Elşad Mirbəşiroğlu: “Başqa dövlətlərə dərs keçməyə çalışan Fransa orta əsrlər təfəkküründə qalıb” | DEFAKTO.AZ Elşad Mirbəşiroğlu: “Başqa dövlətlərə dərs keçməyə çalışan Fransa orta əsrlər təfəkküründə qalıb” – DEFAKTO.AZ

Elşad Mirbəşiroğlu: “Başqa dövlətlərə dərs keçməyə çalışan Fransa orta əsrlər təfəkküründə qalıb”

13




“Bu baş verənlər növbəti dəfə Fransanın irticaçı dövlət mahiyyətini ortaya qoyur. Başqa dövlətlərə hansısa dəyərlərlə bağlı dərs keçməyə çalışan Fransa özü orta əsrlər təfəkküründə qalıb”

Bunu DEFAKTO.az-a açıqlamasında politoloq, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Yeni Kaledoniyada baş verən iğtişaşlara cavab olaraq, Fransa Hökumətinin ordunu adaya daxil etməsini şərh edərkən deyib.

Qeyd edək ki, bunun nəticəsində artıq 10-a yaxın qurban və 200-ə yaxın yaralı var.

Görəsən ordunun Kaledoniyaya göndərilməsi kimi kimdən qorumağa hesablanıb? Bu hücum nüvə silahına malik, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) üzvü Fransanı, silahsız və əliyalın kanaklardan qorumaq üçün təşkil olunub?

E.Mirbəşiroğlu bildirib ki, Fransa heç bir halda neokolonializm (Neomüstəmləkəçilik) siyasətindən əl çəkmir:

“Onlar Yeni Kaledoniyanı öz nəzarətində saxlamaqda israr edirlər. Lakin Yeni Kaledoniyada baş verənlər göstərir ki, onların Fransa əsarətinə sonsuzadək dözmək niyyətləri yoxdur. Etiraz aksiyaları artıq sistemli və davamlı hal alıb. Yeni Kaledoniya ilə bağlı təhlükəsizlik komissiyasının iclası zamanı Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyada fövqəladə vəziyyətin tətbiq edilməsini təklif etmişdi. Gözlənilirdi ki, bu ərazidə daha genişmiqyaslı güc tətbiq ediləcək. Bu baxımdan ordunun adaya göndərilməsi Fransanın Yeni Kaledoniyada əhaliyə qarşı daha sərt davranacağının nümunəsidir. Yeni Kaledoniyada artıq ölənlər və həbs edilənlər var. Bütün bunlar Fransanın əsl niyyətini ortaya qoyur. 

Bundan başqa ayrı-ayrı ölkələrin, xalqların resurslarından öz maraqları üçün istifadə etmək ənənəsi Qərbdə, xüsusilə də Fransa tarixində qırmızı xətlə keçir. Fransanın bu gün də bu ənənədən əl çəkməməsi, o imkanlardan məhrum ola bilmə təhlükəsi onu sərt davranışlara vadar edir. Hesab edirəm ki, bu, neokolonializm erasının sonunun göstəricidir. Fransanın bütün cəhdlərinə baxmayaraq Yeni Kaledoniyadakılar öz haqq səslərini ucaltmaqda davam edəcəklər. Azərbaycan da neokolonializmə qarşı mübarizə aparan cəbhənin yanında yer alıb. Bu da Azərbaycanın humanist yanaşmasının, dünyada ədalətin bərpa olunmasının tərəfdarı olduğunun növbəti göstəricisidir. Ayrıca Bakının bu istiqamətdə bir platforma rolunda çıxış etməsi onu göstərir ki, dünyanın çox azsaylı ölkələrindən biri olmaqla, dünya xalqlarının taleyinə biganə qalmır. Onların müstəqil, sərbəst inkişafına öz dəstəyini nümayiş etdirir. Fransa isə öz addımları ilə növbəti dəfə sübut etdi ki, onlar insanlıq və bəşəriyyət üçün təhlükəli olan təcrübələrini davam etdirmək istəyindədirlər”.

Könül Cəfərli