İran İsraillə müharibəyə HAZIRLAŞIR | DEFAKTO.AZ İran İsraillə müharibəyə HAZIRLAŞIR – DEFAKTO.AZ

İran İsraillə müharibəyə HAZIRLAŞIR

19

axın Şərqdə vəziyyət gərgin olaraq qalmağa davam edir. HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran İsrailə cavab verəcəyini bildirib. Ancaq hələlik iki ölkə arasında birbaşa toqquşma yaşanmayıb.

İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə açıqlamasında yenidən Haniyənin öldürülməsinin cavabsız qalmayacağını bildirib: “İran Yaxın Şərqdə sabitliyi pozmağa çalışmır, lakin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi cavabsız qalmayacaq”.

İranın İsrailə cavabının gecikməsi hücumun təxirə salına biləcəyi barədə müşahidələrə səbəb olub.

“Pezeşkianın pozucu tərəf olmaq istəmədikləri ilə bağlı açıqlaması saxtadır”

DEFAKTO.az-a danışan Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, Məsud Pezeşkianın İranın regionda pozuculuq fəaliyyəti ilə məşğul olmadığı, yaxud regionda sabitliyi pozan amil olmaq istəmədiyi barədə açıqlaması reallığı əks etdirmir:

“Bütün regiona bağlı insanlar, regionla əlaqədar fəaliyyət göstərən təşkilatlar, dövlətlər çox gözəl bilir ki, SEPAH-ın hazırladığı xüsusi qüvvələr var. Bu qüvvələr İraqda, Suriyada, Livanda və Fələstində fəaliyyət göstərirlər. Adıçəkilən qüvvələrin hamısı təhlükəsizliyi, sabitliyi təhdid edir. Məsud Pezeşkian “Həşdi Şabi”nin, Suriyadakı Qüds qüvvələrinin hazırladığı silahlıları necə inkar edə bilər? Livandakı Hizbullahın İrana aid olmadığını, HƏMAS-la əlaqələrin mövcud olmadığını Pezeşkian necə əsaslandıra bilər? 7 oktyabr müharibəsindən sonrakı prosesdə İran hərbi rəhbərliyi,dəfələrlə, bəyan etdi ki, Hizbullah, HƏMAS və Husilər arasında əlaqələndirici rol oynayırlar. Bu təşkilatların rəhbləri ilə İranın həbi siyasi, xarici rəhbərliyi arasında, dəfələrlə, açıqlamalar olub. HƏMAS-ın keçmiş rəhbəri İsmail Haniyə müharibədən dərhal sonra İrana səfər edib, ölkənin Ali rəhbəri Xamneyi ilə görüşüb. Pezeşkianın bu istiqamətdə pozucu tərəf olmaq istəmədikləri ilə bağlı açıqlaması saxtadır. Məsud Pezeşkian ona olan etimadı bu saxta bəyanatı ilə korlayır”.

S.Soltan vurğulayıb ki, İranla İsrail arasında birbaşa müharibənin başlaması indiki məqamda tezdir:

“Hizbullah və Husilər İrana bağlıdırsa, deməli, onların İsrailə hücumları da İran tərəfdən dəstəklənir. Hizbullahın İsrailə atdığı raketlər, dronlar İran istehsalıdır. HƏMAS-ın bütün xərcləri, hərbi texniki vasitəri İran vasitəsilə ora ötürülüb. İranın İsrailə cavabının vaxtını gözləmək, fikrimcə, əbəsdir. İran Hizbullah və Husilər vasitəsilə İsrailə cavab verib. Livanın ötən gün İsraili vurmasını da İranın cavabı kimi dəyərləndirmək olar. İranla İsrail arasında açıq hava hücumu ilə müharibəni gözləmək məncə indiki şəraitdə tezdir. Bu müharibə olmaya da bilər. Çünki əvvəlcədən İrana xəbərdarlıq edilib ki, İsrailə qarşı əməliyyatı özü açıq şəkildə həyata keçirərsə, ərazisindəki hərbi vəenerji obyektlərinə zərbələr endiriləcək. Bu isə İran iqtisadiyyatınakülli miqdarda ziyan vurmaq deməkdir. Ona görə də Tehran hakimiyyəti belə addımlar atmaqdan çəkindi. Rəhbərlik davamlı surətdə sadəcə cavab verəcəklərinin bildirirlər. İranın İsrailə qarşı açıq, birbaşa hücumunu isə qissas tələsi adlandırırlar. İranın belə hərbi əməliyyata başlaması onun üçün ciddi fəsadlarla nəticələnə bilər. Odur ki, Tehran hakimiyyətinin belə bir addım atması tələyə düşməsi deməkdir. Onun tələyə düşməsi ehtimalı isə hələlik azdır”.

“İran müharibələri ərazisindən kənarda saxlamağa çalışır”

Güney azərbaycanlı fəal, beynəlxalq münasibətlər üzrə doktorant Məhsa Mehdili isə İranın həmişə müharibələri ərazisindən kənarda saxlamağa çalışdığını söyləyib:

“İran ABŞ və İsraillə bağlı savaşlarını hər zaman öz sərhədlərindən kənarında saxlamağa və fərqli proksi qüvvələrlə onlara qarşı müharibə etməyə çalışıb. Bəzən isə İsrailin hücumları nəticəsində müharibə İranın içinə çəkilib”.

M.Mehdili İranın xarici siyasətinin Pezeşkiandan asılı omadığını deyib:

“Bunu da unutmayaq ki, Tehran rejimi Pezeşkianı həm daxildə, həm də xaricdə yumşaq üz kimi göstərməyə çalışır. Məsələni bu nöqteyi-nəzərdən analiz etsək, həqiqətə daha uyğun olacaq. Tehran rejiminin son iki ildə başlatdığı edamlar, etiraz aksiyalarına qarşı basqılarını şiddətləndirməsi onun beynəlxalq aləmdə sərt göstərməsini şərtləndirdi. Pezeşkian bu baxımdan İranın imicinin düzəltmək üçün istifadə edilən kartdır. Bunu unutmayaq ki, Pezeşkian nə qədər mülayim olsa da, xarici siyasəti müəyyənləşdirmək də ana faktor deyil. Xarici siyasəti əsas müəyyənləşdirən dini lider Xamneyidir. O nə deyərsə, Pezeşkian onları yerinə yetirməlidir. Pezeşkianın istifadə etdiyi ritorika İran rejiminin bu dönəmdə daha da işinə gəlir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir