Azərbaycanın xarici siyasətinin uzaqlardan gələn əks-sədası: Üçrəngli bayrağımızla sevgi nümayişi | DEFAKTO.AZ Azərbaycanın xarici siyasətinin uzaqlardan gələn əks-sədası: Üçrəngli bayrağımızla sevgi nümayişi – DEFAKTO.AZ

Azərbaycanın xarici siyasətinin uzaqlardan gələn əks-sədası: Üçrəngli bayrağımızla sevgi nümayişi

10




Azərbaycanın xarici siyasətdə qazandığı uğurların təməlində ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyi, rəsmi Bakının beynəlxalq ictimaiyyətin qanunvericiliklə dəstəklənən dəyərlərinə bağlılığı və heç şübhəsiz ölkə rəhbərinin bir lider olaraq nümayiş etdirdiyi qətiyyət, iradə və əzm dayanır.

Xüsusən ölkəmizin ən müasir tarixi artıq Azərbaycanın xarici siyasət kursunun regional sərhədlərdən çox uzaqlarda qəbul edilməsi, dəstək görməsi, nüfuz dairələrinin genişlənməsi ilə xarakterizə olunur.

Regional məsələlərdə söz sahibi olması, qüdrətli dövlət imici, işğal məsələsinin həlli Azərbaycanın xarici siyasətində çoxşaxəli fəaliyyətin bir sıra mühüm çalarlarını diqqət mərkəzinə gətirir. 

Xüsusən dünya dövlətlərinin beynəlxalq hüququ yox sayması fonunda Azərbaycanın nümayiş etdirdiyi ədalətli mövqe bütün dünyada ədalətsizliyə düçar olanlar tərəfindən böyük dəstəklə qarşılandı. Elə Yeni Kaledoniya ictimaiyyəti və rəhbərliyi tərəfindən də Azərbaycanın ədalətli mövqeyi böyük rəğbətlə qarşılanır. Yeni Kaledoniya əhalisinin tapdalanan hüquqlarına Azərbaycanın göstərdiyi hörmət və diqqət birmənalı olaraq bu xalq tərəfindən qiymətləndirilir.

Dünya siyasətində ədalət carçısı olmaq, haqq uğrunda mübarizə aparmaq heç də hər dövlətə müyəssər olmur. Ancaq Azərbaycan bu yolda inamla addımlayır. Hansısa təbliğatı aparmaq, pafoslu çıxışlar etmək Qərbdə olduqca populyardır, ancaq yalnız həqiqi mübarizələr xalq tərəfindən sevgi və hörmətlə qarşılanır. Məsələn bu günlərdə diqqətçəkən bir məqamı vurğulamaq gərəkdir. Yeni Kaledoniyada nümayişlərdən birində zəhmətkeş xalqın hüquqları tapdalanan nümayəndələrindən biri sinəsində üçrəngli Azərbaycan bayrağı olan köynəklə görüntülənib. 

Bu Yeni Kaledoniya xalqının Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi ehtiram, ölkəmizə qarşı sevgi nümayişi, eyni zamanda dünyanın ikili standartların, haqsızlıqların az qala əsirinə çevrildiyi bir dövrdə rəsmi Bakı tərəfindən göstərilən iradə və əqidəyə təşəkkür mahiyyəti daşıyır.

Qeyd etdiyimiz kimi Qərbdə təbliğat xarakterli addımlarla süni sevgi, demokratiya mühiti illüziyası formalaşdırıb, nümayiş etdirməyi bacaranlar, bu işdə mahir olanlar çoxdur, ancaq hansısa əməlin xalqın sevgisində öz əksini tapması yalnız ədalətə söykənməsi halında mümkündür.

Odur ki, Yeni Kaledoniyada çəkilən kadrlar Azərbaycan dövlətinin xarici siyasətdəki ədalətli mövqeyinin təzahürüdür. Ölkəmizin hüdudlarından çox uzaqlarda Şanlı Bayrağımızı sinəsində daşıyaraq bizə sevgi nümayiş etdirənlərin olması Azərbaycanın qüdrətini göstərir, haqq səsinə qarşılıq verməsinin əks-sədasının çox-çox uzaqlardan gəldiyini sübut edir, bir daha düzgün yolla irəlilədiyimizi bizə xatırladır…

Orxan Tağıyev