COP29-da iştirak üçün tərəflərə veriləcək viza ödənişsiz olacaq | DEFAKTO.AZ COP29-da iştirak üçün tərəflərə veriləcək viza ödənişsiz olacaq – DEFAKTO.AZ

COP29-da iştirak üçün tərəflərə veriləcək viza ödənişsiz olacaq

76

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün qeydiyyatdan keçmiş bütün tərəflərə ödənişsiz elektron “COP29 xüsusi viza” xidmətləri təqdim edəcək.

“DEFAKTO.az” xəbər verir ki, Azərbaycana xarici ölkələrdən səfər edən bütün COP29 iştirakçıları üçün (pasportun hansı ölkə tərəfindən verilməsindən asılı olmayaraq) viza tələb olunur. COP29 xüsusi vizası birdəfəlik giriş vizası olacaq. Əgər iştirakçı Azərbaycanı tərk etmək və COP29-un keçirildiyi müddətdə yenidən Azərbaycana geri qayıtmaq istəsə, o zaman Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) qeydiyyat nömrəsindən istifadə edərək və daha əvvəl keçdiyi prosesi təkrarlayaraq, COP29 xüsusi vizası üçün yenidən müraciət etməli olacaq.

COP29 və sessiya öncəsi görüşlər üçün Azərbaycan ərazisinə səfər edən bütün xarici iştirakçıların pasportlarının etibarlılıq müddəti Azərbaycana daxil olduqları tarixdən ən azı altı ay sonrakı müddət üçün etibarlı olmalıdır. Bundan əlavə, iştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra onlara UNFCCC qeydiyyatını təsdiqləyən e-poçt vasitəsilə viza üçün müraciət linki göndəriləcək. COP29 xüsusi vizasında vizanın verilmə tarixi qeyd ediləcək və bu viza cari ilin noyabrın 30-dək etibarlı olacaq. Viza sahibləri Azərbaycana bu tarixdən əvvəl daxil olmalıdırlar.

Xatırladaq ki, Azərbaycan qeydiyyatdan keçən iştirakçıların ölkəyə rahat girişini təmin etmək məqsədilə COP29 viza müraciət sistemini yaxın zamanda təqdim edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir