmur. Uşaqları ya dərs üstündə, ya da tərbiyə səbəbindən cəzalandırmaq düzgün addım deyil. Şagird müəllim adına layiq davranış nümayiş etdirən müəllimin tədris etdiyi fəni oxuyur. Həvəslə o müəllimin dərsinə girir, öyrənir və dərsdən də yayınmır. Qulaqburma metoduna, zora da ehtiyac qalmır”.






Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir