Bakı Ukrayna-Rusiya danışıqlarının meydanı ola bilər? (ŞƏRH) | DEFAKTO.AZ Bakı Ukrayna-Rusiya danışıqlarının meydanı ola bilər? (ŞƏRH) – DEFAKTO.AZ

Bakı Ukrayna-Rusiya danışıqlarının meydanı ola bilər? (ŞƏRH)

5

“Mövcud ümumi geosiyasi mənzərə Ukrayna ilə Rusiya arasındakı məsələlərdə Bakının bir müzakirə platforması olması imkanını gücləndirir”.

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Bakının Ukrayna ilə Rusiya arasında danışıqlarda müzakirə məkanı olması imkanını dəyərləndirərkən bu fikirləri səsləndirib. 

Həmsöhbətimizə görə, hazırki geosiyasi şərtlər Rusiya ilə Ukrayna arasında münasibətlərin tənzimlənməsi üçün ortaya müəyyən münbit şərait çıxarıb:

“Bunun da 3 səbəbi var. Ukrayna müharibəsi Rusiya ilə Qərb, daha konkret Rusiya ilə ABŞ arasında mübarizənin ən gərgin məkanıdır. Rusiya ilə gərginlikdə maraqlı olan Bayden adminstrasiyası tədricən hakimiyyəti təhvil verir. Yerinə Rusiya ilə münasibətləri daha yumşaq kontekstdə qurmağa çalışan Tramp gəlir. Ukrayna müzakirələrinin əsas motivi də məhz bundan qaynaqlanır. Mövcud gərginlik iqtisadi, siyasi, sosioloji, ictimai mənada Avropanın da vəziyyətini çətinləşdirib. Rusiya ilə Avropa arasında enerji münasibətləri, ticarət əlaqələri mövcud idi. Sanksiyalar səbəbindən həm Rusiya, həm də Avropa iqtisadiyyatı ciddi çətinliklər yaşayır. Bu da Avropa İttifaqının motoru olan Almaniyada xüsusilə özünü göstərir. Almaniya avtomobil sənayesində ciddi banktor, iflaslar və kiçilmələr baş verib. Nəticədə Almaniya daxil müxtəlif Avropa ölkələrində son 3 ildə siyasi böhranlar, hakimiyyət dəyişiklikləri, növbədənkənar seçkilər baş verir”.

Ekspertin fikrincə, Ukraynanı gündəmə gətirən digər məsələ Suriya məsələsidir:

“Əsədin gedişi və Moskvanın ona reaksiya göstərməməsinin də Ukraynadakı sülh müzakirələrilə birbaşa əlaqəsi vardır”.

Ekspert deyir ki, sülh müzakirəsinin ənənəvi məkanı olaraq İsveçrənin əhəmiyyəti itib:

“Müzakirələrin harada davam etdirilməsi geosiyasi mənzərə baxımından önəmlidir. Çünki hansı meydançada keçirilərsə, həmin meydança da psixoloji və siyasi üstünlük qazanır. Bu cür müzakirələrin adətən tərəfsiz meydanlarda olması nəzərə alınır. Ənənəvi olaraq tərəfsiz meydan deyərkən daha çox İsveçrə yada düşür. Lakin İsveçrə Ukrayna məsələsində konkret mövqe göstərərək, Qərbin tərəfində dayanıb. İsveçrə banklarındakı rusiyalılara məxsus pullar bloklanıb. Rusların həmin ölkəyə diplomatik səfərlərində problemlər yaşanıb. Bu cərçivədə İsveçrə tərəfsizliyini itirib”.

Nazim Cəfərsoy bu yöndə Türkiyənin də uyğun məkan olmadığı qənaətindədir:

“Türkiyə də NATO üzvü olması və Ukraynaya silah verməsi fonunda Moskva və Ankaraya xüsusi nüfuz verməmək üçün Vaşinqtonun seçmək istədiyi uyğun yer kimi görünmür”.

Bu kontekstdə ekspertin fikrincə, əsas məkan yeri olaraq Azərbaycan önə çıxır:

“Bakı həm Amerika, həm Avropa İttifaqı, həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlər qurub. Azərbaycanın beynəlxalq arenada atdığı son addımlar Bakıya belə məsələdə platforma olmaq imkanı verir. Üstəlik Azərbaycan bunun ilkin təcrübələrini də edib. Azərbaycan Prezidentinin avqustda verdiyi açıqlamalarından anlaşıldı ki, Aİ Rusiya ilə Ukrayna arasındakı enerji münasibətlərində Bakının vasitəçi rolunu xahiş edib və ölkəmid də bu rolu oynayıb. Həmin zaman Ukraynadan keçən rus enerji xətlərinin gələcəyilə bağlı müxtəlif müzakirələr vardı. Onların həllində Azərbaycan xüsusi rol oynayıb. COP29-da Ukrayna və Rusiyadan da müəyyən heyətlər Bakıya gəlib. İstisna etmirəm ki, görüşlər çərçivəsində bu məsələ də gündəmə gəlib, hətta bəlkə hər iki ölkənin heyətləri arasında gizli görüşlər də olub. Həmçinin, son dövrlər Bakıya Böyük Britaniya və ABŞ-ın kəşfiyyat rəhbərləri təşrif buyurub. Düşünürəm ki, bu səfərlərin başqa mövzularla yanaşı, Ukrayna və Rusiya müzakirələrilə də birbaşa əlaqəsi mövcuddur”.

Qeyd edək ki, ABŞ-da Trampın hakimiyyətə gəlməsilə Ukrayna ilə Rusiya arasında savaşın bitəcəyi ehtimalı geniş vüsət almağa başlayıb. Tərəflərin son zamanlardakı hərəkətləri də belə düşünməyə əsas verir. Belə ki, bu günə qədər sülh məsələsini yaxına buraxmayan müharibə tərəfləri, xüsusən də Kiyev indi daha tez-tez həmin məsələni gündəmə gətirir. Belə olan halda, Kiyevlə Moskva arasında danışıqların məkanı məsələsi də aktuallaşmağa başlayıb. Belə bir məkan rolunda bir sıra ölkə və şəhərlərin adı hallansa da, əsasən Bakının adı çəkilir. Çoxsaylı ekspertlər Bakının Rusiya ilə Ukrayna arasında müzakirə məkanı olması ehtimalını daha yüksək qiymətləndirirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir