“Hərbçimizi girovluqdan xilas etməliyik” | DEFAKTO.AZ “Hərbçimizi girovluqdan xilas etməliyik” – DEFAKTO.AZ

“Hərbçimizi girovluqdan xilas etməliyik”

58

Tural Abbaslı:“Göstərmək istəyirlər ki, guya, Xankəndi və ətrafı bizim deyil, azərbaycanlılar üçün “təhlükəli” bölgədir”

Avqustun 25-də müalicə aldığı Gəncə qospitalını tərk edən hərbi qulluqçumuz Cəmil Babayevin öz torpağımızda erməni separatçıları tərəfindən girov götürülməsi nə qədər hiddət yaratmışdısa, Rusiya sülhməramlılarının generalı Rüstəm Muradovun onu “ziyarət etməsi” bir o qədər etiraza səbəb oldu. General öz qanuni missiyasına uyğun olaraq erməni quldurları tərəfindən Ağdərədə girov saxlanılan C.Babayevi terrorçuların əlindən alaraq bizə təhvil vermədi. Əvəzində girov hərbçimizlə şəkil çəkdirərək, ailə üzvləri ilə əlaqə saxlamağa imkan veriləcəyi barədə “söz” verdi. Xatırladaq ki, Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Cəmil Babayev barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edildiyini bildirib. Məlumata görə, onun qaytarılması istiqamətində beynəlxalq təşkilatlarla müvafiq işlər aparılır. 
Ermənilərin girov saxladığı Cəmil Babayevin taleyi ilə bağlı “Şərq”ə danışan AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, Azərbaycan vətəndaşının öz ərazimizdə girov götürülməsi qətiyyən yolverilməzdir. Partiya rəhbərinin sözlərinə görə, heç bir halda buna hüquqi don geyindirmək mümkün deyil:

“Ağdərə Azərbaycan ərazisidir. Üçtərəfli razılaşmaya əsasən, Rusiya sülhməramlılarının Qarabağa gəlişi ilə paralel erməni silahlıları dərhal ərazilərimizi tərk etməliydi. Hüquqi baxımdan Azərbaycan həmin ərazilərdə sülhməramlılardan başqa heç bir legitim tərəfi tanımır. Bizim üçün orada üçüncü tərəf yoxdur. Qanunsuz erməni silahlıları, separatçılar və terrorçular var. O zaman sual ortaya çıxır ki, Rusiya sülhməramlılarının generalı Ağdərədə kiminlə görüşüb?! Kimlərdir əsgərimizi girov saxlayanlar? Sülhməramlılar bu məsələyə müdaxilə etmir, yaxud etmək istəmirlər. Necə olur ki, müharibədən sonra ələ keçirdiyimiz terrorçuları qaytarırıq, Muradov onları təyyarəyə doldurub Ermənistana aparır, amma bizim hərbçimizin qaytarılmasından danışmır. Halbuki, erməni terrorçuları Azərbaycana təxribat məqsədi ilə keçmişdilər. Cəmil Babayev isə sadəcə hospitalı tərk edərək Ağdərə istiqamətinə gedib. Muradov isə utanmaz-utanmaz deyir ki, “gedib baş çəkmişəm” və “ailəsi ilə əlaqə saxlamağa icazə verilməsini xahiş etmişəm”. Əgər Ağdərədə Ermənistan silahlı bölmələri varsa, o halda Ordumuz niyə dayandı?
Bu fakt açıq-aşkar Rusiya sülhməramlılarının iç üzünü açır. Reallıqda hansı missiyanı icra etdiklərini göstərir. Sülhməramlılar terrorçuların fəaliyyətinə göz yumur, onların diktə etməsinə şərait yaradırlar. Deməli, Rusiya öz missiyasını başa vurmuş sayılır. Azərbaycan tərəfi qaldığı yerdən davam etməli, dərhal anti-terror əməliyyatına başlamalıdır. Hərbçimizi girovluqdan xilas etməliyik”. 
T.Abbaslı hesab edir ki, Rusiya Azərbaycan ictimaiyyətinə psixoloji təsir etməyə çalışır:
“Göstərmək istəyirlər ki, guya, Xankəndi və ətrafı bizim deyil, azərbaycanlılar üçün “təhlükəli” bölgədir və s. Qondarma rejimi zorla qəbul etdirməyə cəhd edirlər. Üç min şəhidi ona görə verməmişik ki, separatçılar, erməni quldurları torpaqlarımızda ağalıq etsinlər.
Heç Rusiyanı qəbul etmirik, onlar isə bizə üçüncü tərəfi qəbul etdirmək istəyirlər. İndi işğal faktı yoxdur ki, ermənilər Cəmil Babayevi Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi illərlə Şuşa həbsxanasında saxlasınlar. Konkret və sərt addım atmağın vaxtıdır”. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir