“Birləşmiş Millətlər İqlim Zirvəsinin COP 29-un Azərbaycanda keçirilməsi, Azərbaycanın son dövrlər üçün 32 illik uğurlu tarixi baxımından çox mühüm hadisədir. Bu tədbir ölkənin əldə etdiyi beynəlxalq etibarlılığın, beynəlxalq nüfuzunun, Qafqaz bölgəsindəki gücünün, müstəqil və təhlükəsiz ölkə olmasının göstəricisidir.
Dünya üzrə 72 minə yaxın insanın qatıldığı, 3 minə yaxın jurnalistin izlədiyi, 169 ölkədən nümayəndələrin iştirak etdiyi bu tədbirin Azərbaycanda keçirilməsinin çox böyük əhəmiyyəti var. Azərbaycan beynəlxalq öhdəliyini uğurla və məsuliyyətlə yerinə yetirir”.
Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz Musavat.com-un müxbirinə müsahibəsində deyib.
General bildirib ki, bu tədbir eyni zamanda Qarabağ zəfərindən sonra bölgədəki təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın əsas təminatçısının Azərbaycanın olmasının bir təsdiqdir. Böyük ölçüdə bir tədbiri dünya miqyasında təşkil edə biləcək ölkələrdən biri olmaq heç də asan deyil.
-Mənim şəxsi qiymətləndirməmə görə, indiyə qədər Azərbaycanda keçirilmiş Avropa Oyunları və digər beynəlxalq tədbirləri də nəzərə alsaq, tədbir 32 illik dövrün ən əhəmiyyətli hadisəsidir.
Həmçinin, bu qədər insanın rahatlıqla ölkəyə gəlişi, tədbirdə iştirak etməsi, qonaq edilməsi və böyük bir tədbirin təşkil olunması Azərbaycanın dünyadakı yerini və gücünü göstərdi.
– Yücel bəy, Qərbin bəzi liderləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron qərəzli şəkildə COP 29-a qatılmadı. Lakin Fransa bununla kifayətlənmədi, hətta havadarlıq etdiyi digər ölkələri də Azərbaycana gəlməməyə təşviq edirdi. Sizcə ölkəmizdə Paris iqlim sazişinin konfransının keçirildiyi bir dövrdə Makronun tədbirə qatılmaması məntiqsizlikdən xəbər vermirmi?!
– Makronun tədbirə qatılmaması daha yaxşıdır. Normal olan budur. Çünki Fransa prezidentinin Qafqaza, xüsusən də Azərbaycana qarşı ikili standartlı, haqq və hüquqdan uzaq siyasətinə nəzər salsaq, Fransanın artıq arenada tək qaldığını görürük. Sanki bu ölkə dünya içində ayrıca bir dünya qurub. Makron Azərbaycana gəlməməklə, əslində, nə qədər kompleksli olduğunu göstərdi. Bu, həmçinin Makronun Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini, sülhə doğru addımlar atmasını həzm edə bilməməsinin nəticəsidir. Əlbəttə ki, Fransa lideri Azərbaycanın diplomatik qələbəsini qəbul edə bilmir. Yaxşı ki, Makron gəlmədi, onun yoxluğunda tədbir çox uğurlu baş tutur. Müstəmləkələri olan Fransanın dünyaya deyəcək sözü yoxdur.
– Həmçinin Ermənistan da COP 29- a qatılmadı. Sizcə bu sülh prosesinə hansısa dərəcədə təsir edə və münasibətləri daha da soyuda bilərmi?
– Ermənistan təbii ki, siyasi təzyiqlərə görə COP29-a qatılmadı. Bu, həm də Ermənistanın daxili siyasi ilə əlaqədardır. Paşinyan narahat idi, düşünürdü ki, Azərbaycana gələrsə, Ermənistanla Azərbaycan arasındakı mövcud durumu, strateji mövqeni qəbul etmiş sayılacaq və bu ölkəsində aqressiv reaksiyalarla qarşılana bilərdi. Bütün hallarda Ermənistan nümayəndələrinin Bakıya gəlməməsi sülh prosesinə ciddi təsir etməyəcək.
– Rusiyanın XİN sözçüsü Mariya Zaxarova iddia edir ki, Ermənistan üçtərəfli formatlarda fəaliyyətini dondurub. Onun sözlərinə görə, rəsmi İrəvan Qərbin təzyiqi ilə üçtərəfli işçi qrupda, eyni zamanda bütün üçtərəfli formatlarda fəaliyyətini dondurub. Belə olan halda danışıqların gedişatı gələcəkdə necə ola bilər.
– Ermənistan üç tərəfli bəyannamənin imzalanmasından 4 il keçməsinə baxmayaraq, verdiyi sözləri yerinə yetirmir. Rusiya isə bu halda açılacaq dəhlizlərin təhlükəsizliyi, ona nəzarətin, ümumiyyətlə isə Qafqaz bölgəsində əldə etməyə çalışdığı çıxarlardan məhrum olacağından narahatdır. Ümumilikdə isə deyə bilərəm ki, Azərbaycan və Ermənistan hər hansısa təşkilat və ölkə olmadan sülhü əldə edə bilərlər.
– Donald Tramp prezident seçkilərində qalib gəldi. Bəllidir ki, o, əvvəlki dönəmində olduğu kimi yenə də Çinə qarşı ticarət savaşını davam etdirəcək və Orta Dəhliz layihəsinə qarşı çıxacaq. Orta Dəhliz layihəsinə maneə birbaşa Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaq deməkdir. Çünki Zəngəzur dəhlizi Orta Dəhlizin bir hissədir. Belə görünür, Tramp hakimiyyəti dövründə ABŞ yenə dəhlizlərin açılmasına mane olacaq…Bu haqda fikirlərinizi bilmək istərdim.
-Trampla bağlı söz demək çətindir. Çünki bu şəxs nəzarət edilə bilən və proqnozlaşdırılan lider deyil. O daha praqmatik, yaxın zamanlı işlərlə məşğul olmağı sevir. Əlbəttə, Çinə qarşı mübarizə aparmaq ABŞ-nin və NATO-nun əsas hədəfidir. Dolayısı ilə də Çinin iqtisadiyyatına töhfə verəcək layihələrə qarşı çıxır. Lakin ABŞ-ni dünyadakı tək güc, hər dediyi olacaq bir dövlət kimi görməməliyik. Onun da daxili problemləri var, onların həlli ilə məşğuldur. Bu baxımdan Tramp üçün öncəlik Orta Dəhliz və ya Zəngəzur dəhlizi deyil. Buna görə də başlanmış olan layihəni bölgə dövlətləri ilə koordinasiyalı formada şəkilləndirməyə davam etməliyik.
-Trampın hakimiyyəti dövründə ABŞ – Azərbaycan münasibətləri necə olacaq?
-Trampın hakimiyyəti dövründə münasibətlərdə yeni başlanğıc edilə bilər. Tramp bəzən məntiqli qərarlar verən liderdir. Əgər Azərbaycan milli maraqlarını bir dialoq çərçivəsində uyğun platformalarda ABŞ ilə davam etdirərsə, yeni zəmin yaranacaq.
– Ukrayna- Rusiya savaşının bitməsi gözlənilir. Qeyd edilir ki, yanvar ayında sülh bağlana bilər. Sizcə Tramp hökuməti Bayden administrasiyasından fərqli olaraq bu sülhü tezləşdirəcəkmi?
– Donald Tramp çıxışlarında deyir ki, bir gün ərzində müharibəni bitirə bilər. Siyasi şərhçilər də bunun baş verə biləcəyinə inanırlar. Çünki Trampın öncəliyi Rusiya-Ukrayna müharibəsi deyil. Əsas planda Çinə və Orta şərqdə İsrailə yönəlmiş fəaliyyət durur. Tramp Rusiyanın qıcıqlandırıldığını, təhrik edildiyini və buna görə müharibənin baş verdiyini bildirir. Hələ yanvar ayına qədər çox uzun zaman var. Bayden hakimiyyətdən getməmişdən öncə uzun mənzilli ballistik raketləri Rusiyaya qarşı istifadə etmə icazəsini Zelenskiyə verdi. Buna görə də üçüncü dünya müharibəsinin başlanmasına səbəb olacaq hadisələr ola bilər. Çünki Bayden hələ də atəşlə oynayır və bu çox pis hadisələrə səbəb ola bilər.