“Samsung” şirkəti planşetləri üçün “Apple”ın mübahisəli “iPad” reklamını lağa qoyan reklam yayımlayıb.
DEFAKTO.az-ın məlumatına görə, video “Samsung” “X” sosial şəbəkə hesabında paylaşılıb.
“Galaxy Tab S9” planşetinin tanıtım videosu “Apple”ın ictimaiyyətin qınağına və şirkətin rəsmi üzr istəməsinə səbəb olan yeni “iPad Pro” reklamına cavab olub.
Qeyd edək ki, “Crush” adlanan sözügedən reklamda hidravlik presin musiqi alətləri, boya, kamera obyektivləri, kitablar, film personajları, heykəlləri əzməsi əks olunub və bütün bunları “iPad Pro”nun əvəz edəcəyi bildirilib.
“Samsung”un cavab videosunda gənc qızın bənzər yerdə məhv edilmiş əşyaların yanından keçərək zədələnmiş gitara tapması və onda ifa etməsi əks olunub. O, “Galaxy Tab S9”dan not dəftəri kimi istifadə edir və ekranda “Yaradıcılığı əzmək olmaz” mətni fonunda gitara çalır.
“Apple” şirkəti hələ ki, “Samsung”un reklamına münasibət bildirməyib.