“Əgər narahatlıq xəstəlik yayılmaqla bağlıdırsa, bunu avtobuslarda yaşanan sıxlıqda axtarmalıyıq…” | DEFAKTO.AZ “Əgər narahatlıq xəstəlik yayılmaqla bağlıdırsa, bunu avtobuslarda yaşanan sıxlıqda axtarmalıyıq…” – DEFAKTO.AZ

“Əgər narahatlıq xəstəlik yayılmaqla bağlıdırsa, bunu avtobuslarda yaşanan sıxlıqda axtarmalıyıq…”

276

İlk dəfə Məhərrəmlik ayı pandemiya dövrünə təsadüf edir.

Bəs bu il Məhərrəmlik ayında dini ayinlər necə yerinə yetiriləcək?

DEVAMM sədri, İlahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat”a bildirdi ki, fərdi ibadət üçün məscidlər açılmalıdır.
Onun fikrincə, məscid və ziyarətgahlarda açıq havada şərait varsa, sosial məsafəni, ümumiyyətlə, bütün COVİD-19-la bağlı protokolları gözləməklə cəm ibadətlərin açılmasını çox rasional və səmərəli addım olardı.

“Necə ki iki qardaş qonşu müsəlman ölkədə – Türkiyə və İranda bunlar baş verməkdədir. İstanbulda açılan Ayasofiya məscidində bütün dünya bunun şahidi oldu. Həmçinin, İranda da bəlli şəraitlə, COVİD-19 protokollarına riayət etməklə məscidlər və ziyarətgahlar fəaliyyət göstərir.
Hətta xristian Gürcüstanda da artıq açıq havada məscidlərin həyətlərində dini ayinlər həyata keçirilir”, – deyə İ.İbrahimoğlu qeyd etdi.

Onun sözlərinə görə, Azərbaycan fərdi ibadət üçün məscidlərin açılmasında çox gecikir: “Təcili şəkildə fərdi ibadət üçün məscidləri və ziyarətgahları açmaq lazımdır, açıq hava şəraiti, həyətləri olan məscidlərdə və ziyarətgahlarda isə cəm ibadətləri həyata keçirmək üçün COVİD19 protokollarını yerinə yetirməklə açılıma getmək olar”.

Hacı İlqar Məhərrəmlikdə məscidlərə daha böyük kütlənin axışması fikrinə gəlincə, əlavə etdi ki, hər halda Ayasofiya məscidinə yığışan sayda yetərincə çox idi:
“Biz qadağalar deyil, şərait yaratmaq istiqamətində fikirləşməliyik. Hansısa məscidlərdə şərait yoxdursa, orada yalnız fərdi ibadətlərə icazə verilsin. Hansı Allah evlərində şərait varsa, cəm ibadətlər üçün şərait yaradılsın.

Ümumiyyətlə, COVİD-19-la birgə yaşamağı öyrənmək strategiyası həyata keçirilməlidir. O cümlədən təhsil, kitabxanalar, teatrlar, muzeylər insanların işlədiyi böyük ticarət mərkəzlərinin açılmasına başlanmalıdır. Təbii ki, bütün qaydalara riayət etmək şərti ilə bu işlər görülməlidir.
Əgər narahatlıq xəstəlik yayılmaqla bağlıdırsa, bunu avtobuslarda yaşanan sıxlıqda axtarmalıyıq, bu istiqamətdə təcili tədbirlər görməliyik.
Avtobuslardakı kimi sıxlıq heç bir yerdə yaşanmır. Ona görə intervalı azaltmaq, marşrutları, reysləri artırmaq lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir