“Şəhid bacısı kimi Şuşaya köç etmək tarixi hadisədir. Mənim nəinki tək qardaşım, yüzlərlə, minlərlə qardaşlarım bu torpaqlar uğrunda şəhid olublar”.
Bunu DEFAKTO.az-a açıqlamasında bu gün Şuşa şəhərinə qayıdan keçmiş məcburi köçkün Nəzakət Fazil qızı İsgəndərova deyib.
O qeyd edib ki, qardaşı Firdovsi Fazil oğlu Vəliyev Xocalı soyqırımı günü – 1992-ci il fevralın 26-da şəhidlik zirvəsinə ucalıb:
“Biz olmazın dəhşətləri, vəhşətləri yaşamış insanlarıq. Ən yaxınlarımızı, doğmalarımızı itirmişik, 30 il yurd həsrəti ilə qovrulmuşuq. Çox şükürlər olsun ki, bu günləri görməyə ömrümüz yetdi. Bu gün Şuşaya bir əlimdə sevinc, bir əlimdə kədər aparıram. Qardaşımın, yüzlərlə şəhidimin üz qoyduğu, qan tökdüyü torpaqlara qayıdıram. Bundan qürurlu heç nə ola bilməz. Allah bundan sonra balalarımıza müharibə göstərməsin. Qalan ömrümüzü firavanlıq, sülh, əmin-amanlıq içərisində öz doğma yurdumuzda ömür sürməyimizi nəsib eləsin.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınıb. Bu mərhələdə daha 38 ailə (136 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova