Milli Məclisin Xankəndi seçki dairəsindən seçilmiş deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyevin erməni dili ilə bağlı fikri tənqid olundu | DEFAKTO.AZ Milli Məclisin Xankəndi seçki dairəsindən seçilmiş deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyevin erməni dili ilə bağlı fikri tənqid olundu – DEFAKTO.AZ

Milli Məclisin Xankəndi seçki dairəsindən seçilmiş deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyevin erməni dili ilə bağlı fikri tənqid olundu

37

Ötən gün Milli Məclisin Xankəndi seçki dairəsindən seçilmiş deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyevin erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə reinteqrasiyasına töhfə vermək üçün erməni dili kursları təşkil edilməsi ilə bağlı tviti sosial şəbəkələrdə müzakirələrə səbəb  olub. Gəncəliyevin paylaşımında, həmçinin “Biz erməni dilini öyrənirik, biz erməni dilində danışırıq, biz erməni dilini öyrədirik”, – deyə cümlə də qeyd olunub.

Müzakirələrdə iştirak edənlər deputatın fikirlərini birmənalı qarşılamayıb. Bildirilib ki, erməni əsilli Azərbaycan vətəndaşları bizim cəmiyyətimizə inteqrasiya olunduğu üçün onların Azərbaycan dilini öyrənmələrinə ehtiyac var.

Ölkə Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərini öz vətəndaşı sayır və onların Azərbaycan cəmiyyətinə inteqrasiyasına hazırdır.

Bir sıra ictimai və rəsmi şəxslər də çıxışlarında qeyd ediblər ki, erməni əsilli Azərbaycan vətəndaşları ölkəmizin qanunvericiliyinə və Konstitusiyamıza tabe olduqları müddətdə, Azərbaycanın tamhüquqlu vətəndaşları sayılırlar. Belə olduğu təqdirdə, Qarabağ ermənilərinin bizim Konstitusiyamızda və Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi müqavilələrdə əks olunan bəndlərlə bütün hüquqi vəzifələrə malikdirlər və bundan da istifadə edə bilərlər. Həmin ərazilərdə idarəetmə tam olaraq Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. 

Qeyd edək ki, hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Onların digər vətəndaşlar kimi bütün hüquq və azadlıqları dövlət tərəfindən təmin edilir.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı həmkarının müzakirələrə səbəb olan fikirləri ilə bağlı Defakto.az saytı qafqazinfo.az saytına istinadən açıqlama verib. 

Deputat erməni əsilli azərbaycanlıların Azərbaycana yaxınlaşması məsələsində erməni dilinin öyrədilməsinin nə kimi mənası olduğunu sorğulayıb: 

“Azərbaycana yaşamaq üçün kim gəlirsə, vətəndaş kimi bizim cəmiyyətə inteqrasiya olunub qarışması üçün biz onların dilini öyrənməliyik?! Əvvəla, keçmiş Dağlıq Qarabağda yaşayanlar və indi də orada qalan ermənilərin hamısı Azərbaycan dilini çox yaxşı bilirlər. Onlar üçün bu məsələdə heç bir problem yoxdur. Sabah Rusiya sülhməramlıları getsə, ermənilər Azərbaycanın digər bölgələrinə gəlib getsələr, sərbəst Azərbaycan dilində danışacaqlar. Biz azərbaycanlıların erməni dilini öyrənməsinə ehtiyacı yoxdur. Ermənilərin Azərbaycan dilini öyrənməsi zəruridir. Çünki Azərbaycanda doğulmuş ermənilərin çoxu bizim dilimizi kifayət qədər mükəmməl bilirlər.

Ümumiyyətlə isə, ölkəmizdə qonşu dövlətlərin və ya  başqa xalqların dilini öyrədən kursların olması normal haldır. Erməni dili, gürcü dili ilə maraqlananlar üçün kim istəyirsə, kurs aça bilər. Burada qeyri-adi bir şey yoxdur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir