Gömrük Komitəsində keçirilən əməliyyat işi- Həbs edilənlər vəzifəli şəxslərin qohumlarıdır- MƏHKƏMƏ | DEFAKTO.AZ Gömrük Komitəsində keçirilən əməliyyat işi- Həbs edilənlər vəzifəli şəxslərin qohumlarıdır- MƏHKƏMƏ – DEFAKTO.AZ

Gömrük Komitəsində keçirilən əməliyyat işi- Həbs edilənlər vəzifəli şəxslərin qohumlarıdır- MƏHKƏMƏ

58

Dövlət Gömrük Komitəsində keçirilən əməliyyat zamanı həbs edilən şəxslər hakim qarşısına çıxarılıb.

Elmar Mirzəyev, Sadiq İsgəndərov, Rəfail Əzizov, Azər Baxşıyev, Emin Xəlilov, Orxan Zöhrabov, Mirağa Ağayev və Ceyhun Şabanovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra vəkillər vəsatətlərlə çıxış ediblər.

Təqsirləndirilən Ceyhun Şabanovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs cinayət məsuliyyətindən azad edilməlidir.

Vəkil qeyd edib ki, Ceyhun Şabanov heç kimdən rüşvət istəməyib: “Əməliyyatdan əvvəl şikayətçi kimi göstərilən şəxs özü Ceyhun Şabanovdan təkrar-təkrar nə qədər rüşvət verməli olduğunu soruşur. Ceyhun Şabanov isə ondan ancaq gömrük rəsmiləşdirməsi üçün nəzərdə tutulan məbləği istəyir. Onun əməlində heç bir cinayət tərkibi yoxdur”.

Ceyhun Şabanovun vəkili ikinci vəsatət kimi müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib.

Mirağa Ağayevin vəkili də məhkəməyə vəsatətlər təqdim edib.

Vəkil deyib ki, Mirağa Ağayevin cinayət işi əlaqəsi olmadığı, təqsiri sübuta yetirilmədiyi üçün barəsindəki cinayət işinə xitam verilməlidir.

Digər təqsirləndirilən şəxslərin vəkilləri də vəsatət verərək, müdafiə etdikləri şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini istəyiblər.

Vəkillər arasında məhkəmə baxışına xitam verilməsi və işin təkrar araşdırılması üçün istintaq orqanına qaytarılması barədə vəsatət verənlər də olub. Onlar ibtidai istintaq zamanı çoxsaylı pozuntulara yol verildiyini bildiriblər.

“Bu formada işə baxıla bilməz”,- deyə vəkillər Bəylər Məmişov və Aqil Lahıcov etirazlarında bildiriblər.

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən vəsatətlərin heç biri təmin edilməyib və məhkəmə baxışı sentyabrın 6-na təyin edilib.

Rəsmi məlumata görə, Dövlət Gömrük Komitəsində gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmədə məlum olub ki, rəsmi məlumatda Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazovun adı olsa da adı bu iş üzrə təqsirləndirilən şəxs deyil.

Qeyd edək ki, həbs edilənlərdən Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkənidir.

Emin Xəlilovun isə Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, general-mayor Təmkin Xəlilovun qardaşı oğlu olduğu bildirilir.

Həbs edilən Azər Baxşıyev Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir