Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
DEFAKTO.az FHN-ə istinadən xəbər verir ki, keçirilən nəzarət tədbirləri çərçivəsində “Şans Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəmkir şəhərində yerləşən filialında ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş xüsusi icazənin qüvvədə olma müddətinin bitdiyi və klinikada 2023-cü ildə aparılmış yoxlama zamanı radiasiya təhlükəsizliyi üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.
Qeyd olunanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, agentlik tərəfindən “Şans Tibb Mərkəzi” MMC-nin Şəmkir şəhərində yerləşən filialında rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.