Mili Məclisdə hökumətə tənqidlər | DEFAKTO.AZ Mili Məclisdə hökumətə tənqidlər – DEFAKTO.AZ

Mili Məclisdə hökumətə tənqidlər

49

Parlamentdəki təkliflərin qanun layihələrində əks olunmamasından şikayətlər də eşidildi; Tahir Kərimli: “Nə vaxta kimi Prezidentin arxasında gizlənəcəksiniz, nə vaxta kimi xalqdan qaçacaqsınız?”

Milli Məclisin oktyabrın 12-də keçirilən iclasında cari məsələlər ətrafında çıxış edən deputat Ceyhun Məmmədov bildirdi ki, ölkə Prezidentinin Cəbrayıl bölgəsinə səfəri zamanı səsləndirdiyi bəyanatlardan və “Anadolu” Agentliyinə müsahibəsindən  sonra Azərbaycana qarşı təhdidlər daha da artıb. Xüsusilə də din pərdəsi altında ölkəmizə qarşı təzyiqlər göstərilir. Proseslər göstərir ki, din amilindən geniş istifadə olunur. Azərbaycan hökuməti sionizmlə əlaqədə ittiham olunur, hökumətimiz təhdidlərə məruz qalır.

C.Məmmədov dedi ki, qələbədən sonra qarşımızda duran vəzifə dini proseslərə nəzarətin daha da gücləndirilməsi, din konsepsiyasının yenidən qurulmasıdır: “Qarşıda bizi daha ciddi sınaqlar gözləyir, indidən buna hazır olmalıyıq”.

Deputat Tahir Kərimli bir müddət sonra hökumətin iştirakı ilə büdcə müzakirələrinin olacağını xatırlatdı və hökumət üzvlərini tənqid etdi. Bildirdi ki, hökumət üzvləri iclasda iştirak edərkən çıxışlara, qaldırılan problemlərə ənənəvi biganəlik göstərəcəklər: “Hərdən hökumət üzvləri başını qaldırıb sağa baxacaq, sanki Tahir Kərimlini növbəti dəfə ”QAİ” saxlayıb. Səhiyyədən danışacağıq, səhiyyə naziri cavab verməyəcək, təhsildən danışacağıq, təhsil naziri cavab verməyəcək. Balam, Prezident səni vəzifəyə qoyub, üzərinə düşənləri et, islahatlar keçir! Sənə deməyib ki, get, 190 min ailənin pensiyasını kəs! Nə vaxta kimi Prezidentin arxasında gizlənəcəksiniz, nə vaxta kimi xalqdan qaçacaqsınız?” T.Kərimli hökumət üzvlərinin qaldırılan məsələlərin əksini etdiyini söylədi: “Təklif edirik ki, uşaqpulu verilsin, əksinə çıxırlar. Deyirik benzinin qiymətini aşağı salın, əksinə, qaldırırlar. Pensiyanı artırmağı təklif edirik, məhəl qoymurlar. Tarif Şurası yaradıb, onun arxasında gizlənirsiniz. Nə deyirik, tərsinə edirsiniz. Onsuz da biz deyəni etmirsiniz, bizi saymırsınız! O boyda Qarabağın bərpası məsələsini qoymuşuq, Türkiyədən başqa investisiya qoyan yoxdur. Bir dənə istehsal sahələri qurmursunuz. Camaata deməyə sözümüz yoxdur. Biz 50 manat verib, bir çaynik çay içirik, rayonda isə 9-10 kişi toplaşır ki, 10-20 qəpikdən ”sobrazim” edək, 1 çaynik çay içək!”

Deputat Fazil Mustafa bugünlərdə ölkədə keçirilən kitab sərgisini yüksək qiymətləndirdi: “Təqdirəlayiq haldır. Təklif edirəm ki, ayda bir dəfə kitab sərgisi keçirək. Ölkədə kitaba maraq oyatmaq vacibdir. İnsanlarda oxumağa maraq hissi ölməyib. Çayxanalarda adamlar olduğu kimi, kitab ardınca sərgilərə gələnlər də  var”.

F.Mustafa çıxışında növbəti dəfə kitabların qiymətindən və onlara tətbiq olunan ƏDV-nin götürülməsi zəruriliyindən danışdı: “Kitabın qiymətinin bahalığının səbəbi gömrük rüsumunun yüksək olması ilə bağlıdır. Təcili surətdə ƏDV götürülsün. Heç olmasa, başqa ölkələrdə olan yaxşı ənənələri götürsək, müsbət tendensiya ola bilər”.

Deputat Tural Gəncəliyev seçildiyi Xankəndi seçki dairəsindən bəhs etdi. Bildirdi ki, Vətən müharibəsi başlayandan ilk gündən onlarla xankəndili gənclər ordumuzun sıralarına yazıldı və qəhrəmanlıqlar göstərdi. Deputat Xankəndi şəhərindən olan azərbaycanlıların eyni zamanda informasiya müharibəsində çox aktiv fəaliyyət göstərdiklərini qeyd etdi: “Birinci Qarabağ müharibəsinin ilk qurbanları 1988-ci ildə Xankəndində olub. Bütün bunların nəticəsində bizim Xankəndi sakinlərimiz düşmən üzərində qələbə qazanmasında iştirak ediblər. Ümidvaram ki, gələcəkdə Xankəndi şəhidlərinin xatirəsi əbədiləşdiriləcək”. Deputat şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı addımlar atmağa bir daha çağırış etdi və məsələni müvafiq qurumların diqqətinə çatdırmağa çalışdı.

Deputat İltizam Yusifov insanlarımızın hər gün qarşılaşdığı və əziyyət çəkdiyi bir məsələdən bəhs etdi. O, Azərbaycanda şəhərlərarası müntəzəm sərnişindaşıma ilə bağlı vəziyyətdən danışdı: “Bu gün Bakı şəhərinin hər yerində qeyri-qanunu sərnişin daşıma ilə qarşılaşmaq olar. Bölgələrdə də vəziyyət eynidir”. Deputatın sözlərinə görə, Azərbaycanda Bakı Beynəlxalq Avtovağzalından başqa demək olar ki, bölgələrdə avtovağzallar aidiyyəti üzrə fəaliyyət göstərmirlər: “Hətta mən bugünlərdə sosial şəbəkələrdə oxudum ki, rayonların birinin avtovağzalını supermarket eləyiblər”. İ.Yusifov bildirdi ki, o, sovet dövründə olduğu kimi, hər rayon və şəhərdə 1 avtovağzalın olmasının tərəfdarı deyil: “Çoxlu avtovağzal, hətta bir neçə kiçik avtostansiyalar fəaliyyət göstərməsi daha yaxşıdır, yetər ki, burada rəqabət də təmin olunsun və onlar qanun çərçivəsində fəaliyyət göstərsinlər. Mənim fiziki şəxslərin müntəzəm sərnişin daşıması ilə məşğul olması barədə heç bir iradım yoxdur. Bu sahə ilə elə fiziki şəxslər və özəl qurumlar məşğul olmalıdırlar”.

Daha sonra “Müstəqillik günü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Birinci vitse-spiker Əli Hüseynli dedi ki, bir gün əvvəlki müzakirələrdə  deputat həmkarlarının böyük hissəsi Respublika gününün Müstəqillik günü ilə əvəzlənməsini kifayət qədər əsaslandırıb. Amma Ə.Hüseynli qeyd etdi ki, Xalq Cümhuriyyətinin 23 ay deyil, iki il fəaliyyət göstərməsi (təklif Erkin Qədirliyə məxsusdur-red.) ətrafında müzakirə açmağa zərurət yoxdur. “O zaman Zəngəzurda, Qubada, Lənkəranda, Azərbaycanın hər yerində üsyanlar olub. Bu barədə yeni polemika açmalı deyilik, rəsmi sənədlər var və bu, hər yerdə qeyd olunub”.

18 oktyabrın bayram günü kimi və qeyri-iş günü elan olunması barədə təkliflərə gəldikdə, Ə.Hüseynli dedi ki, bu, qanunun predmeti deyil, Əmək Məcəlləsinin predmetidir. Birinci vitse-spiker qeyd etdi ki, yəqin ki, qanun qəbul olunduqdan sonra Əmək Məcəlləsinə dəyişiklik təklif ediləcək: “Əmək Məcəlləsində ediləcək dəyişiklik texniki dəyişiklikdir”.

Konstitusiya Aktına səs verən deputatlara imtiyaz verilməsi, onların əməyinin qiymətləndirilməsi ilə bağlı fikirlərə münasibət bildirən vitse-spiker qanunvericilikdə hər hansı dəyişikliyə ehtiyac olmadığını qeyd etdi.

“Həqiqətən də son müzakirələr çox fərqli şəkildə keçdi”, deyən Ə.Hüseynli bildirdi ki, 1991-ci ildə Konstitusiya Aktı müzakirə olunan zaman Heydər Əliyev hədəf seçilmişdi. “O dövrdə mükafatlanası və imtiyazlara malik olan yeganə qüvvə Azərbaycan xalqıdır. Düzgün seçimini edib, Heydər Əliyevin arxasınca gedib. Bu gün də Azərbaycan Prezidenti ərazi bütövlüyümüzü təmin etdi və zəfər qazandıq”.

Milli Məclisin iclasında

“Əli müəllim dedi ki, burada çox dəyərli fikirlər səsləndi. Amma mən hesab etmirəm ki, burada dəyərli fikirlər səslənib, çünki bunların heç biri burada əks olunmayıb”.

Deputat Fazil Mustafa Əli Hüseynlinin fikirlərinə münasibət bildirərkən belə söylədi. F.Mustafa narazılığını ifadə etdi: “Bu sənədi bizə təqdim edən məmurların ehkamları yenə də bizim fikirlərimizdən üstün tutuldu”. Deputat qeyd etdi ki, onun səsləndirdiyi təkliflər də nəzərə alınmayıb: “Mən təklif etdim ki, biz bunu mücərrəd müstəqillik kimi qəbul etməyək, dövlət müstəqilliyi kimi qeyd edək. Milli Məclisdə kifayət qədər ağıllı insanlar var, kimlərsə tərəfindən fikirlər səslənirsə, onlar nəzərə alınmalıdır”.

F.Mustafa daha bir təklif irəli sürdü ki, 1920-1991-ci illərdə Azərbaycan SSR-in müstəqilliyi formal xarakter daşısa da, Azərbaycan xalqının müstəqillik istəyinin daim mövcud olduğu vurğulansın. Həmçinin qeyd etdi ki, 29 dekabr 1991-ci ildə keçirilən ümumxalq referendumunda Azərbaycan xalqının mütləq əksəriyyətinin Konstitusiya Aktını dəstəklədiyi qeyd olunsun: “Çünki Azərbaycan xalqı referendumla bu sənədi dəstəkləməsə, qüvvədən düşürdü”.

Vitse-spiker Fəzail İbrahimli də  “Müstəqillik günü haqqında” qanun layihəsi barədə çıxış etdi. “Biz ilk olaraq müstəqillik və respublika anlayışının tutumunu və çəkisini anlamalıyıq”, deyən tarixçi alim bildirdi ki, mediada bu qanun layihəsi ətrafında respublika təəssübkeşliyi yaranıb: “O dövrdə 44 kişi ayağa qalxdı. O dövrdə hansı adı seçməklə bağlı polemika var idi. Məsələn, Fransada inqilab baş verdi, amma dövlətin adı Fransa oldu. Çünki əvvəldən də ad Fransa idi. Cümhuriyyət liderlərinin tarixdə ən böyük işlərindən biri Azərbaycan adını dövlətin adına gətirmək oldu. Azərbaycan adı ilk dəfə IX əsrdə işlədilib, ondan sonra bu ad işlənməyib. Bu ad sonradan siyasi leksikondan çıxmışdı. Azərbaycan adını dövlətin adına gətirmək Cümhuriyyət liderlərinin ən böyük addımlarından biri oldu. Bu, müstəqilliyə bərabər addım idi”. F.İbrahimli o zaman qonşu ölkənin müstəqilliyimizi sinirə bilmədiyini qeyd etdi: “O vaxt da buna görə sinəmizə çökdülər. Ona görə Cümhuriyyət liderləri Qafqaz Azərbaycanı ifadəsini sənədlərə saldılar. Bu qanunun qəbulunun mahiyyəti çox genişdir”.

Deputat Erkin Qədirli isə bir daha təkidlə bildirdi ki, 28 May bayramından Respublika sözünü götürmək doğru deyil. Həmçinin qeyd etdi ki, AXC 23 ay yox, 2 il fəaliyyət göstərib. 

Deputat Əziz Ələkbərli “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi zamanı kifayət qədər maraqlı fikirlərlə çıxış etdi: “İndiki Ermənistan Respublikası da özünü 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının ermənilərə güzəştə getdiyi 9 min kv km-lik daşnak respublikasının varisi elan edib və onun dövlət atributlarını qəbul edib. Bu, o deməkdir ki, bugünkü Azərbaycan Respublikası və bugünkü Ermənistan Respublikası müvafiq olaraq həm də sovet dövründəki 86, 6 və 29,8 min kv.km-lik ərazilərin yox, 1918-ci ildəki 114 və 9 min kv km-lik ərazilərin varisidirlər. Çünki həmin ərazilərə sahib dövlətlərin varisləri olduqlarını elan ediblər”. Ə.Ələkbərli bildirdi ki, belə olan surətdə Ermənistanın, Sovet Rusiyasının dəstəyi ilə 100 il ərzində işğal altında saxladığı və bütün resurslarını mənimsədiyi Azərbaycan Xalq Cümhuriyyətinin yerdə qalan 20 min kv km-lik ərazisi Ermənistanla Azərbaycan arasında mübahisəli ərazi elan olunmalı və danışıq masası üstünə yatırılmalıdır: “Bu, əsasən Qərbi Zəngəzur, Dərələyəz, Göyçə və Vedibasar mahallarının əraziləridir. Bu ərazilərin böyük bir hissəsi elə 1918-1920-ci illərdə də mübahisəli ərazi hesab olunmuşdu. Təklifim odur ki, Dövlət müstəqilliyi ilə bağlı müvafiq qanunvericilik aktlarında, mümkünsə, elə bu gün müzakirə etdiyimiz Müstəqillik haqqında qanun layihəsində də Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət atributları ilə yanaşı, ərazilərinin də varisi olduğu, bir cümlə ilə də olsa, təsbit olunsun”.

Müzakirələrdən sonra Milli Məclis “Müstəqillik haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul etdi. Qanun layihəsi prosedura uyğun olaraq əvvəlcə maddələrlə səsə qoyuldu, cəmi 1 nəfər əleyhinə olmaqla qanun layihəsi qəbul olundu.

İclasdakı müzakirələr zamanı bəzi deputatlar qanunun dili ilə bağlı irad və təkliflərini səsləndirdilər.

Milli Məclisin sədri Sahibə Qafarova təkliflərə münasibət bildirdi. Sədrin reaksiyasından məlum oldu ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvlərinin sayı artırıla bilər. “Əli müəllim (komitə sədri Əli Hüseynli – red.), dilçi deputatların komitəyə üzv olunması məsələsinə baxıla bilər. Biz həmin deputatları komitəyə üzv edə bilərik”, S.Qafarova bildirdi.

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası 15 oktyabrda keçiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir