Doğum günü olan şəhidlər – FOTO | DEFAKTO.AZ Doğum günü olan şəhidlər – FOTO – DEFAKTO.AZ

Doğum günü olan şəhidlər – FOTO

11

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan səkkiz qəhrəmanın doğum günüdür.

Defakto.az oxu.az saytına istinadən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Baş gizir Bədəlov Oktay Ələddin oğlu 1984-cü il, oktyabrın 27-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri Oqtay Bədəlov Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Xocavənd rayonları və Şuşa şəhərinin azadlığı uğrunda döyüşlərdə iştirak edib.

Oqtay Bədəlov oktyabrın 27-də Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən aldığı güllə yarasından şəhid olub. Tovuz rayonunun Çeşməli kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Oqtay Bədəlov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Əsgərov İbrahim Məzahir oğlu 27 oktyabr 1995-ci ildə Beyləqan rayonunda dünyaya gəlib. Azərbaycan Ordusunun əsgəri olan İbrahim Əsgərov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində döyüşüb.

İbrahim Əsgərov noyabrın 3-də Xocavənd rayonunda gedən döyüşdə aldığı qəlpə yarası nəticəsində şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İbrahim Əsgərov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Leytenant Hüseynov Mətin Ramiz oğlu 1997-ci ildə Ordubad rayonunun Düylün kəndində anadan olub. 2004-2013-cü illərdə S.Rzayev adına Düylün kənd tam orta məktəbində, 2013-2016-cı illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə ilkin hərb sənətinə yiyələnib.

2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsilini alıb. Mətin Hüseynov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəsində leytenant kimi xidmətə başlayıb.

Mətin Hüseynov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Leytenantımız noyabrın 9-da Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Ordubad rayonunda dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, leytenant Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Kapitan İsgəndərov Arzu Seymur oğlu 1988-ci il oktyabrın 27-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Zəyəm qəsəbə tam orta məktəbində, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində biliklərini təkmilləşdirib.

A.İsgəndərov 2010-cu ildə Təlim Tədris Mərkəzində (TTM) təkmilləşdirmə kursu keçib. 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində taqım komandiri, 2011-2013-cü illərdə Bərdə rayonunda yerləşən N saylı hərbi hissədə bölmə rəisi, 2013-2015-ci illərdə Goranboyda hərbi hissədə bölmə rəisi, 2015-2018-ci illərdə Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə bölmə rəisi, 2015-2018-ci illərdə isə Füzulidə bölmə rəisi olaraq xidmət edib.

2020-ci ilin avqust ayından isə Bakı korpusuna AİS rəisi vəzifəsinə təyinat alıb. Arzu İsgəndərov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərin də iştirakçısı olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən A.İsgəndərov Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 13-də Xocavənd rayonu istiqamətində mina partlaması nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn edilib. Şəhidin vətənə əmanət iki övladı qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Arzu İsgəndərov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Gizir İsgəndərov Əsəd Bəybala oğlu 1990-cı ildə Göygöl rayonu Topal Həsənli kəndində anadan olub. Əsəd Vətən müharibəsi zamanı özüyeriyən artilleriya taqımının top komandiri kimi Füzuli və Cəbrayıl rayonları istiqamətində döyüş yolu keçib.

Oktyabrın 2-də Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmənin top mərmisinin düşməsi nəticəsində şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Əsəd İsgəndərov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Məmmədov İsmayıl Fazi oğlu 2001-ci ildə Quba rayonunda dünyaya gəlib. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlayan Vətən müharibəsində Talış kəndi və Suqovuşan istiqamətində döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

Oktyabrın 14-də müharibənin qızğın dövründə Talış-Suqovuşan istiqamətində gedən döyüşlər nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İsmayıl Məmmədov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

MAHHXHQ əsgər Osmanov Məhəmməd Seymur oğlu 1994-cü ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olub. Orta təhsilini Ərəbocağı kənd tam orta məktəbində alıb. Vətən müharibəsində iştirak edən qəhrəmanımız oktyabrın 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Məhəmməd Osmanov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Rəhimli Tural Gəray oğlu 2001-ci il oktyabrın 27-də Xırdalan şəhərində anadan olub. Əslən Laçın rayonundan olan Tural Rəhimli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Tural Rəhimli sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tural Rəhimli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.  




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir