İsrail Müdafiə Qüvvələri Livanda xüsusi təyinatlıların da iştirak etdiyi kiçik quru missiyalarını əhatə edən kəşfiyyat əməliyyatlarına başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik-Arabia” məlumat yayıb.
Məlumata görə, İsrail ordusu tanklarla Livanın cənubuna doğru irəliləməyə başlayıb.
Bildirilir ki, zirehli texnikalar Livanın cənubundakı Rmeiş kəndi, Mercayun düzənliyi, Ebl əs-Səki, Hiyam və Kefr Kila bölgələrinə artilleriya atəşi ilə hücum edib.
O da qeyd olunub ki, Livan ordusu İsrail sərhədinə yaxın mövqelərini tərk edərək sərhəddən bir neçə kilometr geri çəkilib.
Xatırladaq ki, bir neçə saat öncə İsrailin müdafiə naziri Yoav Qallant İsrailin Livanda mümkün quru əməliyyatı ilə bağlı açıqlama verib.
***
Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, İsrail Livanla sərhəddəki üç bölgəni qapalı hərbi zona elan edib.
Bildirilib ki, Metula, Misgav Am və Kfar Giladi rayonlarına giriş qadağandır.
“Al Arabiya” və “Al Hadath” İsrail tanklarının 2006-cı ildən bəri ilk dəfə Livan ərazisinə daxil olduğunu bildirib.
***
“Sputnik Arabia”nın məlumatına görə, Livanın cənub səmasında İsrail hərbi təyyarələrinin intensiv uçuşu başlayıb.
Livanın cənubunda şərq sektorunda yerləşən Xiam, Kafr Kila, Əl-Vazzani, Kafr Şuba və Əl-Adisa şəhərləri artilleriya və tanklarla bombalanır.
Qeyd olunub ki, xüsusən də Vazzani, Xiam, Kafr Kila və Əl-Adisa şəhərlərini hədəf alan şiddətli artilleriya atəşi var və yanğınların başlaması üçün fosfor bombalarından da istifadə edilir.
***
İsrail ordusu Beyrutun cənubundakı Haret Horeik və El Leylaki məhəllələrinin sakinlərini yaxın saatlarda hava hücumu təhlükəsi ilə bağlı ərazini tərk etməyə çağırıb.
Həmçinin, Burj əl-Barajna qaçqın düşərgəsinin sakinlərinə də xəbərdarlıq göndərildiyi bildirilir.
***
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller qeyd edib ki, İsrail Livanda bir sıra məhdud quru əməliyyatlara başlayacağı barədə ABŞ-ni məlumatlandırıb.
***
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları təxliyə xəbərdarlığının ardınca Beyrutun cənub bölgələrinə zərbələr endirməyə başlayıb.
***
İsrailin hərbi-siyasi kabineti Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatın növbəti mərhələsini təsdiqləyib.
Bu barədə “Ynet” portalı məlumat yayıb.
Bizi Telegramda izləyin