Minimum aylıq və yaxud saatlıq əməkhaqqı sistemi: Maaşlar artacaqmı? – FOTO | DEFAKTO.AZ Minimum aylıq və yaxud saatlıq əməkhaqqı sistemi: Maaşlar artacaqmı? – FOTO – DEFAKTO.AZ

Minimum aylıq və yaxud saatlıq əməkhaqqı sistemi: Maaşlar artacaqmı? – FOTO

26




Pərviz Heydərov yazır…

Cari ilin dövlət büdcəsi uğurla, yəni artıqlaması ilə icra edildiyi fonda ilin ikinci yarısında maaşların artırılıb, artırılmayacağı sual altında olarkən, ölkədə bir yandan aylıq minimum əməkhaqqı sisteminin saatlıq üzrə əvəz ediləcəyi, digər yandan da aylıq minimum əməkhaqqının özünün artırılacağı deyilir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birinci ilə bağlı bu ilin iyul ayının 1-dək, ikinci ilə bağlı isə noyabrın 1-dək təkliflər hazırlayıb verəcək. 

Sual yaranır ki, nəticədə maaşlar artacaqmı?

Bəllidir ki, minimum əməkhaqqı – iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə verilən aylıq ən aşağı əməkhaqqı məbləğidir. Və onun dəyişdirilməsi həm dövlət, həm də özəl sektorda çalışanların maaşlarına təsir edir. 
Belə ki, birincisi, ölkə üzrə heç bir işəgötürən bundan aşağı maaş verə bilməz, ikincisi isə onun əsasında dövlət sektorunda, yəni büdcədən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları müəyyən edilir. 

Söhbət, maaşları 19 pilləli vahid tarif cədvəli (VTC) ilə tənzimlənən təqribən 700 min nəfərdən çox işçidən gedir.

Minimum əməkhaqqının aylıq mexanizmdən saatlığa keçirilməsi məsələsinə dair əvvəla qeyd edim ki, ölkədə minimal maaş göstəricinə aid mövcud mexanizmin işlək xüsusiyyəti və təsiri əslində indikindən daha çox əhəmiyyət təşkil etməli, ondan heç bir sosial ayırma və vergi tutulmamalı, ümumiyyətlə minimum maaşın ölkədə əsas iqtisadi və sosial göstərici olaraq rolu birbaşa və həlledici xüsusiyyət kəsb etməlidir. 

Bundan ötrü isə qanunvericilyə dəyişikliklər etmək lazımdır. Minimum əməkhaqqı əgər ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı əməkhaqqı məbləği sayılırsa, sözügedən göstərici bunu həqiqətən tam mənada ehtiva etməlidir. Yəni, o, əslində, aylıq deyil, iş saatına görə ödənilsə yaxşıdır. Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi…

Yeri gəlmişkən, məsələn, Əmək Məcəlləsində qeyd olunub ki, ölkəmizdə gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan, normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 

Lakin işçi bəzi hallarda müəyyən səbəblər üzündən bundan az və yaxud çox saat da işləyə bilir… Bu zaman, minimum əməkhaqqının saata görə deyil, standart ay üzrə ödənilməsi heç də ədalətli sayıla bilməz. Bu baxımdan da, iş saatına görə ödəniş həm işçi, həm də işəgötürən üçün daha mükəmməl mexanizm sayılır.

Odur ki, ölkəmizdə də saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi zəruri görünür. Ancaq bunun nəticəsində büdcə sektorunda çalışanların maaşlarının əvvəlkindən daha çox artacağını gözləməyə dəyməz. Başqa sözlə, minimum əməkhaqqının aylıq deyil, saatlıq iş rejimi əsasında tətbiqi büdcə sistemində çalışanların maaşlarına indiyədək olduğundan artıq təsir etməyəcək və edə də bilməz.

Minimum əməkhaqqının özünün artırılması məsələsinə isə gəldikdə, bəli, girişdə qeyd etdiyim kimi, cari ilin birinci rübü ərzində dövlət büdcəsinin icrası nəticələri nöqteyi-nəzərindən buna ilin ikinci yarısında imkan var. Təkrar qeyd edirəm ki, məlumatlara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi noyabrın 1-dək bu barədə təkliflərini verəcək. 

Son 5 ildə sözügedən göstərici 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. 2019-cu ildə iki dəfə artırılsa da, sonuncu dəfə ötən il, yəni 2023-cü ildə yüksəldilib. Nəticədə də əhalinin gəlirləri qeyd olunan illər ərzində əvvəlki illərə nisbətən, daha çox və sürətlə artıb.

Ümumiyyətlə, minimum əməkhaqqının artırıldığı illər sırasında 2019-cu il xüsusi ilə seçilib. Həmin ilin mart və sentyabr aylarında 2 sosial paket icra edilməklə minimum əmək haqqı 130 manatdan 250 manata qaldırıldı. Və sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə müəyyən edilən yaşayış minimumu göstəricisini keçdi. 

Hərçənd, neçə illər idi hökumət buna çalışırdı. Amma artıq, beş ildir ki, minimum əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksək olmaqla böyük məna kəsb edir. 

Lakin…. 

Sözügedən göstərici ilə bağlı yenə hər şey tələb olunan vəziyyətdə deyil. Yəni, onun həddi ilə yanaşı, əhəmiyyəti, rolu bir daha artırılmalıdır.

Qeyd olunan göstərici 1 yanvar 2023-cü il tarixdən 15% deyil, daha çox, yəni 20-25% də artırıla bilərdi. Çünki, ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqını orta aylıq əməkhaqqı səviyyəsinin 60% hissəsinə çatdırmağı öhdəlik götürüb.

Bu səbəbdən də 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilə qədər sözügedən məsələ əsas hədəf olaraq seçilmişdi. 

Ancaq iş ondadır ki, bu məsələdə düşünülməmiş addım atmaq da olmaz. Minimum əməkhaqqının əsassız olaraq artımı ilk növbədə dövlət sektorunda çalışan 700 min nəfərdən çox işçinin aylıq tarif (vəzifə) maaşlarını inflyasiyanın yeminə çevirə bilər.