Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı hansı tələbləri əlavə edib? – VİDEO | DEFAKTO.AZ Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı hansı tələbləri əlavə edib? – VİDEO – DEFAKTO.AZ

Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı hansı tələbləri əlavə edib? – VİDEO

61




Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Azərbaycanlıların Qərbi Azərbaycana böyük qayıdışına İrəvanda hazırlıq gedir” adlı süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 1-də Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” adlı VI Ümumdünya Forumunda çıxışı zamanı bildirdiyi “Ermənistanla sülh danışıqları Azərbaycanın hazırladığı sənəd əsasında aparılır” fikrinə yer verilib.

Bildirilib ki, söhbət rəsmi Bakının 44 günlük müharibədən sonra İrəvana təqdim etdiyi beş bənddən ibarət olan sənəddən gedir.

Qeyd olunub ki, Ermənistanda yaşanan qarşıdurma fonunda Qərbi Azərbaycan məsələsinin daxili siyasətdə əsas mövzuya çevrildiyi bəllidir. Bölgədə baş verənlər, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirilən görüşündə Bakı-İrəvan xəttində danışıqların yeni raundunun başlanması və gözləntilər fonunda Qərbi Azərbaycan məsələsinin önə çıxdığı reallığı da diqqətdən yayınmır.

Süjetdə sülh danışıqları ilə bağlı erməni saytlarında yayımlanan məqalələrdə diqqətçəkən iddialara da yer verilib:

“Nazirlər Almatıda görüşərkən, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada bəyan etdi ki, “Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir”. Ermənistan tərəfi bu barədə heç bir açıqlama vermədi. Əslində, Əliyev xarici işlər nazirini Almatıya göndərməklə açıq şəkildə nümayiş etdirdi ki, “danışıqlar” termini adlandırılan təmaslar birtərəfli prosesdir. Əliyev burada danışan, Paşinyan isə dinləyən və icra edən tərəfdir. Bu o deməkdir ki, Əliyevin tələbi ilə 300 mindən çox azərbaycanlı Qərbi Azərbaycana qaytarılacaq. Artıq Bakıda Qərbi Azərbaycanla bağlı konkret işlər həyata keçirilir. İcma və onun informasiya resursları fəaliyyət göstərir, ictimai sorğular keçirilir və sairə. Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların ilk məskunlaşma bölgəsinin əsasən Ararat (Ağrı) vadisi (İrəvan düzənliyi) və Sevan sahil zonası (Göyçə gölünün sahilləri) olacağı haqqında fikirlər var. Yəni Əliyevin tələbi ilə həyata keçirilən delimitasiya-demarkasiyasından sonra Ermənistan rəhbərliyinin əsas vəzifəsi 300 min azərbaycanlı qaçqının qaytarılması olacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması gündəmdədir”.

Sonda vurğulanıb ki, azərbaycanlıların Qərbi Azərbaycana böyük qayıdışına təkcə Bakıda yox, İrəvanda da hazırlıq gedir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində: