Mübariz Aslanov yazır…
Müharibə Ukraynanın bir sıra vilayətləri ilə yanaşı, Nikolayevi də qəfil yaxalamışdı. Şəhər Qara dənizdən və qonşu Xerson vilayətini işğal etmiş Rusiya ordusunun mövqelərindən saatbaşı artilleriya atəşinə tutulurdu.
Aprelin əvvəliydi, müharibənin başlamasından bir aydan çox vaxt keçmişdi. Odessadan keçib, birtəhər Nikolayevə çatdım. Kiyevdən gələn qısa yol çox təhlükəli idi… Bu, müharibə dövründə Nikolayevə ilk gəlişim idi.
Odessadan Nikolayevə təxminən 100 kilometrlik yolda Ukrayna ordusunun 10-a qədər blok-postu var idi. Həmin gün yaz havası və Qara dənizin yumşaq mehi müharibə havasına, artilleriya gurultusuna sanki meydan oxuyurdu. Günlərdir davam edən gərginliyin ardınca əhvalım da yaxşı idi. Bir könüllünün maşınında yol yoldaşı idim. İlk postda saxlayan kimi, əlindəki avtomatı hazır vəziyyətdə saxlayan əsgər maşına mən tərəfdən yaxınlaşdı. Müharibə qaydalarına görə ya buraxılış vərəqəsini, ya da müvafiq fəaliyyətə aid hərbi akkreditasiya kartımı göstərməli idim. Yalnız xüsusi adamlar parolla keçə bilirdi. Mənə yaxınlaşan əsgərin ilk “Hardansınız?” sualına, yayxandığım oturacaqdan yüngülcə qalxıb, “Günəşli şəhərdən” (Bakını nəzərdə tuturdum) demişdim ki, əsgər duruxdu. Geri qayıdıb, yoldaşı ilə bir neçə saniyəlik danışığından sonra, “çıxın maşından, əllərinizi maşına söykəyin!” bağıraraq, üstümüzə gəldi. Təbii ki, dediyini dərhal etdik. Əks halda, onun dərhal güllələmək ixtiyarı vardı. Yoxladılar, bildilər ki, mən akkreditasiyalı jurnalist, yanımdakı isə yardım daşıyan könüllüdür. Heyrətlə məndən soruşdu:
– Siz bizim daxili parolu haradan bilirsiniz bəs?!
Sən demə, həmin saatın parolu “Günəşli şəhər” imiş… Çətinliklə inandıra bildim ki, Bakını nəzərdə tutub elə demişəm, parollarından xəbərim yoxdur…
Buraxdılar. Yol boyu “bu nə arzuolunmaz təsadüf idi?” – deyə, özümü məzəmmət edirdim…
Nikolayevə çatanda könüllü məni Turan adlı həmyerlimə təhvil verib, getdi. Artilleriya gurultuları qulaq batırırdı. Ukraynanın cənubunda müharibəyə qədər ən gur şəhərlərdən olan Nikolayevdə sanki həyat sönmüşdü. Dükan, bazar və digər iaşə obyektləri bağlanmış, çoxu da dağılmışdı. Şəhərin əksər küçələri boş idi, əhalinin yarıdan çoxu evlərini tərk etmişdi. Həmyerlilərimin tapdığı kiçik və hava zərbələrinin dalğasından pəncərələri tökülmüş, taxta ilə qapadılmış bir moteldə yerləşdim. Motelin cəmi üç sakini vardı – mən və İtaliyadan olan iki jurnalist.
Səhəri gün şəhərin 10 kilometrliyində olan ön cəbhədə ukraynalıların işğaldan azad etdiyi kəndlərə getmək üçün hərbçiləri gözləyirdim. Onların gecikməsindən istifadə edib, 200-300 metr aralıda küçədə yeşiyin üstündə meyvə satan qadına yaxınlaşdım. Nəinki bu küçədə, bəlkə də bu rayonda qida məhsulu satılan yeganə məkan idi bura. Atəş altında olan şəhərdə heç bir obyekt işləmədiyi üçün ərzağı burada qalanlara yardımla çatdırırdılar.
75-80 yaşlı qadın, qarşısında günlər əvvəldən qalan bir neçə banan, mandarin, portağal və sair qoyub satırdı. Söhbətimizdən bəlli oldu ki, bir özüdür, bir 50 yaşlı qızı, bir də gənc nəvəsi. Nəvəsi hazırda döyüşür, qızının yaşadığı Xerson şəhəri işğal olunduğu üçün əlaqə kəsilib. Özü də dağılmış bazardan bir həftə əvvəl yığdığı meyvəni burada satır. Adı Nadejdadır. Deyir, müştəriləri ya hərbçilərdir, ya da bura gələn jurnalistlər. Seçib bir neçə mandarin aldım, axşam qayıdanda yeməyə nəsə olsun. Aparıb qaldığım otağa qoyub, yollandım ön xəttə…
Axşam hesabladığımdan bir az tez qayıtdıq. Özüm də tələsirdim ki, çatıb materialları hazırlayıb, qaldığım yerin interneti ilə göndərim. Yolda maşında olan hərbçilərdən birinin xahişi ilə 5 dəqiqəlik şəhərin girişində yaşayan nənəsinə baş çəkməyimizə belə hövsələ edə bilmirdim. Amma bu 5 dəqiqə böyük rol oynadı. Qaldığım motelə çatmağımıza az qalmışdı ki, dəhşətli və silsilə gurultu qopdu. Hərbçi sürücü maşını gurultunun dalğasından güclə yayındırıb, yol kənarındakı hasarın dibinə çəkdi. Maşından tökülüb, yerə uzandıq. Gurultu, ardınca fasiləsiz həyəcan siqnalı təxminən 10-15 dəqiqə çəkdi. Buradan mənim qaldığım yerə bir kilometrdən də az qalırdı. Yuri adlı hərbçi dedi ki, səsindən kasetli bombalara oxşadı və daha çox da elə mənim qaldığım əraziyə düşüb. Tez maşına doluşub, məni qaldığım yerə çatdırdılar. Səhər mandarin aldığım qadının “obyektinin” yanından keçəndə gözlərimizə inanmadıq. Başdan-ayağa kasetli bombalarla vurulan küçə tamamilə dağılıb, təxminən 3 nəfərin meyiti görünürdü. Ona görə təxmini ki, meyitlər parçalanmış idi, saymaq olmurdu. Şok effekti ilə dağılmış küçə ilə irəliləyəndə dəhşətdən sarsıldım… Nadejdanın üzülmüş başını gördüm. Meyvə qırıqları ilə birlikdə… Birtəhər qaldığım yerə çatıb otağa girəndə səhər masanın üzərinə qoyduğum mandarinləri görən kimi, qeyri-iradi qusdum… İndi də hər dəfə qarşıma mandarin çıxanda o mənzərəni xatırlayıram…
Aradan bir il keçdi. Ukrayna ordusu, artıq 5 ay idi Xerson şəhərini Dnepr çayına qədər geri qaytarmışdı. Martın 8-də Xersona gəlmişdim. Nikolayev polisində işləyən bir həmyerlimin xahişi ilə Xerson polisindən Aleksandr adlı bir əməkdaş məni Dneprin sağ sahilində, 400-500 metrlik eni olan çayın o biri tərəfində qərar tutmuş Rusiya ordusu ilə üzbəüz olan Antonovka qəsəbəsinə müşayiət edirdi. Bu qəsəbədə əksər evlər üzbəüz sahillərdən qarşılıqlı tank və top atəşləri ilə dağıdılmışdı. Çox az sakin qalmışdı. Özümlə bir qədər gül də alıb götürmüşdüm ki, burada qalan qadınların 8 mart bayramını təbrik edim. Cəmi bir evdə adam tapdım. Daha doğrusu, yanaşı qonşular bir həyətə yığılmışdılar. Darvazanı qadınlar açdı. Dedilər ki, böyük bir küçədə ancaq onlar və ərləri qalıblar. Getmək də istəmirlər. Söhbətləşdiyimiz qadınlardan biri, Svetlana danışdıqca məlum oldu ki, ötən il Nikolayevdə ölümünə şahid olduğum, mandarin satan nənənin qızıdır. Özü ailəsinin başına gələnləri tarixi ilə izah edəndə, onun anasının ölümünə şahid olduğunu bildirdim… Deyir, onun bədəninin yalnız bir hissəsini qonşular yığıb basdırıb o vaxt… Yalnız Xerson şəhəri azad olandan sonra anasının məzarını ziyarət edə bilib.
Geri qayıdanda yol boyu bu lənətə gəlmiş təsadüflərin daha bu şəkildə davam etməməsi üçün dua edirdim…
Müharibə ilə sülh dövrünün digər bir fərqi də odur ki, sülh vaxtı arzuladıqlarını müharibədə kabus kimi lənətləyirsən, görmək istəmirsən. Təsadüflər kimi…