Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlamentin nümayəndə heyəti 3-cü Avrasiya Qadın Forumunda iştirak etmək üçün oktyabrın 12-də Rusiya Federasiyanın Sankt-Peterburq şəhərinə səfər edib.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Hicran Hüseynova, deputatlardan Pərvin Kərimzadə, Sevinc Fətəliyeva, Ülviyyə Həmzəyeva, Fatma Yıldırım və digər rəsmi şəxslər daxildirlər.
Sankt-Peterburqun “Pulkovo” hava limanında nümayəndə heyətini ölkəmizin Sankt-Peterburq şəhərindəki Baş konsulu Sultan Qasımov, Sankt-Peterburq şəhərinin Xarici Əlaqələr üzrə Komitə sədri Yevgeni Qriqoryev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarsılayıblar.