İlham Əliyev İran TIR-larının Qarabağa qanunsuz səfərləri barədə: “Saxtakarlığa əl atdılar” | DEFAKTO.AZ İlham Əliyev İran TIR-larının Qarabağa qanunsuz səfərləri barədə: “Saxtakarlığa əl atdılar” – DEFAKTO.AZ

İlham Əliyev İran TIR-larının Qarabağa qanunsuz səfərləri barədə: “Saxtakarlığa əl atdılar”

47

Prezident İlham Əliyev İran yük maşınlarının qanunsuz olaraq Qarabağa yük daşımasından danışıb.

İlham Əliyev “Anadolu”ya müsahibəsində deyib ki, İran TIR-larının qanunsuz şəkildə Qarabağa getməsi ilk belə hal deyil.

“Bu, işğal vaxtı da baş verdi. Bu TIR-lar ardıcıl şəkildə ora gedirdi. Bizim məlumatlarımız var idi, amma indiki kimi dəqiq bilgi əlbəttə ki, yox idi”, – deyə İlham Əliyev əlavə edib.

İlham Əliyev daha sonra bildirib: “Biz bunu göz önünə gətirərək müxtəlif kanallarla İrana narazılığımızı ifadə edirdik. Lakin bu proses davam edirdi. Müharibə bitdikdən sonra artıq Laçın dəhlizi gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola olan məsafə 5-6 metrdir.

Biz Laçın dəhlizi boyunca Şuşa ətrafında və digər bölgələrdə kifayət qədər texniki izləmə imkanlarına malikik. Orada kameralar var. Peykdən istifadə edirik. Pilotsuz uçuş aparatlarını istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra ora getməyə davam edir. Mən Prezident Administrasiyasının vəzifəli şəxslərinə təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə gətirmək istəmirdik.

Dedik ki, dostca görüşsünlər və buna son verilməsinin vacibliyini söyləsinlər. Çünki, bu, bizə qarşı, ərazi bütövlüyümüzə qarşı hörmətsizlik idi, buna son verilməlidir. Bu görüş səhv etmirəmsə, iyul ayında oldu.

Bundan sonra təbii ki, biz məsələni izləməyə davam etdik, hər ayın əvvəlində bizə məlumat gəlirdi ki, İran TIR-larına ermənicə yazılar yapışdırmağa çalışırlar. Yəni, belə saxtakarlığa əl atdılar, bizi aldatmağa çalışdılar. Bunu elə səriştəsizliklə etdilər ki, avtomobilin üzərində yazılar farsca, aşağı hissədə isə ermənicə idi”.

Prezident qeyd edib ki, İran fəaliyyətini pərdələmək üçün bu üsullara əl atıb.

“Bu vəziyyətdə, bir ay keçdikdən sonra biz rəsmi şəkildə İrana diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Ona şikayətlər bildirildi və bu vəziyyətə son qoyulması üçün xahiş edildi. Ümid edirdik ki, buna son veriləcək.

Lakin 11 avqust-11 sentyabr arasında təxminən 60 İran TIR-ı qeyri-qanuni şəkildə Qarabağa doğru hərəkət etdi. Biz də bunun qarşısını almaq üçün praktiki addımlar atdıq.

Birinci dəfə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfədə isə postlar qurduq (Gorus-Qafan yolundakı postlardan söhbət gedir). Beləcə biz Azərbaycan ərazisindən keçən yolu yoxlamağa başladıq və sonra İran TIR-larının Qarabağa getməsi sıfıra endi. Bu vəziyyətə gətirmək lazım idimi?”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir