Qubadlının işğaldan azad edilməsi böyük Qələbənin növbəti carçısı, Laçın dəhlizinə gedən yolun açılması idi | DEFAKTO.AZ Qubadlının işğaldan azad edilməsi böyük Qələbənin növbəti carçısı, Laçın dəhlizinə gedən yolun açılması idi – DEFAKTO.AZ

Qubadlının işğaldan azad edilməsi böyük Qələbənin növbəti carçısı, Laçın dəhlizinə gedən yolun açılması idi

78

Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadənin AzərTac Dövlət Xəbər agentliyinə müsahibəsi

Bütün torpaqlarımız bizim üçün müqəddəsdir, o cümlədən də Qubadlı rayonu. Ötən ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın düşməndən azad edilməsi, həmin istiqamətdə işğalçılara sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonu istiqamətində aparılan uğurlu hərbi əməliyyatlar Azərbaycan Silahlı Qüvvələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Nəticədə xalqımız 2020-ci il oktyabr ayının 25-də şanlı bayrağımızın Qubadlıda dalğalanması və qəhrəman hərbçilərimizin şəhərin işğaldan azad olunmasının Ali Baş Komandan, Prezident İlham Əliyevə məruzə etməsinin şahidi oldu.

Vətən müharibəsində qazanılan Qələbədən sonra Prezident İlham Əliyevin azad olunmuş ərazilərimizə növbəti səfəri Qubadlının düşmən tapdağından qurtarılması münasibətilə həyata keçirildi. Bilirik ki, müharibədə Qələbənin təmin olunması qədər onun rəsmiləşdirilməsi, qorunub saxlanılması da çətin prosesdir. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə səfərləri, reallaşdırılan layihələr, Böyük Qayıdışa hazırlıq münaqişənin hərbi fazasının başa çatdığını sübut edir.

Dövlətimizin başçısının işğaldan azad olunmuş rayonlara səfərləri xalqımız tərəfindən sevinc və rəğbət hissi ilə qarşılanır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ictimaiyyət nümayəndələri ilə səmimi söhbətləri dövlətin xalqa münasibətinin, Azərbaycan rəhbərliyinin ictimaiyyətə açıq olmasının göstəricisidir. Belə səfərlər çərçivəsində hərbçilərimizlə görüşlər həm də Ordumuza mənəvi dəstəkdir.

Defakto.az saytı AzərTac.az saytına istinadən bildirir ki, bu sözləri açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadə deyib.

O bildirib ki, Qələbədən sonrakı bir çox çıxışlarında dövlətimizin başçısının Şuşanın azad olunması haqqında fəxarətlə danışması, Şuşaya aparan yoldan söz açması heç də təsadüfi deyil. Şuşanın azad olunması Azərbaycan xalqının böyüklüyünün, əzəmətinin, mərdliyinin, torpağı nə qədər çox sevməsinin, ona bağlılığının, Azərbaycan Prezidentinin, xalqının, Ordusunun birliyinin təcəssümüdür. Şuşanın bizim üçün əhəmiyyəti, ona aparan yolun önəmi, onun işğaldan azad olunması gününün Qələbə, bayram günü kimi rəsmiləşdirilməsində əks olunur.

Dövlətimizin başçısı çıxışlarının, görüşlərin hamısında olduğu kimi, bu dəfə də Zəfəri bizə bəxş edən əziz şəhidlərimizi unutmadı, xalqımızın, gələcək nəsillərin onlarla fəxr edəcəyini, Vətən fədailərinin adlarının əbədiləşdiriləcəyini vurğuladı. Prezident İlham Əliyev əslən Qubadlıdan olan şəhid Milli Qəhrəman Şükür Həmidov haqqında danışması, onun şəhadətə yüksəlmə xəbərini ürəkağrısı ilə qarşılamasını bildirməsi və polkovnikin həlak olmasını böyük itki adlandırması Ali Baş Komandanın öz hərbçisinə, əsgər və zabitinə verdiyi yüksək dəyərin göstəricisidir.

Y.Hacızadənin sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunmasından qısa müddət keçməsinə baxmayaraq, düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş şəhər, rayon və kəndlərimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə abadlaşdırılır. Bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb, yollar, elektrik stansiyaları, ictimai-mədəni obyektlər, hava limanları tikilib, elektrik xətlər çəkilib, yüzlərlə əhəmiyyətli obyekt və layihələrin təməli qoyulub: “Prezident İlham Əliyev qubadlılılarla görüşündə düşmənin Qubadlını yerli-yeksan etdiyini, rayonun bərpası üçün görüləsi işlərin çox olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı Qubadlı rayonunun bütün kəndlərinin, o cümlədən Qubadlı şəhərinin yenidən qurulacağını, şəhərin Baş planının hazırlandığını və yaxın aylarda təqdim edilməsinin nəzərdə tutulduğunu bildirdi. Baş plan ən müasir normalara uyğun olacaq, Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Qubadlıya səfər çərçivəsində azad edilmiş torpaqlarda sayca yeddinci olan yeni yarımstansiyanın açılışı da oldu. Həmin infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Bütün bunlar onu göstərir ki, Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli işlər aparılır”, – deyən partiya sədrinin müavini əlavə edib ki, Azərbaycan Prezidentinin azad edilmiş torpaqlara səfərləri onun rəhbərliyi ilə aparılan siyasətin təzahürü olaraq bölgənin qısa müddətdə bərpasının, inkişafının, böyük iqtisadi dəhlizə çevriləcəyinin göstəricisidir. Həmin səfərlər Ermənistan cəmiyyətində də maraqla izlənilir. Çünki məğlub xalqın nümayəndələri bölgədəki mövcud vəziyyət barədə qeyri-müəyyənliklər, həyəcan içərisindədirlər. Onlar proseslərin istiqamətinin dəyişməsində dövlətlərinin hər hansı bir təsir imkanının olmamasını acizliklə seyr etmək məcburiyyətindədirlər.

Ümumilikdə isə Qubadlının işğaldan azad edilməsi böyük Qələbənin növbəti carçısı, şanlı Ordumuzun Laçın dəhlizinə gedən yolunun açılması idi ki, bu da düşmənin döyüş bölgəsinə gələn bütün yollarının bağlanması demək idi. Elə düşmən də bütün bunları görərək kapitulyasiya aktını imzalamağa məcbur olmuşdu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir