Ağaxan Ağayev: Azərbaycan xalqı ordumuza arxa oldu | DEFAKTO.AZ Ağaxan Ağayev: Azərbaycan xalqı ordumuza arxa oldu – DEFAKTO.AZ

Ağaxan Ağayev: Azərbaycan xalqı ordumuza arxa oldu

56

Bölgələrdə Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayarkən deməliyik ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsindəki qələbəmiz milli birliyin nəticəsidir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçib. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir.

Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib ki, Zəfərdən danışarkən, əlbəttə ki, biz xalqımızın həmrəyliyini qeyd etməliyik. Çünki Azərbaycan xalqı Ordumuzun arxasında dayandı, mənim arxamda dayandı, bizə inandı və tam əmin idi ki, biz tarixi Qələbə qazanacağıq və belə də oldu. Azərbaycan tarixi Zəfər çaldı. Bu müharibə haqqında hələ çoxlu kitablar, məqalələr yazılacaq, müharibə iştirakçıları öz xatirələrini bölüşəcəklər. Ancaq mən bütün bu işlərə rəhbərlik edən şəxs kimi, Ali Baş Komandan kimi bir daha gördüm Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz təmas xəttinə yaxın olan bölgələrdə sığınacaqlar yaratmaqla bağlı tədbirlər keçirəndə vətəndaşlar özləri gəlib kömək göstərirdilər. Ordumuzun təchizatı tam təmin edilmişdi, heç bir ehtiyac yox idi. Amma vətəndaşlar özləri gəlib kömək göstərməyə can atırdılar, – deyə dövlətimizin başçısı bildirib.


Prezident xalqın həmrəyliyinə misal olaraq minlərlə gəncin könüllü olaraq cəbhəyə getmək istədiyindən, yaralıların sağalmadan döyüşə getdiklərindən danışıb: “Bir nəfər də olsun fərari olmamışdır, bir nəfər də. Baxın, biz 44 gün döyüş apardıq, özü də bəzi döyüşlər çox ağır idi, xüsusən də birinci mərhələdə, təmas xəttini yarmaq lazım olanda ölümə gedirdilər bizim vətəndaşlar. Qələbənin səbəbi məhz budur”.


Prezident həkimlərin fədakarlığını xüsusi olaraq qeyd edib. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz rəşadət və şücaəti ilə təkcə işğal altında torpaqlarımızı azad etmədi, eyni zamanda, çoxəsirlik tariximizi, qədim mədəniyyət və incəsənətimizi xalqımıza qovuşdurdu. Hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr fasiləsiz icra olunur. 15 mart tarixində Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi təşkil olunmuşdur. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Özü də bu, birinci layihə deyil.

Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Füzulidən Şuşaya yol çəkilir, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək, uzunluğu 13 kilometr olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu 4 hərəkət zolaqlı olacaq, avtomobil körpüləri inşa ediləcək. Bizim hər birimiz azərbaycanlı olaraq bütün bunlardan ötrü ölkə başçısına hədsiz dərəcədə minnətdarıq.


Ağaxan Ağayev,

Vətən müharibəsi qazisi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir