O ermənilərə Azərbaycanda iş verməliyik və elə şərait yaratmalıyıq ki… – Tural Abbaslı ilə MÜSAHİBƏ | DEFAKTO.AZ O ermənilərə Azərbaycanda iş verməliyik və elə şərait yaratmalıyıq ki… – Tural Abbaslı ilə MÜSAHİBƏ – DEFAKTO.AZ

O ermənilərə Azərbaycanda iş verməliyik və elə şərait yaratmalıyıq ki… – Tural Abbaslı ilə MÜSAHİBƏ

65

Son günlər Ermənistan-Azərbaycan sərhəd xəttində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki separatçı ermənilərin təxribatları bir-birini əvəzləyir. Üstəlik, Rusiyanın dövlət saytında Azərbaycana qarşı təxribata yol verildi, sülhməramlıların yerləşdiyi ərazi “dqr” kimi təqdim edildi. Şuşa və Xocavənd istiqamətində qanunsuz silahlı birləşmələr tərəfindən Azərbaycan Ordusunun postları atəşə tutuldu.

Bütün bunlara cavab olaraq Azərbaycan və Türkiyə ilk dəfə işğaldan azad olunmuş ərazilərdə – Laçında hərbi təlimlərə başladı. Digər tərəfdən, Füzuli Beynəlxalq Hava Limanı ilk təyyarə reysini qəbul etdi. Zəfər yolunun inşası ilə bağlı son tamamlama işləri aparılır.

Nə baş verir? Separatçıların başına dəmir yumruq endiriləcəkmi? Qanunsuz silahlı birləşmələrin təxribatları göy əsgiyə büküləcəkmi? Rəsmi Bakının baş verənlərə cavabı nə olacaq?

Bu kimi suallara cavab tapmaq üçün Ağ Partiya başqanı Tural Abbaslının fikirlərini öyrənməyə çalışdıq. T.Abbaslı Publika.az-a müsahibəsində bildirdi ki, Laçındakı təlimlər onu göstərir ki, anti-terror əməliyyatları keçirilə bilər.

– Tural bəy, ötən gün Azərbaycan və Türkiyə hərbçiləri ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə – Laçında hərbi təlimlərə başladı. Eyni zamanda son günlər, elə ötən gecə də separatçılar Qarabağda atəşkəsi pozdular. Bütün bunlar nədən xəbər verir?

– Təbii ki, Qarabağdan anti-terror əməliyyatlarının qoxusu gəlir. Nəinki qoxusu gəlir, artıq anti-terror əməliyyatı qaçılmaz fəaliyyətlərdəndir. Çünki Ermənistan 10 noyabr üçtərəfli razılaşmasına əməl etmir. Tam əks fəaliyyətlə məşğuldurlar. Məsələn, hələ də Zəngəzur dəhlizini açmırlar. Eyni zamanda Qarabağdakı qanunsuz silahlı birləşmələr hələ də oranı tərk etməyiblər. Bir sıra digər nüanslara da əməl etmək niyyətində deyillər. Ən azından davranışlarından bunu görmək olar. Hətta bizə hücumlar olur, “dqr”in varlığını sübut etməyə çalışırlar. Yenidən qanunsuz silahlı birləşmələrdən ibarət “ordu” formalaşdırmağa cəhd göstərirlər. Qıcıqlandırıcı bəyanatlar verirlər. Bunu da açıq tərzdə edirlər. Bu da bizə anti-terror əməliyyatlarına başlamaq üçün hüquqi əsaslar verir.

– Bu kimi məsələlərdə sülhməramlı missiyanı üzərinə götürmüş Rusiyanın fəaliyyətini necə dəyərləndirirsiniz?

– Bu məqamda biz Rusiyanın fəaliyyətini dəyərləndirsək, görərik ki, onların fəaliyyəti artıq bitərəf sülhməramlı missiyasından çıxıb. Ruslar birbaşa Ermənistan tərəfinə, eləcə də Qarabağdakı separatçılara dəstək verən tərəf kimi çıxış edirlər. Bu da təsadüfi deyil. Məsələn, son günlər Rusiya Müdafiə Nazirliyinin rəsmi müraciətində satınalmalarla bağlı tenderdə Qarabağı ayrıca bir “dövlət” kimi göstərmək cəhdini gördük. Öz ərazimizdə girov saxlanılan əsgərimizi Rusiya sülhməramlı kontingenti özündə yox, üçüncü bir tərəfdə olmuş kimi təqdim edir. General Muradov da “gedib görüşdüm, çalışacam ki, yaxın günlərdə ailəsi ilə görüşsün” kimi danışıqlarla Qarabağda üçüncü “tərəfin” varlığını sübut etməyə çalışır. Eyni zamanda müxtəlif adlarla, bəhanələrlə Qarabağ ermənilərindən ibarət “ordu” formalaşdırılmasına cəhdlər edilir. Yeniyetmə və gəncləri toplayıb “gənc döyüşçü” adı altında hansısa oyunlar təşkil olunur. Artıq Rusiya bu məsələdə tərəf kimi çıxış edir.

– Bəs anti-terror əməliyyatlarına başlamadan öncə görəcəyimiz hansısa işlər varmı?

– Bəli, biz anti-terror əməliyyatlarını keçirmədən öncə 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan çıxmalıyıq. Eyni zamanda Rusiyanın sülhməramlı missiyasından imtina etməliyik ki, anti-terror əməliyyatları zamanı bu ölkə ilə qarşı-qarşıya gəlməyək. Amma hər halda, beynəlxalq ictimai rəydə biz Rusiyanı tərəf kimi qəbul etməliyik. 10 noyabr razılaşmasına təkcə Ermənistanın yox, Rusiyanın da əməl etmədiyini göstərməliyik. Ən azından beynəlxalq rəyi yanımıza alaraq anti-terror əməliyyatlarına başlamalıyıq. Əks təqdirdə bizim üçün çətin olacaq. Çünki daxildən Rusiya, kənardan Amerika, Fransa… beynəlxalq rəy bizə qarşı olsa, Qarabağda anti-terror əməliyyatını keçirməyimiz çətinləşəcək.

– Son günlər atəşkəs tez-tez pozulur. Məhz bu fonda Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin sanki fəaliyyətsizliyi görünür. Sizcə, nə baş verir?

– Təəssüflə qeyd etməliyik ki, Monitorinq Mərkəzi ilk gündən elə “ölü” doğulmuş bir qurum oldu. Xatırlayırsınızsa, onsuz da bir qədər gec yaradıldı. Simvolik sayda türk əsgərləri gəldi. Onların sayına da baxanda görürük ki, sayları simvolik xarakter daşıyır. Bu, onların nizamnaməsində də görünür. Onların işi atəşkəsi monitorinq etmək və onu qeydə almaqdır. Biz desək ki, Monitorinq Mərkəzinin fəaliyyəti zəifdir, onlar da qeydə aldıqları qayda pozuntularını göstərəcək ki, baxın, bizim işimiz atəşkəs pozuntularını qeydə almaqdan ibarətdir. Əslində, bəlkə də baş verən hadisələrdə Türkiyə bilərəkdən sakit qalıb ki, həmin “fəaliyyətləri” rahat şəkildə qeydə alsın. Yəni sabah biz ictimai rəydə Rusiyanın qarşısına faktları qoya biləcəyik. Biri var, ictimai rəydə Rusiyanın nələri etdiyinə fikir bildirəsən, biri də var ayın tarixindən saatlarına qədər qarşıya faktlar qoyasan. Fikrimcə, Monitorinq Mərkəzi bunu edir. Türkiyə kontingenti oradakı faktları qeydə alır. Sabah həmin faktlar bizə çox lazım olacaq.

– Füzuli Beynəlxalq Hava Limanında bu ayın sonuna qədər axırıncı tamamlama işləri də başa çatacaq. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə daha iki hava limanının da təməli atılıb. Bu qədər hava limanlarını açmaq nəyə xidmət edəcək? 9-10 ay ərzində işğaldan azad olunmuş ərazilərdəki sürətli yenidənqurma işlərini necə qiymətləndirirsiniz?

– Təbii ki, ilk növbədə hava limanları və nəqliyyat yolları bərpa edilir. Kommunikasiya xətləri yenidən qurulur. Demək olar ki, artıq Zəfər yolu da tamamlanıb. Hava limanları tikilir. Görülən işlər birinci növbədə həmin əraziləri Azərbaycana inteqrasiya etməyə hesablanıb. Həmin ərazilərdə Azərbaycanın varlığını hiss etdirməyə çalışırıq. Yaşayışı bərpa etmək üçün ilk növbədə nəqliyyat xətləri çəkilməlidir. Ondan sonra digər nüanslar gəlir. Burada psixoloji savaşın elementləri də var. Azərbaycan tərəfi həm Ermənistana, həm də bütün dünyaya göstərir ki, bu ərazilər mənimdir. Yəni mən burada yol çəkirəm, hava limanı tikirəm və sabah beynəlxalq səviyyədə hava gəmilərini qəbul edəcəyəm. Bunlar həm psixoloji, həm də praktiki baxımdan önəmli addımlardır. 9 ay ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilməsi Ermənistan cəmiyyətində psixoloji sarsıntı yaradır. Düşünürlər ki, artıq o torpaqları qaytarmaları xəyal olur, çünki Azərbaycan orada hava limanı tikir, ən müasir standartlara cavab verən yol çəkir. Eyni zamanda düşünürlər ki, onlar orada elektrik stansiyaları tikirlər, infrastruktur yaradırlar. Yəni artıq azərbaycanlılar Qarabağda oturuşublar. Bu məsələlərdə həm də psixoloji savaşın predmetləri mövcuddur. Əks tərəf də eyni şeyləri edir. Rusiya da Ağdərə ərazisində su anbarı tikir və ya yollar, xətlər çəkməyə çalışır. Bir sözlə, ermənilərin orada “varlığını” sübut edəcək addımlar atır. Buradakı psixoloji savaşın tərəfi Ermənistan və ya Qarabağdakı separatçılar deyil, həm də Rusiyadır. Yəni Rusiya da eyni psixoloji addımları bizə qarşı atır. Bunun nə qədər effektiv olub-olmadığını zaman göstərəcək. Misal üçün, Rusiya Xankəndidəki separatçıların “fəaliyyətlərinə” göz yumur. Separatçılar simvolik də olsa “qələbə günü” keçirirlər və ya “bayraqları” hələ də Xankəndidə dalğalanır. Eləcə də Qarabağdakı qanunsuz silahlı birləşmələri “üçüncü tərəf” kimi təqdim edirlər. Eyni zamanda bu da Azərbaycana qarşı psixoloji savaşdır. Bütün bunlarla yanaşı, Zəfər yolunun inşasının tamamlanması, Füzuli Hava Limanının tikintisinin başa çatması, istifadəyə verilməsi Azərbaycanın maraqlarına tam şəkildə cavab verir. Biz bu məsələlərdə iqtidar-müxalifət anlayışını bir kənara qoyub yenidənqurma işlərini təqdir etməli, dəstəkləməliyik. Nəinki nüanslar axtarıb tənqid etməliyik. Həmçinin vətəndaşlarımız Xankəndiyə, Xocalıya qayıtmalıdır. Üçtərəfli bəyannamənin şərtlərindən biri də budur.

– Son həftələr Xankəndidə və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşayan ermənilər ailəlikcə Azərbaycanın nəzarətində olan ərazilərə gələrək yaşaya bilmədiklərini deyirlər. İndiki şəraitdə, məhz indiki məqamda biz onları qəbul etməliyikmi? Öz qanadlarımız altına almalıyıqmı?

– Bilirsiniz, əhali bu məsələyə çox fikir verməsə də, biz ümumiyyətlə Qarabağ konflikti dönəmində də orada yaşayan Azərbaycan vətəndaşlarından imtina etməmişdik. Ən qatı qarşıdurma dönəmində belə, oradakı ermənilərin adları bizim seçki siyahılarımızda var idi. Xocalı, Xankəndi və Ağdərədə seçki dairələrinə düşən məntəqələrdə onların adları kifayət qədərdir. Onlar onsuz da bizim vətəndaşlarımızdır. Biz həmin ermənilərdən imtina etməmişik. Sabah həmin erməni gəlib Bakıda ev, mülk almaq, işləmək istəyər. Azərbaycan hüquqi baxımdan buna mane olmamalıdır. Hətta bundan piar kimi istifadə edilməlidir. Bu, psixoloji savaşın tərkib hissəsi olmalıdır. Yəni oradakı ermənilər hansısa “artsax” və başqa “dövlət”dən imtina edib və öz dövlətinə – Azərbaycana sığınıb. Biz həm də bunu dünyaya göstərməliyik. Biz bunun əksinə getsək, dünya deyəcək ki, Azərbaycan Xankəndidəki və digər yerlərdəki erməniləri inteqrasiya etdirə bilməyəcək, onlara sahib çıxa bilməyəcək, ona görə də bunlara muxtariyyət vermək lazımdır. Biz bu məsələlərdə çox diqqətli olmalıyıq. Təbii ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan ermənilər bizə müraciət edərlərsə, onlara iş də verilməlidir, şərait də yaradılmalıdır ki, digər Azərbaycan vətəndaşları kimi dövlətimizin imkanlarından istifadə etsinlər. Rusiya isə bunun əksini edir. Yay aylarında Xankəndidə su problemi yarananda oradakı ermənilər Azərbaycana yönəlməyə başladılar ki, biz öz suyumuzu, dolanışığımızı belə təmin edə bilmiriksə, hansı “dövlət”dən söhbət gedə bilər? Rusiya isə orada su anbarı tikir və deyir ki, narahat olmayın, burada su anbarı da olacaq. Üstəlik, iş yerləri açmağa çalışır ki, siz narahat olmayın, burada hansısa “dövlət” və “dövlətçilik” var. Ona görə biz bu cür müraciətlərə diqqətlə yanaşmalıyıq. Hətta digərlərinə nümunə olacaq addımlar atmalıyıq. Yəni rusiyalı sülhməramlıların nəzarətindəki əhali hansısa “perspektivdən” imtina etsin və Azərbaycan dövlətinə sığınsın.

Tural Turan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir