Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.44days.info portalının bu gün təqdimatı olub.
Defakto.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev 8 başlıqdan ibarət olan portalın 44 günlük Vətən müharibəsinin salnaməsini Azərbaycan, rus və ingilis dillərində izləyicilərə çatdırdığını qeyd edib.
Portalda Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, dövlət başçısının müxtəlif beynəlxalq media qurumları və xəbər agentliklərinə müsahibələri, tvitləri, videokonfransları, onlayn görüşləri və müxtəlif ölkələrin prezidentləri və rəsmiləri ilə telefon danışıqları, yerli və beynəlxalq qurumların, müxtəlif ölkələrin və təşkilatların nümayəndə heyətləri ilə keçirdiyi qəbullar, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlamaları, xarici mediada Vətən müharibəsi ilə bağlı dərc edilən məqalələr, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hücumlarla bağlı məlumatlar əksini tapıb.
Saytın işçi qrupunun üzvü Şamxal Əbilov belə bir resursun yaradılmasının vacib olduğunu vurğulayaraq deyib ki, portalın əsas səhifəsində Vətən müharibəsinin hər günü və Ermənistanın kapitulyasiyasını ifadə edən üçtərəfli bəyanat yer alıb. Bundan başqa, müharibənin hər günü ayrıca bölmələrdə təqdim edilir, həmin günə aid xarici mediada dərc olunan məqalələr və analitiklərin proqnozları mətn və linklərdə əks olunur.
Portalın “44 günlük müharibəyə gedən yol” bölməsində 2020-ci il iyul hadisələri xronoloji ardıcıllıqla əks olunub və “Müharibə niyə baş verdi?” başlıqlı təhlil təqdim edilib. 14 iyul 2020-ci il tarixində Milli Orduya dəstək məqsədi ilə Bakının mərkəzində keçirilən yürüşün fotoları və xarici mediada bu hadisələrlə bağlı dərc olunan məqalələr mətn və linklərlə verilib.
“Mülki əhaliyə hücum” bölməsində isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun cəbhə boyu mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Goranboy, Tərtər və cəbhə xəttindən kənarda yerləşən digər şəhər və rayonlara endirdiyi raket zərbələri və artilleriya atəşi nəticəsində mülki əhalinin öldürülməsi və onlara dəyən ziyanı əks etdirən məqalələr xronoloji ardıcıllıqla yerləşdirilib.
Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi qələbəsi münasibəti ilə Bakıda keçirilən hərbi paraddan videogörüntülər, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə etdiyi səfərlərin xronoloji ardıcıllığı, o cümlədən foto və video materiallar da təqdim edilir.
Bundan əlavə, portalda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektləri, işğal olunan ərazilərdə mədəni irs və təbii sərvətlərimizə qarşı ermənilər tərəfindən törədilmiş cinayətlər və Xocalı Soyqırımı ilə bağlı gerçəkləri özündə əks etdirən baza yaradılıb.