Tanınmış jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışını təqdim edib.
Ənənəvi podkastın qonağı pediatr, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD) neonatal reanimasiya şöbəsinin müdiri, neonatoloq Regina Nemətova olub. Söhbətdə hepatoloq Zaur Orucov və tibbi marketoloq Cəmilə Baydəmir də iştirak edib.
Budəfəki verilişdə OMD-də kimlərin müalicə aldığını, daha çox hansı diaqnozla xəstəxanaya müraciət edildiyi, son ildə xəstəliklərin hansı yöndə dəyişdiyi, koronovirusun uşaq xəstəliklərinə təsiri, autizm, rozeola, göy öskürək və qulaqdibi kimi xəstəliklərdən, eləcə də səhv diaqnozlardan danışılıb, getdikcə daha çox uşaqların görmə və piylənmə kimi problemlərlə üzləşdiyi bildirilib, çıxış yolları göstərilib, qrip peyvəndi və ənənəvi tibb müzakirə olunub.
Sonda valideynlərə iyunun 1-də baş tutacaq çox vacib bir hadisə barədə anons edilib. Bildirilib ki, həkimlərlə Ümumdünya Uşaqların Müdafiəsi Gününə həsr olunmuş görüş olacaq. Tədbirdə doktor Regina Nemətova, doktor Zaur Orucovla yanaşı, endokrinoloq-dietoloq, uşaq piylənməsi üzrə mütəxəssis doktor Nərminə Məmmədova və 10 ildən artıq təcrübəsi olan infeksionist mütəxəssis doktor Polina Əliyeva da iştirak edəcəklər. Pediatriya, yoluxucu xəstəliklər, endokrin xəstəliklər, qidalanma və hepatologiya sahələrində aparıcı mütəxəssislər hər kəsə öz sahələrində dəyərli bilik və məsləhətlər verəcəklər.