Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.
DEFAKTO.az Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, turnir mayın 22-də start götürəcək və mayın 26-dək davam edəcək. Azərbaycan komandasının tərkibində fərdi birincilikdə Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova çıxış edəcək.
Milli komandamız qitə çempionatında həm də qrup hərəkətləri komandasının tərkibində iştirak edəcək. Komandamızı Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokina təmsil edəcək. Yeniyetmələrin yarışında Azərbaycan gimnastları Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı çıxış edəcəklər.
Qeyd edək ki, Avropa çempionatı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Turnirdə ümumilikdə 302 idmançı çıxış edəcək.