Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” – MÜSAHİBƏ | DEFAKTO.AZ Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” – MÜSAHİBƏ – DEFAKTO.AZ

Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” – MÜSAHİBƏ

39




“Sabah AFFA hansı qərarı versə, aydın məsələdir ki, ona da tabe olacağıq”.

Bu sözləri “DEFAKTO.az”a müsahibəsi zamanı “Qəbələ” klubunun idman direktoru Səbuhi Səfiyarlı deyib.

O, komandanın cari mövsümdəki uğursuz çıxışından və qarşıdakı planlardan danışıb. Həmçinin bölgə təmsilçisinin I Liqaya düşəcəyi təqdirdə oynayıb-oynamayacağı və başqa məsələlər barədə sualları cavablandırıb.

– “Qəbələ”nin bu mövsümü uğursuz keçirməsinin əsas səbəbləri hansılardır?

– Belə baxanda hamı üçün gözlənilməz idi. Komanda Avropa Liqasında pis çıxış etməmişdi. Düzdür, həmin vaxt klubun içində olmasam da, kənardan oyunları izləyirdim. Bu dərəcədə pis olacağına və komandanın mövsümü turnir cədvəlinin sonunda bitirəcəyinə inanmırdım. Əslində, bir neçə səbəb var. “Qəbələ” heç vaxt bu vəziyyətə düşməmişdi deyə, indi bütün müzakirələrimiz komandanın durumu ilə bağlıdır. Hər kəsin də bu vəziyyətə görə öz fikri var. Bəzi səbəblər var ki, mətbuata çıxarmaq üçün deyil. Hamı gördü ki, oyunçuların səviyyəsi digər komandalarda çıxış edənlərlə müqayisədə zəif oldu. Bu da komandanı daha yüksək pillələrə çıxarmaq üçün kifayət etmədi.

– Xüsusən də böyük ümidlər bəslənilən legionerlər özlərini niyə doğrulda bilmədilər?

– Onların səviyyəsi kifayət etmədi. Başqa ciddi səbəb yoxdur. Hər halda, transferlər zamanı seleksiya işlərində bəzi yanlışlıqlara yol verilmişdi.

– Fasilədə yeni transferlər edilməməsi də komandanın oyununa təsir etdi?

– Mən kluba gələndə artıq gec idi, transfer pəncərəsinin bağlanmasına 5-6 gün qalmışdı. Transfer etməməyimizin bir neçə başqa səbəbi də var idi. Klesionun transferi də mən gələndə artıq həll olunmuşdu.

– Baş məşqçi Elmar Baxşıyevi Kaxaber Sxadadze ilə əvəzlədiniz. Gürcüstanlı mütəxəssis böyük ümidlərlə gətirilməsinə baxmayaraq, komandada hansısa dəyişikliyə nail olmadı. Onun işi barədə rəhbərliyin fikirləri necədir?

– Nəticələr, seçim özünü doğrultmadı deyə tənqidləri başa düşürəm. Biz də səbəbləri araşdırdıq. Yeni məşqçi Azərbaycan çempionatını tanımalı idi. Həm də futbolçular sanki taleləri ilə barışmışdılar. Onların psixoloji durumunu qaydaya sala biləcək məşqçi gətirilməli idi. Ona görə də seçimi Sxadadzenin üzərində saxladıq. Lakin bu da kifayət etmədi. Sxadadzenin işinə iradımız yoxdur. Onu dəvət edəndə də ümidimiz az idi. Çünki oyunçuların səviyyəsinə nəzər salsaq, bu vəziyyətdə nəsə etmək çox çətin idi. Düşündük ki, bəlkə nəyisə düzəldə bilərik. Alınmadı, çünki komanda taleyi ilə barışmışdı.

– Belə məqamda Elmar Baxşıyevi postunda saxlamaq olmazdı?

– O, qalsaydı və indi də belə vəziyyət alınsaydı, hamı deyəcəkdi ki, Elmar vaxtında getsəydi, komanda düzələrdi. Bu, riyaziyyat deyil ki, hamı nə olacağını əvvəlcədən hesablayıb bilsin. Elmar qalsaydı, o zaman başqa məsələlərə görə tənqid olunacaqdıq. Sonuncu yerdəsənsə, uduza-uduza gedirsənsə, nəsə reaksiya verməlisən. Üstəlik, baş məşqçi özü də getmək istəyirsə… Artıq gec idi. Hansısa dəyişikliklərə ümid qalmamışdı.

– Komanda Premyer Liqada qalacağı təqdirdə Kaxaber Sxadadze ilə müqavilə müddətini uzadıb, heyətdə hansısa dəyişikliklər edəcəksiniz?

– Bu vəziyyətdə Azərbaycan futbolu üçün ən faydalı qərar verilməsini istərdik. İndiki halda sonuncu pilləni tutmuşuq və növbəti mövsümdən I Liqada mübarizə aparmağa hazırlaşırıq. Planlarımız birtərəfli deyil, müəyyən cızma-qaralar edirik. Sabah AFFA hansı qərarı versə, aydın məsələdir ki, ona da tabe olacağıq. Lakin indiki halda I Liqaya düşmüş komanda sayılırıq. Hansısa güzəşt olacaqsa, bizə şans verdikləri üçün təşəkkür edəcəyik. Əks halda I Liqada mübarizə aparmağa razıyıq. İndiyə qədər çox hadisələr baş verib, hamısı da Azərbaycan futbolunun ziyanına olub. Artıq futbola fayda verəcək addımlar atmağın vaxtıdır. İndi Premyer Liqa haqqında düşünməyə hansısa əsasımız yoxdur.

– “Qəbələ” Premyer Liqadan düşərsə, meydanlar, infrastruktur, akademiyanın taleyi, həmçinin klubun büdcəsi necə olacaq?

– Çox yaxşı əvəzedici heyətimiz var. Yerli oyunçulardan bəziləri I Liqada qalıb oynamağa razıdırlar. Təbii ki, maaşı yüksək olan legionerləri yola salmağa çalışacağıq. Hətta komanda I Liqada oynayacağı təqdirdə, bəzilərinin müqaviləsi avtomatik qüvvədən düşəcək. Baş məşqçi məsələsini isə hələ müzakirə etməmişik. Çünki indiki halda onunla I Liqa ilə bağlı müzakirələr aparmaq istəmirik. Özü də qeyd etmişdi ki, bu vəziyyətə düşmək imicinə zərbədir. Həm də I Liqada işlərimizin necə davam edəcəyini özümüz də bilmirik. Heç büdcəmizin necə olacağı haqda fikrimiz yoxdur. Əsas narahatlığımız aşağı liqaya düşəcəyimiz təqdirdə infrastrukturun, akademiyanın taleyi ilə bağlıdır. I Liqa üçün ayrılan maliyyə infrastrukturumuzu saxlamağa kifayət etməyəcək. Yəqin ki, meydanların sayını azaldacağıq. Artıq 6 deyil, cəmi 2 təbii örtüklü meydan olacaq. Birində məşqlərimizi edib, digərində oyunlarımızı keçirəcəyik. Yaxud hansısa layihələr düşünəcəyik. İşimizi fərqli qurmağa çalışacağıq. Dəstəyə ehtiyacımız olacaq. Klubun fəaliyyətinin dayandırılmasından söhbət gedə bilməz. I Liqada oynayacağımız ilk mövsümdə yeganə məqsədimiz Premyer Liqaya qayıtmaq olacaq. Necə ki, “Şamaxı” mübarizə aparır. Aşağı dəstəyə düşən komandaların dağılması ənənəsinə son qoymaq lazımdır. Çünki dövlətin də dəstəyi var.

– Klublar Komitəsinin dünən baş tutan iclasında “Qəbələ” olaraq təkliflər etdiniz?

– Bu məsələlərdə ehtiyatlı davranırıq. Digərlərinin mövqeyini gözləyirik. Çünki artıq I Liqa komandası sayılırıq. Komanda sayının artmasını təklif etsək, deyəcəklər özlərinə görə edirlər. Dünən Klublar Komitəsinin iclası keçirildi. Lakin hər hansı təkliflər irəli sürmədik. Çempionatın inkişafında maraqlı tərəf olduğumuza görə təkliflərlə çıxış etməyimiz düz deyil.

– AFFA-nın yeni rəhbərliyindən gözləntiləriniz nədir? Nədən başlamaq lazımdır?

– Ümid edirik ki, dəyişikliklər olacaq. Bizdə olan məlumatlara görə, Azərbaycan futbolunda ciddi dəyişikliklər həyata keçirmək istəyirlər. Yəqin ki, İcraiyyə Komitəsinin iclasından sonra nələrin olacağını hiss edəcəyik. Ümidvaram ki, bunlar hamısı futbolumuzun xeyrinə olacaq. Çünki orada futbolun inkişafını istəyən insanlar çoxdur.