VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də “Molla Nəsrəddin – çətin günlərin dostu” filmi ilə bağlı mətbuat konfransı keçirilib.
DEFAKTO.az xəbər verir ki, mətbuat konfransında TÜRKSOY-un baş katibi Sultan Raev, filmin ssenari müəllifi və baş rejissoru, Xalq artisti Vaqif Mustafayev, prodüseri Zaur Darabzadə media nümayəndələrinin suallarını cavablandırıblar.
Qeyd edək ki, Z. Darabzadə CineMastercard (CinemaPlus) kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədridir.
Sultan Raev bildirib ki, Türk dünyasının ortaq folklor qəhrəmanı Molla Nəsrəddin haqqında bədii filmin çəkilməsi ilə bağlı qərar TÜRKSOY Daimi Şurasının 2023-cü ilin oktyabrında Şuşa şəhərində keçirilən 40-cı iclasında qəbul olunub.
TÜRKSOY Daimi Şurasının 2023-cü ilin oktyabrında Şuşa şəhərində keçirilən 40-cı iclasında alınan qərara əsasən, Türk dünyasının ortaq folklor qəhrəmanı Molla Nəsrəddin haqqında bədii film çəkilməsi qərara alınıb. Ekran əsəri təşkilata üzv ölkələrin mədəniyyət nazirlikləri və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gələcək.
Vaqif Mustafayev diqqətə çatdırıb ki, müştərək ekran əsərinin Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda lentə alınması nəzərdə tutulur: “Filmdə türkdilli dövlətlərin kinemotoqrafçıları bir araya gələcək. Ən böyük məsuliyyət budur ki, bütün səylərimizi ortaya qoyub tamaşaçıları sevindirə bilək”.
Zaur Darabzadə qeyd edib ki, filmin çəkilişlərinə bu ilin avqust ayında start veriləcək. 100 dəqiqəlik film qardaş türk respublikalarının hər birində çəkilməklə hissələrə bölünür. Baş rolda Türkiyənin tanınmış aktyorlarından birinin çəkilməsi nəzərdə tutulub. Filmin çəkilişlərinə 2024-cü ilin avqust ayından etibarən başlanılacaq və 2025-ci ildə ictimaiyyətə təqdim olunacaq.