Zəngəzur dəhlizinin açılması məsələsi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr Bəyanatında əksini tapıb.
Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin dəhlizlə bağlı son açıqlaması ilə əlaqədar jurnalistin sualına general belə cavab verib:
“Dəfələrlə söyləmişəm: 10 noyabr sənədini diqqətlə oxuyun, orada təsadüfən bir söz, hərf yazılmayıb, orada hər şey qeyd olunub”.
Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalına gəlincə, Akpyan qeyd edib:
“Bütün dünya ölkələri müharibəyə hazırlaşır və gözləyir. Ermənistan geridə qalmamalıdır”.
Xatırladaq ki, Prezident İlham Əliyev bundan əvvəl bölgədə nəqliyyat dəhlizlərinin açılması ilə bağlı açıqlama verərək, bu kontekstdə qəti mövqeyini Ermənistanın diqqətinə çatdırıb.
“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, – prezident vurğulayıb.
Əlavə edək ki, Ermənistan 10 noyabr bəyanatı üzrə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz və sərbəst keçidlə bağlı üzərinə öhdəlik götürüb.