Sülh üçün geri sayım başladı: 20 yanvardan sonra şərtlər dəyişəcək. | DEFAKTO.AZ Sülh üçün geri sayım başladı: 20 yanvardan sonra şərtlər dəyişəcək. – DEFAKTO.AZ

Sülh üçün geri sayım başladı: 20 yanvardan sonra şərtlər dəyişəcək.

15

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Nikol Paşinyan yenidən ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyündən danışıb. Qarşıdakı 27-i gündə yekun razılaşmanın əldə edilməsi nə dərəcədə realdır?

– Təbii ki, sülh sazişini bu ərəfədə imzalamaq mümkündür. Amma bu ilin axırına kimi sülh sazişinin imzalanmasını tələsdirən məqamlar nədən ibarətdir? Bu məsələ aydınlaşmalıdır. Yeni ilin ilk iki-üç ayında razılaşma imzalansa nə olar, dünya dağılar? Çünki ilin axırına kimi sülh əldə olunmasa, müharibə başlamayacaq. Ona görə də sülh sazişinin imzalanacağı ilə bağlı konkret vaxt təyin edilməsi məntiqli deyil. Bir vaxt deyirdilər ki, Bakıda keçiriləcək COP29 tədbirləri öncəsi imzalana bilər. Sonra da dedilər COP vaxtı imzalamaq olar. İndi də ilin sonuna kimi razılaşmaya imza atmağın mümkünlüyündən danışılır. Bu yanaşmalar real siyasətdən uzaq anlayışlardır.

– Sülhlə bağlı bu cür tələsik qərarların verilməsinə sövq edən amillər nədən ibarətdir?

– Sözsüz ki, bu, təbliğat xarakteri daşıyır. ABŞ-da Cozef Bayden adminstrasiyası hakimiyyətdən getmək ərəfəsindədir. Onlar 2025-ci ilin 20 yanvarına kimi hakimiyyətdə olacaqlar. Yeni seçilmiş Donald Trampın inaqurasiyasından sonra Baydenin səlahiyyətləri bitir. İstəkləri odur ki, Baydenin səlahiyyətləri bitmədən hansısa nailiyyətləri olsun. Bunu hakimiyyətlərinin uğuru kimi qeyd etmək istəyirlər. İsraili Livanla 60 günlük atəşkəsə razı saldıqları kimi Azərbaycanla Ermənistan arasında da tez-tələsik sülh sazişini imzalatmaqla “biz nəyisə bacardıq” – demək niyyətləri var.

– Bakı və İrəvandan verilən açıqlamalar onu deməyə əsas verir ki, sülh sazişi üzrə razılaşmada xeyli irəliləyiş var…

– İki tərəf arasında danışıqlar getməli, iş aparılmalıdır. Əslində tərəflər sülh sənədinin imzalanmasına xeyli yaxınlaşıb və bu mümkündür. Amma vaxt baxımından burada məcburi heç nə yoxdur.

– Bakının real tələblərinin təmin olunmaması fonunda İrəvanla sülh sənədinə imza atmaq nə dərəcədə məntiqli görünür?

– Ona görə də “ilin axırına kimi sülh sazişinə imza atmaq olar” demək lazım deyil. Çünki ilin sonuna kimi Ermənistan Konstitusiyasını dəyişmək mümkün olmayacaq.

– Həll yolu necədir?

– Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan əsassız ərazi iddialarının aradan qaldırılması ilə bağlı öhdəlik götürə bilər. Bu halda hansısa sənədin imzalanması realdır.

– Rəsmi İrəvanın Türkiyə ilə əlaqələri qurmaq üçün sülhlə bağlı tələsgənlik etdiyi də iddia olunur…

– Türkiyə ilə Ermənistan arasında münasibətlərin qaydaya salınması, diplomatik əlaqələrin qurulması üçün ilk şərt kimi Bakı ilə İrəvan arasında olan məsələlər həll olunmalıdır. Azərbaycanla Ermənistan arasında sülh əldə edilməsə, Ankara İrəvanla hansısa bir addım atmaq niyyətində deyil.

– Ermənistan Konstitusiyasında dəyişiklik etmədən sülh sazişini hansı şərtlərlə imzalamaq olar?

– Ermənistan Konstitusiyasındakı əsassız iddiaları aradan qaldırmaq üçün referendum keçirilməlidir. Amma Ermənistanın müstəqillik bəyannaməsindəki müddəaları aradan qaldırmaq olar. Ermənistan parlamenti bununla bağlı qərar verməlidir. Həmçinin sülh sənədi imzalanarkən Ermənistan hökuməti bununla bağlı öhdəlik götürməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir