“Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.
Bu barədə məlumat DEFAKTO.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Məlumatda qeyd olunub ki, bir nəfər (kişi cinsli) şəxsin həkiməqədər ölüm halı qeydə alınıb.
“15.05.2024-cü il tarixində saat 09:00-da Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfər (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlardan 1996-ci il təvəllüdlü şəxsə alt çənənin sıyrılmış yarası, 1988-ci il təvəllüdlü şəxsə hipotenziya, qarının küt travması, dəqiqləşməmiş qarın boşluğu orqanının travması, 1969-cu il təvəllüdlü şəxsə sol dizin cırılmış yarası, başın, sol alın və gicgah nahiyəsinin cırılmış yaraları, 1961-ci il təvəllüdlü şəxsə sağ dirsək nahiyəsinin və sol dizin küt travması diaqnozları təyin edilib.
Xəsarət alan şəxslərdən bir nəfərin vəziyyəti ağır, üç nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.
Bir nəfər (kişi cinsli) şəxsin həkiməqədər ölüm halı qeydə alınıb”, – deyə məlumatda bildirilib.
11:10
Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alanların sayı dördə çatıb.
“DEFAKTO.az”un Muğan bürosunun məlumatına görə, hazırda yaralılara rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir.
Qəza nəticəsində Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Xaləddin Səmədov ölüb.
Bundan başqa, rayon sakinləri, 1996-ci il təvəllüdlü İlham İlham oğlu Gözəlbəyli, 1988-ci il təvəllüdlü Şahin Mehman oğlu Talıbov, 1969-cu il təvəllüdlü Azər Xanlar oğlu Həsənov və 1961-ci il təvəllüdlü Zülfüqar Bəyan oğlu Nuruyev yaralanıb.
Ölən və yaralıların yol istismar idarəsinin əməkdaşları olduqları bildirilir.
10:28
Biləsuvarda baş verən qəzada yol istismar idarəsinin əməkdaşı ölüb.
DEFAKTO.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun, Biləsuvar rayonunun Ağayrı kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mercedes-Benz” markalı yük maşını Şahmar Mehtiyevin idarə etdiyi “Ford” markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan “Ford” markalı mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb. Mikroavtobusda olan iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
10:16
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“DEFAKTO.az”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova